Bu mövzuda indiyədək çox danışıb, çox yazmışıq. Xeyli dərəcədə də istədiyimizə nail olmuşuq. Artıq “hər xalqın öz rəhbərinə layiq olması” fikrinin arxasında gizlənərək qorxaqlıqlarını, köləliklərini malalamağa çalışanların sayı əvvəlkindən qat-qat azdır. Ən pis halda “prezident yaxşıdır, ətrafı pis” deyənlər qədər azalıblar belələri. Müşahidələrim bunu deməyə əsas verir.
Amma söhbət hələ tamamilə ölməyib, mövzu tamamilə qapanmayıb deyə, yenə də bu barədə yazmaq istədim. Nə deməkdir axı bu, necə yəni “hər xalq öz rəhbərinə layiqdir”? Həm də Azərbaycan kimi seçib-seçilmək hüququnun tanınmadığı, əldən alındığı, dəfn edildiyi bir ölkədə bu, necə doğru yanaşma ola bilər? Xalq özünün seçmədiyi, onun iradəsi ilə seçilməyən bir rəhbərə necə layiq ola bilər axı? Özü seçmədiyi üçün də əslində, “öz rəhbəri” olmayan birinə necə layiq ola bilər axı xalq?
Deyək ki, lap elə xalq səhvə yol verir, doğrudan da, ölkəni və milləti yönəltməyə layiq olmayan birini özünə rəhbər seçir, sonra həmin rəhbər də bütün dövlət aparatını ailəsinin, tayfasının rifahı, xoşbəxtliyi üçün səfərbər edir. Axı ən dəhşətli problem bu deyil. Ən dəhşətli, ən əsas problem odur ki, bəs niyə həmin xalqın etdiyi bu səhvi düzəltmək şansı, imkanı yoxdur? Niyə o, lap yanlış seçdiyi rəhbəri sonradan seçki ilə də hakimiyyətdən göndərə bilmir? Niyə bu fürsət ona tanınmır? Azərbaycandakı zülmə, ədalətsizliyə, oğurluğa, quldurluğa “hər xalq öz rəhbərinə layiqdir” fikri ilə haqq qazandırmağa çalışanlar zəhmət çəkib bu suallara cavab verə bilərlərmi?
Tutaq ki, cəsarətsizliklərini, qul xislətlərini saxta müdrikliklə pərdələmək istəyənlər doğru fikirləşirlər: xalq pisdir, cahildir, savadsızdır, öz taleyinə biganədir. Yaxşı, bəyəm bu, ya zəlzələdən, ya vəlvələdən rəhbər məqamına yüksəlmiş şəxsə xalqın boynuna minmək haqqımı verir? Bəyəm bu, o deməkdirmi ki, rəhbər xalqla istədiyi kimi rəftar edə, onun sərvətinə göz dikə, onu əzə, onun bütün hüquqlarını çeynəyə bilər? Eyni məntiqlə həkim yanına gələn savadsız bir xəstəni sağaltmaq yerinə onun ağzına yastıq basıb öldürməlidir ki, o niyə kitab oxumur, o niyə savadlanmaq, bilgi sahibi olmaq istəmir? Həkimin belə lüksümü var? Belə haqqımı var? Eyni məntiqlə siz cərrah masasında ölən xəstə haqqında “əcəb oldu, ona bu da azdır, o öz həkiminə layiq idi” deyə bilərsinizmi? Belə bir əxlaq və vicdan anlayışı varmı?
Mən həmişə hesab etmişəm ki, xalq plastilindir və ondan hər şey düzəltmək olar: kölə də, qəhrəman da. Kütlə də, toplum da. Qarın sahibi də, qafa sahibi də. Dovşan da, pələng də. Sadəcə, baxır ki, rəhbər öz xalqını necə görmək istəyir.
Əliyevçi rejim üçün tək hədəf, tək məqsəd var: azərbaycanlıları son nəfərinədək yalnız qarnından ibarət, düşünməyən, oxumayan, sorğulamayan varlıqlara, küll halında isə kütləyə çevirmək! Bu rejim on illər ərzində yalnız insanların içərisindəki mütilik, yaltaqlıq, işverənlik, başıaşağılıq, üzüyolalıq keyfiyyətlərinin üzə çıxması üçün münbit şərait yaratdı. Oysa, bu xalq ölkəsi, dövləti, azadlığı, müstəqilliyi uğrunda ondan qəhrəmanlıq, əzabkeşlik, fədakarlıq keyfiyyətləri tələb olunanda, bunun üçün münbit şərait yarananda məhz həmin keyfiyyətlərini də ortaya qoymağı bacarmış bir xalqdır. Bunun ən yaxın keçmişimizdə parlaq örnəklərini biz niyə unuduruq?
Bir əsrdə iki dəfə çağdaşlıq savaşı vermiş və hər ikisində də qalib gəlmiş, Cümhuriyyət qurmuş, beləcə, azadlığın və demokratiyanın onun üçün nə qədər dəyərli olduğunu sübuta yetirmiş, bir əsrdə Rəsulzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Qara Qarayev, Heydər Hüseynov, Sabir, Elçibəy kimi bənzərsiz fenomenlər yetirə bilmiş bir xalqı bu gün zalımlıqda, sərvət və hakimiyyət hərisliyində ad çıxarmış bir rəhbərə layiq hesab etmək nadanlıqdır. Insafsızlıqdır, vicdansızlıqdır.
Daha ağırını yazmağa isə sadəcə, əxlaqım yol vermir.

Doğrudanmı, hər xalq öz rəhbərinə layiqdir?
•
•