Elza Kərimova: “Azadlıq” qəzetinin etdiklərini unutmaram, heç vaxt da itirmərəm”
“Cinayəti törədən mafiya öz kefindədir, mənim oğlum xəstə ürəyi ilə həbsdə zülm çəkib”
Orxan Kərimovun həbsdə olduğu bir il müddətində ən çox xiffət çəkən də, oğlunun haqsız yerə həbsdə olduğunu hər fürsətdə bəyan edib fasiləsiz mübarizə aparan da Elza xanım olmuşdu. Cəmi bir neçə saatlıq söhbət kifayət edirdi ki, bu bir il ərzində gözünün yaşı qurumayan ananın necə sevincli, necə xoşbəxt olduğunu duya biləsən. Baxmayaraq ki, oğlunu – Təhsil nazirliyinin maliyyə şöbəsinin keçmiş müdiri Orxan Kərimovu hələ ki birdəfəlik deyil, məhkəmə müddətində müalicə olunmaq üçün azadlığa buraxıblar.
Gözaydınlığı verib söhbətə başlamaq istəyirdik ki, Elza xanım bizi qabaqladı. Sualı ünvanlamağa fürsət tapmamış bu bir il ərzində oğlunun həbsini diqqətdən kənarda qoymadığına, bu qanunsuz həbsə qarşı Kərimovlar ailəsi qədər mübarizə apardığına görə “Azadlıq” qəzetinə minnətdarlıq etdi.
– Bu bir ildə bizimlə ən çox əməkdaşlıq edən “Azadlıq” qəzeti oldu. Sizin etdiklərinizi unutmaram, heç vaxt da itirmərəm. Redaksiyanızın bütün əməkdaşlarına minnətdarlıq edirəm. Ailəmizin qəzeti oldunuz, sağ olun, son dərəcə çox razıyıq. Allah Əliyə rəhmət eləsin, yəqin ona olan məhəbbətinizdən irəli gəlib bu qayğınız. Bir gün deyil, iki gün deyil. Düz bir il on beş gün bizimlə birgə mübarizə aparmısınız. Bütün qəzetlərdən razıyıq, hamısının münasibəti yaxşı olub. Amma “Azadlıq”a çox qaynayıb-qarışmışıq. Hər şey üçün çox minnətdaram.
“Misir Mərdanov özü mənə demişdi ki, Orxanın günahı yoxdur”
– Elza xanım, yəqin Orxanın qəfildən azadlığa buraxılması sizin üçün də gözlənilməz oldu?
– Bilirdim ki, Orxan günahsızdır. Hətta Misir Mərdanov özü mənə demişdi ki, bu məsələdə Orxanın günahı yoxdur. Dedi ki, kömək eləyəcəm. Həqiqətən də bu işlər Orxanın şöbəsinə və səlahiyyətinə aid deyildi. Heç bir sənəddə imzası yoxdur. Məhkəməyə 20-yə yaxın zərərçəkən gətirilib, heç biri Orxanı tanımayıb. Tamam başqa adamı göstərib deyiblər ki, bu, Orxan Kərimovdur. Kimlərsə özünü oğlumun adı ilə təqdim edib. Bilirdim ki, nə vaxtsa haqq-ədalət qalib gələcək. Problem o idi ki, oğlumun ürəyində anadangəlmə qüsur var. Son illərdə ürəyində narahatlıqlar artmışdı. Ürəyinin iki damarında stend var idi, təcridxanada vəziyyət bir az da pisləşib, üçüncü damarı da artıq tutulmağa yaxındır. Məni darıxdıran bu idi. Kişinin başına iş gələr. Məsələ ondadır ki, onun səhhəti həbsdə qalmağa imkan vermirdi. Orxan özü də məktubunda yazmışdı ki, mafiya bizdən də, Azərbaycan qanunlarından da güclüdür. Yalan demirdi. Mən bunu görürdüm, bilirdim ki, təkbaşına onlara gücüm çatmaz. Amma hiss eləyirdim ki, Allah mənə kömək edəcək. Çünki Allah mənim balalarımı böyütmüşdü. Mən atalıdan yaxşı uşaq böyütdüm.
