Hələlik qərar belədir, gərək olsa, yeniləri də ola bilər.
SSRI prokurorluğunun önəmli işlər üzrə müstəntiqi Kaliniçenko Azərbaycanın 70-ci illər dönəmini öyrənəndən sonra yazırdi: “Respublika rəhbəri təyin olunan Əliyev vicdanlı, namuslu adamlardan qisas alırdı”. Aradan uzun illər keçib, SSRI dağılıb, Azərbaycanda yeni sosial-siyasi formasiya qurulub, Azərbaycan bütün dünya ilə birgə bir yüzillikdən başqa yüzilliyə keçib. Azərbaycanın başında yenə Əliyev durur (indi oğul Əliyev), Azərbaycanda yenə VICDANLI, NAMUSLU adamlardan QISAS alınır.
Azərbaycan 1969-cu ildən ANALOQU olmayan QISAS ölkəsi olub. Bir ailənin hakimiyyəti bir millətin faciəsinə çevrilib. Istər 1969-da, istərsə də 1993-də KQB metodlarından yararlanmaqla hakimiyyətə yiyələnən H.Əliyev hər iki dönəmdə – sovet dönəmində də, antisovet dönəmində də – sistem içində ANTISISTEM yaratmaqla millətə düşmən rejim başçısı oldu. Milli sistem içində sonsuzadək parçalanmalar yaratmaq ANTISISTEMIN yaşamasında, var olmasında başlıca stimul rolunu oynayır. Bu baxımdan “Heydər Əliyev 1993-cü ildə gəlib Azərbaycanı parçalanmadan qurtardı” demək ağ yalan danışmaqdır. H.Əliyev hakimiyyətə gəlişinin ilkin çağlarından – 1969-cu ildən – özünün hamıya bəlli regional kadr siyasəti ilə Azərbaycana çoxillik parçalanma toxumları əkmişdi. 1993-də də o, Azərbaycana düşmən güclərlə birlikdə Naxçıvandan Bakıyadək parçalanma yaratmaqla hakimiyyətə qayıtdı.
Hakimiyyətə gəlməyi, qayıtmağı başa düşmək olar… hakimiyyətə gələndən, qayıdandan sonra bütün ölkə boyu, ölkə dışında belə, parçalama siyasətlərinin bir adı ola bilər: xalqa düşmənçilik. Dünya Azərbaycanlıları Konqresi vardı – əliyevçi rejim agenturanı işə qatmaqla onu iki yerə parçaladı. Başında Nazim Ibrahimovun durduğu Diasporlarla iş Komitəsinin başlıca işi, çoxsaylı faktlardan göründüyü kimi, dünyanın hər yerində bütöv Azərbaycan diasporlarını parçalamaqdır. Sözügedən Komitənin başında duran kim olur olsun siyasət dəyişməz qalasıdır – əliyevçi rejimin xarakter özəlliyi olaraq.
1993-dən bu yana ölkədə saysız siyasi qurumlar, çeşidli birliklər parçalanıb. Bütün bu parçalanma faktlarının arxasında əliyevçi KQB rejimi dayanır. “Ayır – buyur”, “Parçala – yağmala” – bu, imperiya-KQB yönətim metodudur. Başqa cür desək, bu, IŞĞALÇI rejimlərin, diktatorların özünüqoruma metodudur. Əliyevçi recim IŞĞALÇI rejimdir, bu rejimin başında duranlar işğalçı-diktatorlardır! Ölkədə qabaqca 1969-dan, sonra 1993-dən DÖVLƏT SIYASƏTINƏ çevrilən rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq özü də yalnız hakimiyyət başında duranların varlanması, milyonlar, milyardlar yiyəsi olması üçün deyil, eləcə də IŞĞALÇI rejimi, DIKTATURA rejimini qoruyub saxlamaq üçündür.
Rüstəm Ibrahimbəyov bu ANTISISTEM rejiminə dözmədiyinə görə onu yıxmaq-yenmək yolu tutulub. Ilkin işlərdən biri onun başında durduğu Kinematorafçılar Ittifaqına alternativ yaratmaqdır. Xalq artisti Şəfiqə Məmmədova kino yoluyla ölkəyə demokratiya gətirəcəklərindən danışır: “Gənc nəslin demokratik, sağlam, mədəni inkişafı çox vacib məsələdir. Biz bunu kinoya gətirib, maarifləndirmə işi aparmalıyıq”. R.Ibrahimbəyov bütün bunların – demokratiyanın, sağlam, mədəni mühitin kökünü indiki hakimiyyətin qazıdığından danışdığına görə repressiya ilə üzləşirsə, Şəfiqə xanımın dedikləri nağıl deyilmi? Ölkəni demokratiya platformasından diktatura platformasına əliyevçi rejim keçiribsə, o rejimin yaratdığı “alternativ” kinodan nə gözləmək olar? Bir də, diktatura proyektində yer almaqla, diktatura buyruqçusuna çevriləndən sonra nə demokratiya?
“Ittifaq” ərəb sözüdür, “yeni” birlik yaradıb ona əski ad verənlərdən sağlam nəsə gözləməyə dəyərmi? Diktatura rejissurası ilə demokratiya kinosu! – sizi Kann festivalında gözləyirik…