“Mənə hücumlar olsa bildiklərimi danışaram”

Əli Ömərov: “Acgözlər siyasətlə məşğul olanda xalqın sərvəti talanar”

“Hakimiyyətin başında dayananlar bilməlidir ki, demokratik islahatlara getmək lazımdır”

Azərbaycan Deportasiya Qurbanları Cəmiyyəti (ADQC) bir müddət aktiv fəaliyyət göstərsə də, son vaxtlar təşkilatdan heç bir səs-soraq yoxdur. Bəzi məlumatlara görə, bu, təşkilata qarşı təzyiqlərlə bağlıdır. Məsələyə aydınlıq gətirmək üçün ADQC-nin rəhbərliyində təmsil olunan sabiq baş prokuror Əli Ömərova müraciət etdik. Fürsətdən istifadə edib sabiq baş prokurora gündəmin aktual mövzuları ilə bağlı suallarımızı da ünvanladıq.  

Əvvəli ötən sayımızda

– AXC hakimiyyəti dövründə Heydər Əliyevi müdafiə etmisiniz, buna görə həmin vaxt sizə təzyiqlər edilibmi?
– Xeyr, həmin vaxt mənə heç bir təzyiq olmayıb. O vaxtkı hakimiyyət söz və fikir azadlığına görə insanları təqib etmirdi. Başa düşürdülər ki, bu insanların mövqeyidir. Mənim də mövqeyim belə olub, Heydər Əliyevi müdafiə etmişəm.

– Peşman deyilsiniz ki?
– Mən etdiyim hərəkətlər nə yaxşı nəticə verəndə qürur duymuşam, nə də pis nəticə verəndə peşman olmuşam. Yaxşı nəticə verəndə düşünmüşəm ki, bu mənim vətəndaşlıq borcum idi. Pis nəticə verəndə isə düşünürəm ki, özü yıxılan ağlamaz.
Təzyiqlərlə bağlı sual verdiniz. Onu da deyim ki, indi də mənə çıxışlarıma görə hələ ki, heç bir təzyiq göstərilməyib. Hesab edirəm ki, belə şey olmayacaq. Çünki mən heç kimi təhqir etmirəm, sözümü deyirəm.

– Rafiq Əliyev də heç kimi təhqir etməmişdi, sözünü demişdi, amma işdən çıxarıldı. Onunla eyni mövqeni bölüşən digər ziyalılara qarşı da hücumlar oldu. Bəlkə sizin növbəniz çatmayıb hələ?
– Ola bilər, bunu zaman göstərəcək. Amma onu da deyim ki, mən uşaq deyiləm. Mən kifayət qədər məlumatlı şəxsəm. Sadəcə abır-həyamı gözləyirəm. Əgər mənə qarşı hər hansı hücumlar olarsa, bildiklərimi danışaram. Hər halda özümü müdafiə etməyi bacarıram. Getsinlər öz yaltaqlarına təzyiq etsinlər. Ziyalılara gəlincə, mən bu barədə fikrimi bildirmişəm. Demişəm ki, əsl ziyalı cəmiyyəti narahat edən problemləri qaldırmalıdır. Hətta kimlərsə demişdi ki, ziyalı siyasətlə məşğul olmamalıdır. Mən isə deyirəm ki, siyasətlə elə ziyalı məşğul olmalıdır. Ziyalı kimdir? Ziyalı xalqının tarixini, mədəniyyətini dəqiq bilən, əməyini milləti üçün sərf edən insandır. Belə insanlar niyə siyasətlə məşğul olmasın? Bunun nəyi pisdir ki? Ziyalı siyasətlə məşğul olanda xalq firavanlıq içində yaşayar. Amma acgözlər siyasətlə məşğul olanda xalqın sərvəti talanar. Bayaq polisdən danışdım. Niyə qan uddurur bu xalqa polis? Hələ bunun mahiyyətini anlamırlar. Götürək Tunisi, Misiri, Liviyanı. Orada əvvəlcə polis diktatorları müdafiə edirdi. Amma görəndə bu diktatorlar ifşa olunanda, onların müxtəlif banklarda milyardlarla dollar pulunun olması açıqlananda polis işin mahiyyətini başa düşdü. Anladı ki, o, bu diktatorların var-dövlətinə görə xalqına divan tutur. O var-dövlətə görə ki, həmin pullardan polisə heç bir quruş da verilmir. Bundan sonra polis xalqın tərəfinə keçdi və ona əmr verənlərə qarşı çıxdı. Həmin diktatorları məhv elədilər. Əgər həmin diktatorlar vaxtında istefaya getsəydilər yığdıqları, ən azı pulları rahat xərcləyərdi. Amma hərislik, acgözlük, tamah onları cinayətə, qan tökməyə sürüklədi. Nəticədə də acı aqibətlə üzləşdilər.

– Oxşar hadisələr Azərbaycanda da baş verə bilərmi?
– Bizdə də elə milyarderlər var. Və əlbəttə ki, onların aqibəti yaxşı olmayacaq. Qızıl teştə qan qusacaqlar sonunda. Çünki acgözlüyün, hərisliyin sonu yoxdur.

– Yeri gəlmişkən, nazirlər var ki, 10 illərlə vəzifədədir…
– Bu çox pis haldır. Idaretmə üçün mənfi nəticələrə səbəb olur. Çünki bir adam illərlə vəzifədə olduqda elə bilir ki, burda odur, Bağdadda kor xəlifə. Görür ki, qanunsuz əməllərinə göz yumurlar, daha da azğınlaşır. O adamlar xalqı hakimiyyətdən narazı salan adamlardır. Əməllərini də kiminsə adına yazırlar. Məsələn, nazirə deyəndə niyə bu qanunsuzuluğu edirsən, deyir mən eləmirəm, filankəs eləyir, mən kiməm ki. Bunu hamı danışır.

