Hacıbala Abutalıbov iş adamını tutdurmaq istəyir

Maqsud Mahmudov: “İstəyirlər, məhkəmənin qərarına tabe olmamaq adıyla həbs edib cinayət işi açsınlar”

Hacıbala Abutalıbovla döyüşən iş adamı Maqsud Mahmudov həbs oluna bilər. Bunu “Azadlıq”a açıqlamasında Maqsud Mahmudov deyib. Qeyd edək ki, iş adamı yəhudi əsilli biznesmen Qurban Mahmudov 2009-cu ildə Yasamal rayonu, Nazim Hikmət küçəsində Bakı merinin oğlu Israfil Abutalıbovun adamı kimi tanınan Bəxtiyar Məmmədovdan ofis icarəyə götürüblər. 2 il fəaliyyət göstərdikdən sonra – bu ilin aprelində ofisə iki nəfər gələrək Qurban Mahmudovu Israfil Abutalıbovun adından hədələməklə lombard fəaliyyətinin dinə zidd olduğunu deyərək, ofisi boşaltmasını tələb ediblər. Bundan sonra Qurban Maqsudla şərikliyinə son qoyaraq ölkəni tərk edib.

“Sifariş yuxarıdan gəlib”

Maqsud Mahmudov isə öz qanuni haqqı üçün sona qədər mübarizə aparacağını deyir: “Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə iyunun 11-də oldu. Hakim Elçin Qurbanov müraciətimə baxılması üçün işi 1 saylı Inzibati-Iqtisadi Məhkəməsinə göndərdi. Iddiada icarəyə götürdüyüm ofisin təmirinə xərclədiyim 35 min manatın ödənilməsini tələb edirdim. Hakim isə ciddi əsas olmadan işə baxmaqdan imtina elədi. Fikrimcə, hakim Hacıbala Abutalıbovdan qorxaraq belə bir qərar verdi. Məhkəmə zamanı çox qəribə hadisələr oldu”.
Maqsud Mahmudov deyir ki, elə həmin gün 1 saylı Inzibati-Iqtisad Məhkəməsi qarşı tərəfin iddiasına baxıb və bizim ofisə həbs qərarı verib: “Mənim üçün maraqlıdır, axı hakim Elçin Qurbanovun 1 saat əvvəl çıxardığı qərardad 1 saylı Inzibati-Iqtisad Məhkəməsinə necə gedib çıxdı? Necə ola bilər ki, iki saatın içərisində mənimlə bağlı iki qərar verilir? Bu harada görülüb ki, bir gündə iki məhkəmə prosesi olsun? Yasamal Rayon Məhkəməsinin çıxardığı qanunsuz qərarla bağlı apelyasiya şikayət verməli idik. Qanuna görə, 10 gün ərzində bizim şikayət etmək hüququmuz var. Ancaq o dəqiqə 1 saylı Inzibati-Iqtisad Məhkəməsi prosesə start verir. Bəxtiyar Məmmədov mənim kimi sıravi vətəndaşdırsa, onun iddiasına da mənim iddiam kimi 1 ay ərzində baxılmalı idi. Amma belə olmadı. Deməli, Bəxtiyarın arxasında dayanan var. Təsəvvür edin, biz məhkəmədən yeni qayıtmışdıq ki, ofisə Yasamal Rayon Məhkəmə Icraçıları şöbəsinin işçiləri gəlib dedilər ki, çıxın, buranı möhürləyirik. Biz məhkəmədə olub eyni iş üzrə 2 ayrı-ayrı məhkəmə instansiyasında prosesin aparıldığını dedik. Çıxarılan qərardaddan şikayət verdik. Iyunun 13-də məhkəmə şikayətimizə baxdı və şikayətimizin təmin olunmaması haqda qərar verdi”.
Iş adamı deyir ki, iyunun 18-də Yasamal Rayon Məhkəməsindən icraçılar yenidən ofisə gəliblər: “Onlar işin Bakı Apelyasiya Məhkəməsinə göndərməsi haqda qərardadı görəndə mənə dedilər ki, bizlik heç nə yoxdur. Sifariş yuxarıdan gəlib”.

“Hacıbala Abutalıbov camaatın puluyla ofislərini təmir etdirir”

Maqsud Mahmudov deyir ki, iyunun 21-də apelyasiya şikayətinə baxıblar: “Məhkəmə iyunun 11-də 1 saylı Inzibati-Iqtisad Məhkəməsinin qərarının qanunsuz olduğunu bəyan edib və qərardadda qeyd edilib ki, həmin məhkəmə aktı üzrə icra hərəkətlərinin aparılması Yasamal rayon Icra Şöbəsinə qadağan edilsin. Bunlar istəyirlər ki, məni məhkəmənin qanunsuz qərarına tabe olmamaqla əvvəlcə 15 sutka həbs etsinlər. Bu 15 gün ərzində ofisi boşaltsınlar, sonra isə mənə cinayət işi açsınlar. Ancaq mənin məhkəmənin qanunsuz qərarından apelyasiya şikayəti vermək hüququm var. Bunu nəzərə alsınlar”.
“Bütün bu sifarişli məhkəmə qərarları da Abutalıbovlara bağlıdır. Bunlar məhkəmə iddialarında göstərirlər ki, guya məni Nazim Hikmət küçəsi 25, mənzil 33-də yerləşən ”Müstəqil Spektr” MMC-nin ofisinə dəvət edirlər. Ancaq mən ora getməkdən imtina edirəm. Başdan-ayağa yalandır. Həmin ünvanda “Ayasofiya Lahmacun” restoranı yerləşir. Oradan sorğumuza restoran müdiri Niyaz Məmmədov rəsmən cavab verib ki, o ünvanda “Müstəqil Spektr” MMC-nin ofisi olmayıb. Mən onların ofisindən çıxaram, sadəcə təmirə çəkdiyim xərci ödəsinlər”, – deyə iş adamı qeyd edir.
Maqsud Mahmudov Bakı merinin məhkəmələrə təzyiq etmək imkanlarının daha yüksək olduğunu söyləyir: “Mən bu günə kimi düşünürdüm ki, Hacıbala Abutalıbovun yaxşı biznesi var. Anlayırdım ki, onun hər yerə əli çatır, insanları evindən çıxara bilir, ancaq heç vaxt ağlıma gətirə bilməzdim ki, məhkəmələri də əlində saxlaya bilər. Görünür, bunu da bacarır. Ancaq mən geri çəkilən deyiləm. Sona qədər vuruşacam”.

Ramin DEKO