“Bakıyoltikintiservis”, “Azinşaattikintiservis” və “Daşsalahlıbentonit” 2-ci dəfə “satıldı”
Sabiq nazir Fərhad Əliyevin nəzarətində olmuş 3 səhmdar cəmiyyət yenidən başqalarına “satılıb”. Bu barədə məlumatı “Səhm.az” portalının direktoru, iqtisadçı Hafiz Babalı verib. Onun sözlərinə görə, keçən ilin fevral ayında birjadankənar bazarda vaxtilə Fərhad Əliyevin nəzarətində olan üç səhmdar cəmiyyətin səhmləri alğı-satqıya çıxarılıb. Bu səhmdar cəmiyyətlər “Bakıyoltikintiservis”, “Daşsalahlıbentonit” və “Azinşaattikintiservis”dir. Amma bu alğı-satqı yenidən formal xarakterli olub.
H.Babalının sözlərinə görə, bu barədə məlumatın yayılmasının səbəbi qanunvericiliyə edilən son dəyişikliklərdir. Bu dəyişikliklərə görə, birjadankənar bazarda alöı-satqı müqavilələri barədə də məlumat açıqlanmalıdır. 2011-ci il avqustun 26-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi verdiyi əmrlə “Adlı investisiya kağızları alğı-satqı əqdlərinin bağlanması” Qaydalarını təsdiq edib. Həmin qaydalar sentyabr ayında qüvvəyə minsə də, ötən ilin dekabr ayında açıqlanıb.
H.Babalı vurğuladı ki, yalnız bu ilin yanvar ayından başlayaraq, birjadankənar bazarda qiymətli kağızlar və əqdlər haqqında məlumatlar açıqlanıb.
Bəs F.Əliyevin nəzarətində olan bu səhmdar cəmiyyətlərin yenidən alqı-satqıya çıxarılmasının səbəbi nədir?
H.Babalının sözlərinə görə, F.Əliyevin adı ilə bağlı səhmdar cəmiyyətlərin bir çoxu “Azərinşaat” Holdinqdə cəmləşmişdi. Və zaman-zaman bu holdinqə daxil olan və bu holdinqdən kənar sabiq nazirlə adı halanan şirkətlər başqa adlara keçirilib.
Ikinci dəfə formal sahibləri dəyişən səhmdar cəmiyyətlər “Bakıyoltikintiservis”, “Azinşaattikintiservis” və “Daşsalahlıbentonit”dir. Cəmiyyətin nəzarət səhm paketləri, qeyd etdiyimiz kimi, başqa şəxslər tərəfindən keçən il alğı-satqı əməliyyatına cəlb edilib. Bundan öncə isə F.Əliyevin nəzarətində olan şəxslər məcbur edilmişdi ki, həmin səhmdar cəmiyyətlər başqa şəxslərə satılsın. Formal şəxslərin dəyişməsinin səbəbi isə görünür, onların adlarının mətbuatda tez-tez halanması olub. Amma bu səhmdar cəmiyyətlərin yeni sahibləri də əvvəlkilərin funksiyasını yerinə yetirəcəklər. Yəni bu cəmiyyətlərə real alıcı tapılana qədər onlar formal bu şəxslərin adlarında qalacaq.
Hikmət