Indi bir oğlum Türkiyənin Bilkənt Universitetində professordur, o biri oğlum Əlyazmalar Institutunun direktorudur, Orxan da Kiyevdə oxuyub. Özüm 40 il “Maarif” Nəşriyyatında tərcüməçi işləmişəm. Əli Kərim də tanıdığınız adamdır. Bizdən əyri adam çıxa bilməz. Adi xəstəliyi araşdıranda həkimlər birinci genə baxırlar. Bizim genimizdə istedad var. Hamısı şeir yazır, yaxşı qələmləri var. Bunlar hamısı Əli Kərimdən gəlir. Orxanın səhhətinə görə ana kimi çox həyəcan keçirirdim. Özü cavan oğlan, evdə körpə balaları. Əli rəhmətə gedəndə Orxanın bir yaşı var idi. Nə vaxt yuxuma girirdi Orxanı mənə tapşırırdı. O biri uşaqları tapşırmırdı, ancaq Orxanı. Deyirdi ki, Orxandan muğayət ol. 43 ildir rəhmətə gedib, amma hər yuxumda mənə Orxan deyir. Düzdür, uşaqlarım yaxşı çıxdı, yaxşı oxudular. Azər Azərbaycanda yeganə adamdır ki, 8-ci sinifi bitirən kimi Moskva Dövlət Universitetinin nəzdində 9-10-cu sinifləri oxuyub. Bu, ancaq istedadlı uşaqlar, özü də əsasən ruslar üçün idi. Amma Azər ora girə bildi. Indi Bilkənt Universitetində ingilis dilində mühazirə deyir.
Paşa özü, atası kimi o qədər ağıllı, o qədər təvazökardır. Nə oldu birdən-birə belə ailədən “bandit” çıxdı? Kimisə ört-basdır etmək, izini itirmək üçün mənim oğlumu həbs etməli idilər? On illər ərzində bunlar 23 min tələbə köçürüblər.
Orxan orada 3-4 ildir işləyir. Kimsə kabinet açıb alver edib, deyib, adım Orxan Kərimovdur. Orada işləyən bir kişi var. Hazırda onun məhkəməsi gedir tələbə köçürmələri ilə bağlı. Amma bizdən gizlədirlər o məhkəməni. 45 yaşı var, sarışın adamdır, adını bilmirəm. Zərərçəkənlər deyib ki, bizim dediyimiz Orxan deyil, yaşlı, sarışın kişidir. O da Orxanın adından istifadə edib. Deməli, bu, mərkəzdən idarə olunur da. Bilmirlər kimə ilişiblər. Bilmirlər ki, Azərbaycan xalqı Əli Kərimi sevir. Indi prezident tək bu fırıldaqçılarla neyləsin? Mən ömür boyu ona dua edəcəm. Sağ olsun. Mənim balamı ölümün pəncəsindən çıxartmasaydı, ona bir şey olacaqdı. Elə ki Anarla, Sabir Rüstəmxanlının məktubu ona çatdı, göstərişini verdi. Məhkəmə əvvəlcə xəstəliyi ilə bağlı vəsatəti rədd edib, göstəriş gələn kimi əl-ayağa düşüblər. Bu pul insanı niyə belə qəddar edir? Bu pul necə şeydir? Yaxşı ye, amma yetimdən yox da. Bizim heç kimlə işimiz yoxdur. Pislik edən adam da deyilik. Sən niyə mənim uşağımı bu işə qoşursan? Allahdan qorxmursan? Gördün, Allah nə elədi? Prezidentin tapşırığından sonra maşını geri çağırıblar, Orxanı azad ediblər. Bir də görürəm, zəng elədi ki, “ana, azadlıqdayam, gəlirəm”. O qədər oturub ağladım ki… Günah deyilmi qızım? Vallah günahdır. Özü ata görməyib, heç olmasa balası atalı böyüsün.