– Bəs “filankəs” niyə tədbir görmür?
– Mənə elə gəlir ki, artıq baş verənləri dərk etməlidirlər. Hakimiyyətin başında dayananlar bilməlidir ki, demokratik islahatlara getmək lazımdır. Demokratik islahatlar, xalqın, dünyanın tələbidir. Islahatlar dövlətin mənafeyinə xidmət edir.

– Sizcə, hakimiyyət islahatlara gedəcək?
– Mən bunu deyə bilmərəm. Onu bilirəm ki, vəziyyət bu cur davam edə bilməz. Mütləq islahatlar gedilməlidir.

– Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun səlahiyyətləri artırıldı. Sizcə, Naxçıvan rəhbərliyinin səlahiyyətlərinin artırılması tendensiyası gələcəkdə Azərbaycan üçün hansısa problemlər yarada bilərmi?
 – Əlbəttə, yarada bilər. Məqsəd əslində Naxçıvan Muxtar Respulikasının statusunu artırmaqdır. Və hesab edirəm ki, qeyri-qanuni hərəkətdir. Sabah tutaq ki, sülh yolu ilə Qarabağı aldıq. Ermənilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağa status verilməsini məsələni qaldıranda Naxçıvanı nümunə gətirəcəklər. Bu isə Azərbaycanın maraqlarına uyğun olacaq. Çünki bundan sonra Qarabağı Azərbaycandan qoparmaq asanlaşacaq. Ona görə də mən hesab edirəm ki, bu tendensiya durdurulmalıdır.
Mətbuatdan oxudum ki, icra hakimiyyətlərinin də səlahiyyətlərini artırıblar. Hesab edirəm ki, bu da mənfi haldır. Bu xırda xanlıqlar yaratmağa xidmət edir. Icra başçıları “atını min köndələninə çap” prinsipilə işləyəcəklər. Vay o gündən ki, “yuxarılar”dan da kimsə bir icra başçısını müdafiə etsin.  

– Sizcə, bütün bunlar məqsədli şəkildə həyata keçirilir?
– Bəli, mən hesab edirəm ki, bu addımlar məqsədli şəkildə atılır.

– Bəs məqsəd nə ola bilər?
– Bu birbaşa dövlətçiliyə xəyanətdir. Bundan başqa heç nəyə deyə bilmərəm.

– Bir qədər də Gəncə hadisələri barədə danışaq. Nemət Pənahlı bu hadisələrlə bağlı “Azadlıq”a göndərdiyi məqalədə bildirmişdi ki, sabiq baş prokuror Ixtiyar Şirinovun Əbülfəz Elçibəy barədə imzaladığı sanksiyanı o, diqtə edib, siz yazmısız. Nemət Pənahlının bu iddiası nə dərəcədə doğrudur?
– Nemət Pənahlı qeyri-ciddi adamdır. O, deputatlığa namizədliyini irəli sürəndə hakimiyyəti tərifləyirdi, deputat seçilməyəndə isə başladı Heydər Əliyevi ittiham etməyə. Mən bunu bir dəfə müsahibəmdə demişdim. Görünür, indi bunun qisasını alır məndən. Axı Nemət Pənahlı mənə necə diktə edə bilər? Bu adamın hüquqdan anlayışı varmı ki, mənə sanksiyanın mətnini diktə etsin? O hara  hüquq hara. Digər tərəfdən mən Əbülfəz Elçibəy haqqında həmin sanksiyanı Nərimanov məhkəməsinə təqdim etmişdim. “Yeni Müsavat” qəzeti sanksiyanın sürətini dərc etmişdi. Ixtiyar Şirinov sanksiyanı öz əlilə yazıb. Əgər belə deyilsə, ekspertiza keçirsinlər. Xətt mənim xəttim olsa 15-20 il cəza almağa hazıram.

– Ixtiyar Şirinov demişdi ki, ona hədə-qorxu gəliblər…
– Heç kim ona hədə-qorxu gəlməyib. Mən bu məsələ barədə danışmaq istəmirəm. Köhnəlmiş bir məsələdir. Milli Məclisin bu hadisələrlə qərarı var. Qaldırın baxın, həmin materiallara, görün, ona kimsə təzyiq göstərib. Mən artıq bu hadisələr barədə danışmaqdan bezmişəm.

– Baş prokurorun birinci müavini Rüstəm Usubov bir neçə gün əvvəl yenə də fəxrlə cinayət işlərinin açılmasından danışdı. Amma hələ də Elmar Hüseynovun, Rail Rzayevin, Rafiq Tağının qətlinin üstü açılmayıb. Bu cür hay-küylü cinayət işləri açılmamış qaldığı halda fəxrlə danışmaq olarmı?   
– Mən danışmazdım. Və baş prokuror olsaydım bu qətllərin üstünün açılmamasını özümə ayıb sayardım. Utanardım. Çünki dünyada açılmayan cinayət işi yoxdur. Aça bilmirlərsə, deməli, qeyri-peşəkardırlar, yaxud da hansısa məqsəd var. Mən hesab edirəm ki, qeyri-peşəkardırlar. Hansısa məqsəd varsa da, onu deyə bilmərəm.

Vidadi Məmmədov