İbrahimbəyova qarşı təxribata reaksiyalar böyüyür

“Nəyə görəsə o yığıncaqda baş nazirin müavini, iki nazir iştirak edib”

Iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı təsis olunub. Bəzi müstəqil ekspertlər bu qurumun Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ kimi yaradıldığını düşünürlər. “Azadlıq” radiosuna müsahibəsində Rüstəm Ibrahimbəyov da yeni qurumun yaradılması xəbərindən təəccübləndiyini deyib:

“Mövqeyimə görə bizim təşkilatdan intiqam alırlar”

“Əvvəlcə təəccübləndim. Sonra fikirləşdim ki, belə bir təşkilatın yaranmasında yüksək rütbəli məmurların iştirakı təsadüfidirmi? Nəyə görəsə bu yığıncaqda baş nazirin müavini, iki nazir və nazir müavinləri iştirak ediblər. Deməli, bu qurumu yaratmaqda hökumətin böyük marağı var. Amma məqsədlərini başa düşə bilmirəm. Niyə bu adamlar birdən-birə bu tədbirə gəlirlər və özü də tədbiri az qala gizli şəkildə keçirirlər? Bizim görkəmli kino işçilərimiz də həmin tədbirdə iştirak etmək istəyiblər. Amma onları buraxmayıblar. Deyiblər ki, sizin adınız siyahıda yoxdur. Zalı televiziya işçiləri ilə doldurublar, kino işçiləri tədbirdə çox az olub. Ancaq təşkilatçılar olub. Bu, hökumətin keçirdiyi əməliyyata bənzəyir. O deməkdir ki, siyasi məqsədlə yaradılır. Necə ola bilər ki, bir kino təşkilatına bir qəpik də verməsinlər, o birinə versinlər? Bununla özlərini biabır edəcəklər. Məlum olacaq ki, mənim hərəkətlərimə, mövqeyimə görə bizim təşkilatdan intiqam alırlar”.

Vaqif Mustafayev vaxtilə Ittifaqdan qovulub

Tanınmış adamların həmin tədbirdə iştirakı və verdikləri açıqlamalara münasibət bildirən R.Ibrahimbəyov bunu gözlənilməz adlandırıb: “Mən gözləmirdim. Heç birindən gözləmirdim. Görünür, təzyiq ediblər. Indi deyəcəklər, yox, özümüz bu addımı atmışıq. Vaqif Mustafayevdən başqa hamısı özünü təmkinli aparıb və bizim ünvanımıza tənqidi söz deməyib. Vaqif Mustafayevlə bağlı məsələ aydındır. Vaxtilə biz onu ittifaqımızdan uzaqlaşdırmışıq. Səbəb də sənət etikasını pozması olub. Ona görə bizdən inciyib və imkan tapan kimi ünvanımıza bu cür sözlər deyir. O, ittifaqın işinə də bələd deyil. Deyir ki, biz cavanlara təhsil verməliyik. 2 ildir bizim ittifaq 40 nəfər gəncə 5 peşə üzrə savad verib. Onlardan 18-i diplom alıb və indi fəal işləyir”.

“Onlar yalan danışmaqla insanları çaşdırırlar”

“Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqında təmsil olunanların hamısı bizim təşkilatın şinelindən çıxıb. Şəfiqə Məmmədova, Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar Ittifaqının katibləridir. Işləmək fikirləri vardısa, elə burda da işləyərdilər, gərək mütləq ayrılıb gedəydilər? Onların dediklərinin hamısı bəhanədir”. Iyunun 22-də Azərbaycan Kinematoqrafçılar Ittifaqının birinci katibi Rasim Balayev “Media forum” saytına açıqlamasında belə deyib.
Rasim Balayevin fikrincə, Kinematoqrafçılar Ittifaqını fəaliyyətsizlikdə, ölkədə kinonun inkişafına tövhə verməməkdə ittiham etmək əsassızdır: “Onlar yalan danışmaqla insanları çaşdırırlar. Bilmirlər ki, film çəkilişlərinə cavabdeh olan qurum Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsidir? Onlar filmin çəkilişini, pulunu kimə verirlərsə, filmi də ondan qəbul edirlər. Bunun hamısını Mədəniyyət və Turizm Nazirliyi edir. Azərbaycan Kinematoqrafçılar Ittifaqının film çəkdirmək, filmi kiməsə vermək, kimdənsə filmi qəbul etmək səlahiyyəti yoxdur. Hər idarənin öz nizamnaməsi olur. Bizim təşkilatın da öz nizamnaməsi var. Amma onlar Azərbaycan kinosunda çatışmayan cəhətləri Azərbaycan Kinematoqrafçılar Ittifaqının üzərinə yıxırlar. Biz indiyə qədər nizamnaməmiz əsasında fəaliyyət göstərmişik, bu gündən sonra da belə edəcəyik. Sadəcə onlar başa düşmürlər ki, Azərbaycan Kinematoqrafçılar Ittifaqının fəaliyyəti nədən ibarətdir”.
Rasim Balayev hesab edir ki, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar Ittifaqının Hökumət evində yerləşən ofisi ilə bağlı yaranmış problem təsadüfi deyilmiş, təşkilata təzyiqlərin başlanğıcı sayıla bilər: “Icarə borcuna görə bizi Hökumət evində kirayə götürdüyümüz ofisdən çıxarmaq istəyirdilər. Sonra borcun ödənilməsi ilə bağlı razılıq əldə olundu, pulu da itifaqın sədri Rüstəm Ibrahimbəyov şəxsi vəsaiti hesabına ödəyir. Sən demə, problem icarə haqqında deyilmiş. Əvvəlcə bizi buradan çıxarıb, sonra Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqı yaradıb, bizim yerimizə gətirmək istəyirmişlər. Bu məsələ həll olundu, indi biz öz ofisimizdəyik və fəaliyyətimizi də davam etdiririk”.

Anar: “Rüstəm Ibrahimbəyovun sədrlik etdiyi qurumun legitimliyini tanıyıram”

Yazıçılar Birliyinin sədri Anar Azərbaycan Kinematoqrafçılar Ittifaqına alternativ qurum olan Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının yaradılmasına münasibət bildirib.
“Media forum” saytına açıqlamasında Anar deyib ki, Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqında təmsil olunur, bu qurumun katibidir: “Uzun illərdir Azərbaycan Kinematoqrafçılar Ittifaqının üzvüyəm. Mən Rüstəm Ibrahimbəyovun sədrlik etdiyi qurumun legitimliyini tanıyıram. Doğrusu, yeni bir qurumun təsis olunmasının hansı zərurətdən ortaya çıxdığını başa düşmürəm. Belə bir təşkilatın yaradılmasına nə ehtiyac vardı? Çünki təzə təşkilatın Idarə Heyətində təmsil olunanların hamısı Azərbaycan Kinematoqrafçılar Ittifaqının üzvüdür. Indi bilinmir ki, onlar bizim təşkilatdan çıxacaqlar, ya hər iki quruma üzv olacaqlar. Hələlik bunlar mənə aydın deyil”.
Yeni ittifaqda təmsil olunmaq təklifi almadığını söyləyən Anar bildirib ki, axıradək Rüstəm Ibrahimbəyovun sədrlik etdiyi təşkilatın üzvü olaraq qalacaq: “Mövqeyimi və yerimi dəyişmək fikrində deyiləm”.

“Haqqın yanında olanlara rejim belə münasibət sərgiləyir”

Yazısı-publisist Mehriban Vəzirin qənaətincə, Rüstəm Ibrahimbəyov hörmətli, görkəmli bir ziyalı kimi daim haqqın tərəfində olub: “Hakimiyyət xalqın seçdiyi və sevdiyi insanlara qarşı həmişə qısqanclıqla yanaşıb. Şəxs ya hakimiyyətin, ya da haqqın tərəfində olmalıdır. R.Ibrahimbəyov ikinci cəbhəyə aid insanlardandır. Haqqın yanında olan insana qarşı da mövcud rejim belə münasibət sərgiləyir”.

Tanınmış kinorejissor Eldəniz Quliyev söyləyir ki, yeni yaradılan təşkilat əslində dövlətin dəstəyilə deyil, yaltaq və quyruqbulayanların dəstəyilə yaradılıb. Həmsöhbətimizin qənaətincə, R.Ibrahimbəyov tanınmış bir ziyalı kimi daim xalqın mənafeyini ifadə edərək onun səsini çatdırıb. Lakin indi həmin şəxsə qarşı belə bir münasibət göstərilir: “Siyasi hakimiyyət R.Ibrahimbəyova əxlaqdan uzaq bir mövqe nümayiş etdirir. Belə bir təşkilatın yaradılması kino sənətinin inkişafına da heç bir fayda verməyəcək”.

HƏMÇİNİN BAX:

Hakimiyyətdən İbrahimbəyova qarşı növbəti təxribat

Nigar