Baş nazirin müavini hansı məmurların övladlarının narkoman olduğuna işarə vurub?
Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun sensasion açıqlaması hakimiyyətdə aranı qatıb. Xatırladaq ki, Əli Həsənov rəhbərlik etdiyi komissiyanın təşkilatçılığı ilə narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş
“Həyatla oyun” tamaşasına bəzi dövlət məmurlarının dəvət olunmalarına baxmayaraq qatılmadıqlarını deyərək əlavə edib: “Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.
Əldə etdiyimiz məlumatlara görə, Əli Həsənovun bu açıqlamasından sonra iqtidar daxilində çaxnaşma yaranıb. Çünki iqtidarda bir sıra yüksək vəzifəli şəxslərin övladları bu bəlaya düçar olub. Həmin məmurlar ehtiyat edir ki, Əli Həsənov onların adını açıqlayar. Məlumatlarda həmçinin deyilir ki, baş nazirin müavini bu açıqlamanı verərkən əsasən hüquq-mühafizə orqanlarının rəhbərliyinə daxil olan şəxsləri nəzərdə tutub. Çünki belə tədbirlərə adətən ilk növbədə onlar dəvət edilirlər. Həmin tədbirdə isə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslər gözə dəyməyib. Bu baxımdan baş nazirin məhz onların bostanına daş atdığı inandırıcı görünür.
Hikmət