Orxan məktubunda yazmışdı ki, onu şərləyən adamlar əvvəl-axır müttəhimlər kürsüsündə oturacaqlar. Oturacaqlar, mənim də buna ümidim var. Cinayəti törədən mafiya öz kefindədir, mənim oğlum da xəstə ürəyi ilə həbsdə zülm çəkib.
Heç bir sənəddə Orxanın imzası yox, heç bir zərərçəkən onu tanımır. Nə istəyirsiniz mənim uşağımdan? Biz kasıb adamlarıq, baxın mənim evimə-eşiyimə. Mənim oğlum qanunsuz tələbə köçürmələri ilə məşğul olsaydı, evim belə olardı?
Bunun özü də atamın evidir. Özümüzü bədbəxt hesab etmirik, Allaha şükür olsun, işləyirik, yaşayırıq. Çatmırsa, birini alırıq, birini almırıq. Nə olsun? Bizə şan-şöhrət, bahalı restoranlar, xaricdə gəzintilər lazım deyil. Biz zəhmətə alışmış adamlarıq. Əli Kərim istəsəydi, yaxşı pul alardı, ev də verərdilər. Pulun qabağında duruş gətirmək çətin məsələdi, hər adamın işi deyil. Biz də ondan götürdük. Sadə yaşamağı öyrəndik, işimiz oxumaq, işləmək, zəhmət çəkmək oldu. Heç kimdə gözümüz olmadı. Bu bir ildə tək Orxan yox, hamımız türmədə yatdıq. Çox mehriban ailəyik, hamımız bir-birimizin arxasında durduq. Heç kimimiz yoxdu axı. Bu həbs bizə çox böyük zərbə vurdu. Neyləmişdik ki? Nədi-nədi kimsə rüşvət alacaq və cəzasız qalacaq. Indi mənə desən ki, beş min manat ver, verə bilmərəm. Acından ölmürük, amma rüşvət verəcək vəziyyətdə yaşamırıq. Biz ziyalıyıq, ziyalı belə yaşayır.
– Məhkəmədə Orxanın halı pisləşmişdi, indi necədi vəziyyəti?
– Yoldaşı ilə gedib həkimə. Deyiblər ki, məhkəmədən arayış gətir. Zorla arayışı alıb. Mən istəyərdim, getsin Türkiyəyə, orada əməliyyat olunsun. Mütləq əməliyyat olmalıdır. Üçüncü damarına da stend qoyulmalıdır.
“Camaatı belə incitmək olar?”
– Oğlunuz Anar və Sabir Rüstəmxanlının ölkə başçısına müraciətindən sonra azad edildi. Bununla bağlı nə deyə bilərsiniz?
– Buna qədər hara müraciət edirdiksə, standart cavab gəlirdi. Camaatı belə incitmək olar? Süründürməçilik hər yerdə var. Rayonlarda özbaşınalıq baş alıb gedir. Prezident Administrasiyasına getmişdim, ərizə aparmışdım. Rayonlardan nə qədər insanlar gəlir şikayətə. Icra başçılarından, məmurlardan narazı nə qədər insan var. Indi də erməni, rus yoxdur ki. Millətimizdir də. Niyə bunları incidirsiniz?
Bir prezident bunların hamısını necə həll eləsin? Adamın vicdanı olar da. Səni də qoyublar ora ki, bu işi görəsən.
Əli rəhmətə gedən gündən Rəsul Rza bizə böyük himayədarlıq edib. Anar da indi o kişinin oğludur. Nə vaxt müraciət etmişəm, hamısına canla-başla baxıb. Orxanla bağlı düz beş dəfə məktub yazıb. Axırda Sabir Rüstəmxanlı ilə bir yerdə prezidentə yazıblar. Sabir Rüstəmxanlı da kişi adamdır. Orxan üçün nə lazımdırsa, edib. Orxan üçün Ağır Cinayətlər Məhkəməsinin sədri ilə görüşüb. O qədər iş görüb ki, indi “sağ ol” sözü az gəlir.
Gültəkin
P.S. Növbəti sayımızda Orxan Kərimovun özü ilə müsahibəni təqdim edəcəyik.



