Hillari Klintonun Bakıya səfəri zamanı bir neçə QHT rəhbəri ilə görüşünü bəh-bəhlə “vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş” kimi təqdim etmişdilər. Həmin görüşdə iştirak edən üç nəfərdən birinin – Iqtisadi Tədqiqatlar Mərkəzinin sədri Vüqar Bayramovun dünən Ilham Əliyevin sərəncamla təsdiqlədiyi “Azərbaycan-2020: Gələcəyə baxış” adlı mənasız inkişaf konsepsiyasını mədh edən açıqlamasını oxudum. Oxudum və Bayramovun ABŞ dövlət katibinə “vətəndaş cəmiyyətinin nümayəndəsi” olaraq nələr danışdığı mənə agah oldu.
Ümumiyyətlə, Vüqar Bayramov əvvəlki vaxtlarda müqayisədə leksikonunu, üslubunu xeyli dəyişib, onun çıxışlarından, müsahibələrindən, açıqlamalarından tənqidi ton yavaş-yavaş buxarlanmaqdadır. Bunun səbəbini axtarmaq üçün uzun-uzadı baş sındırmağa dəyməz. Vüqar müəllimin Azərbaycanın demokratik düşərgəsi, müxalif ruhlu insanları, vicdanlı, ləyaqətli siyasi-ictimai xadimləri barədə nifrin, hədyan, söyüş püskürən “Səs”in yazarlarından biri olduğunu demək kifayətdir. Inanmayanlar http://www.sia.az/index.php?action=writer_index linkini tıklaya bilərlər. Orada “Səs”in “Sərbəst sütun”u yer alır, sütundakı müəlliflərdən biri məlum və məşhur Etibar Hüseynovdur, Vüqar Bayramov da onunla eyni sütundadır.
Mən Vüqar müəllimin rejimin hansısa çürük konsepsiyasının təbliğatçısı olmasına bir söz demirəm, öz işidir, amma Ramiz Mehdiyevin başının altından çıxan bir konsepsiyadan danışıb korrupsiyadan danışmağı tərgitməklə “vətəndaş cəmiyyəti nümayəndəsi” olmaq bir araya sığmır, bunu Hillari xanım növbəti səfərlərində nəzərə almalıdır.
Ümumiyyətlə, mən yaxın gələcək üçün Azərbaycanda danışanları iki hissəyə bölürəm:
BIR: Konsepsiyadan danışanlar;
IKI: Korrupsiyadan danışanlar.
Özünüz də görəcəksiniz ki, qarşıdakı dövrdə mübarizə bu iki danışanlar təbəqəsi arasında gedəcək, hamı indidən səfini müəyyənləşdirməlidir, hazırda biz yalnız Vüqar Bayramovu görürük ki, o, konsepsiya səngərində mətin dayanacağını bəyan edibdir.
Qaldı ki, “Azərbaycan-2020: Gələcəyə baxış” adlı inkişaf konsepsiyasının əsl niyyətinə, məncə, bu, hamıya məlumdur. Mən bunu bir dəfə də yazmışdım, Ilham Əliyev hakimiyyətində nədənsə, xüsusi bir 2020 eyforiyası var (“Avro-2020″yə ev sahibi olmaq eşqi ilə yaşamaq, 2020 Yay Olimpiya Oyunlarını keçirmək xəyalına düşmək, indi də 2020 ilə bağlı bu ”inkişaf konsepsiyası”…) Və böyük ehtimalla bu, xalqa “hələ bir 8 il də heç yerə getmirik, hələ 2020-yədək boynunuzdan düşmək fikrimiz yoxdur” mesajı vermək, insanlarda dəyişikliklərə olan ümidi, inamı qırmaq məqsədi daşıyır.
Amma niyə məhz 2020? Konkret bir dövrə hesablanmış hədəflər müəyyənləşdirmək bir çox ölkələrin təcrübəsində var, məsələn, Türkiyədə 2023-cü ilə qədərki dövrlə bağlı belə bir konsepsiya var. Əlbəttə, onu ağlı hələ də Sovet dövrünün tələbləri ilə çalışmayanlar, xirtdəyəcən korrupsiyaya bulaşmayanlar, milli iradəni çeynəyərək, xalqın qanı üzərindən hakimiyyətə gəlməyənlər hazırladığı üçün yaptokratların “inkişaf konsepsiyası” ilə müqayisə etmək olmaz. Üstəlik, məhz 2023-cü ilin seçilməsi həmin il Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlıdır.
Bəs bizdə 2020 hansı məqsədlə seçilib? Həmin il Azərbaycanda ilk demokratik cümhuriyyətin süqutunun 100 illiyidir. Mümkündür ki, Ilham Əliyev də məhz buna görə vurğunu həmin tarixin üzərinə qoyur. Onun üçün cümhuriyyətin doğuluşu yox, süqutu bayramdır və bu heç kimə sirr deyil. Əks halda, əlahəzrət elə 2018-ci ili də seçə bilərdi – Cümhuriyyətin 100-cü ildönümünü!
Qaldı ki kimlərinsə “Gələcəyə baxış” adlı “inkişaf konsepsiyası” ilə bağlı təriflərinə, əlbəttə, ürəklərinin dərinliyində onların özləri də bilməmiş deyil ki, bu rejimlə Azərbaycanın gələcəyi yoxdur, olmayan gələcəyə baxmaq isə dəlilik əlamətidir.

Danışmağın yeni növü
•
•