Demokratik meqa-partiya arzuları

Inanmazdım ki, Rusiyada müxalifət partiyalarının birləşməsi bizim oxucuda təəccüb doğuracaq dərəcədə maraq oyadacaq. Lakin nə qədər gözlənilməz olsa da, məhz belə oldu. Bunun əsl səbəbləriini açmaqda acizəm. Onu deyə bilərəm ki, Azərbaycan əvvəlki kimi Rusiya ilə bağlı bir ölkə olmasa da  cəmiyyət arasında hələ də qonşu ölkədə gedən və digər ölkələr üçün nəticə verə bilən proseslərə maraq böyükdür. Prosesin maraqlı tərəfi isə  budur ki, Putin-Medvedev tandemi siyasi partiyaların qeydiyyatını asanlaşdırmaqla onların xırdalanacağını fərz edirdi. Elə analitiklər də prosesin o istiqamətdə gedəcəyini düşünürdü. Amma əksinə oldu, partiyalar birləşməyə başladı.
Proses artıq siyasətdən uzaqlaşmış bəzi liderləri də ruhlandırdı. I.Xakamada bəyanat verdi ki, bütün demokratların bir meqa-partiyada birləşəcəyi halda siyasətə qayıdacaq və həmin böyük partiyanın sıravi üzvü olacaq. Lakin bu bəyanatı başqa siyasətçilər açıq pessimizmlə qarşıladılar. Onlar bildirdilər ki, indiki məqamda hamının bir partiyada birləşməsi deyil, seçkilər zamanı biri-birinə maneçilik törətməməsi vacibdir. Bu mənə bizim müxalifət siyasətini və neçə illərdir birləşmək çağırışlarına verilən cavabları xatırlatdı. Ona görə indi oxucu üçün Rusiyadakı proseslərin davamı deyil, Azərbaycanda analoji hadisənin baş verə bilməsi maraq kəsb edir. Bəlkə elə Rusiyada baş vermiş prosesə maraq da artıq bir siyasi mifə çevrilmiş inteqrasiya tendensiyaları ilə bağlıdır. Mən “mif” deyəndə prosesi qeyri-mümkün kimi təqdim etmək niyyətində deyiləm, əksinə onun cazibə gücünü cızmaq istəyirəm. Partiyalar birləşmək məsələsini azad seçkilərin yoxluğunun nəticəsi tək yozur, amma bir detala diqqət yetirmirlər ki, burada həm də əks əlaqəni görmək lazımdır: seçki böyük partiyalar üçün zəmin olduğu kimi, elə partiyalar da azad seçki üçün zəmindir. Indiki “çoxpartiyalılıq”dan nə cəmiyyət, nə də partiyalar bir xeyir götürür, bundan yalnız psevdo-demokratiyanı həqiqi demokratiya tək təqdim edənlər udur. Növbəti seçki prosesinə bir ildən bir qədər artıq vaxt qalıb. Onu çox da qəbul etmək olar, az da və hər şey müxalifətin növbəti ilə hansı planlarla getdiyindən asılıdır. O da var ki, elə hakimiyyətin də planları düşünülən qədər aydın deyil. Necə deyərlər, burada üfüqlərin zahiri sakitliyi arxasında hələ çox qaranlıq mətləblər dayanır.
Hakimiyyət 2013-cü il haqda nə düşünür?
Görəsən, I.Əliyev 2013-cü ildə bir daha prezidentliyə namizəd olacaqmı? Hələlik bunun əksini fərz etmək üçün elə bir əsas yoxdur. Konstitusiyanı bir neçə il bundan əvvəl dəyişiblər, hakim partiya başqa namizədinin olması ilə bağlı hər hansı siyasi işarə vermir. Qərəz, zahirən də olsa hər şey məhz ona dəlalət edir ki, I.Əliyev növbəti dəfə də prezident olmaq fikrindədir. Amma o da var ki, hətta V.Putin hakimiyyətini birbaşa uzatmadı, böyük siyasi tryukla növbəti dəfə hakimiyyətə gəldi. I.Əliyevin bir məsələdə bəxti gətirməyib ki, indi Azərbaycana maraq böyükdür. Hətta bəzən belə fikirlər səslənir ki, ona problemsiz üçüncü dəfə namizəd olmaq müyəssər olmayacaq və Əliyevlər ailəsi də hansısa siyasi kombinasiyaların köməyinə müraciət etməli olacaq. Lakin Putindən fərqli olaraq Əliyevin “öz Medvedevi” yoxdur. Hətta bu cür variant olsa belə, onun yalnız ailə çərçivəsində ola biləcəyini güman etmək elə də çətin məsələ deyil, çünki ölkədə faktiki olaraq iki nəfərin təbliğatı gedir və əksər halda o təbliğatın hansının o birinin tərkib hissəsi olduğunu müəyyən etmək və siyasi iddiaların konturunu dəqiq cızmaq çətindir. Aydın olanı budur ki, ölkəni bir ailə idarə edir və elə hakimiyyət məsələsi də həmin ailənin çərçivəsində həll olunmalıdır. Qeyri-demokratik, avtoritar ölkələrdə hakimiyyətlərin təzələnməsi həmişə bir tamaşa olur. Bu mənada 2013-cü ilin seçkiləri də hakimiyyətin ifasında siyasi tamaşa olacaq. Amma o neçə “pərdə”dən ibarət olacaq, necə və hansı quruluş veriləcək, baş “rol”ların ifaçıları kimlər olacaq – indi bu sualların cavabları həqiqi seçkilərin yarada biləcəyi maraqdan heç də az maraq kəsb etmir.