Vicdan məhbuslarının hamısını buraxmağa yenə iradə çatmadı; çıxanlar “mübrizəyə davam” dedi
Ölkə başçısı Ilham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə 66 nəfər azadlığa buraxıldı. Onların arasında Ictimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan 9 nəfər – Arif Hacılı, Sahib Kərimov, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Babək Həsənov, Tural Abbaslı, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı və Məhəmməd Məcidli də var.
Əfv yenə yarımçıqdır
Iki vicdan məhbusu – hüquq müdafiəçisi Vidadi Isgəndərli və AXCP Rəyasət heyətinin üzvü Şahin Həsənli əfv sərəncanından kənarda qalıb. Bundan başqa, əfvə şərti azadlığa çıxanların adı salınsa da nədənsə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “unuduldu”.
Vidadi Isgəndərlinin qardaşı hüquq müdafiəçisi Oqtay Isgəndərli bu halı çaşqınlıqla qarşıladığını bildirib. O, azadlığa çıxanların və onların yaxınlarına görə sonsuz sevincini ifadə edərək Vidadi Isgəndərliyə qarşı qərəzin olduğunu bəyan edib.
AXCP də əfv sərəncamının natamamlığına diqqət çəkərək, ölkə başçısının yetkinlik və müdriklik göstərməməsini tənqid edib.
“Bir il əvvəl azad olmalıydıq”
Ilk olaraq azadlığa çıxan Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı “Azadlıq” radiosuna açıqlamasında Ictimai Palatanın aksiyalarında həbs edilənlərdən 9 nəfərin bir gündə buraxılmasını müsbət hal kimi qiymətləndirib: “15 ay həbsxanada olandan sonra azadlığa çıxmaq məmnuniyyət hissi yaradıb. Biz 1 il əvvəl azadlığa çıxacağımızı gözləyirdik. Nəhayət, bizim bu ümidlərimiz doğruldu. Bizim azadlığa çıxmağımız üçün çalışan bütün beynəlxalq təşkilatlara, yerli hüquq-müdafiə təşkilatlarına, siyasi partiyalara, ziyalılara, deputatlara, ümumiyyətlə, bu işdə fəallıq göstərən yaxınlara, dostlara öz təşəkkürümü bildirirəm”. Arif Hacılı vicdan məhbusu sayılanların hamısının azadlığa çıxmamasından təəssüfləndiyini də bildirib.
“Sevincdən uçuram”
Vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasova oğlunun azad olma sevincini “Azadlıq”la bölüşüb: “Sevincimdən bilmirəm göydəyəm ya yerdə… Sragağün Turalın Ali Məhkəmədə prosesi keçirildi. Orda imkan var idi ki, açıb buraxsınlar, amma bunu etmədilər. O gündən özümü çox pis edirdim, təzyiqim qalxmışdı, indi bu xəbəri alandan növbəti həyacanımı yaşayıram.
Ilk gündən Turalın düz yolda olduğumu demişəm, indi də o fikirdəyəm. Insanı əqidəli olduğuna görə həbsə salmazlar. Şükür, oğlum azadlıqdadır, yenə də öz yolunu davam etdirəcək. Bu il sentyabrın 30-u Turalın 30 yaşı tamam olur. Bir ana kimi çox istərdim ki, nəhayət, bu il onun toyunu görüm. Məndən gizlətsə də yəqin ki, bir gözaltısı var”.
“Bizə sitəm etdilər”
Vicdan məhbusu Rüfət Hacıbəylinin atası Ibrahim bəy də sevinclidir, amma bu sevinc onun günahsiz yerə 1 il dörd ay həbsdə saxlanılan oğlununa görə yaranan qəzəbini söndürə bilməyib: “Bizim ürəyimizə bacardıqları qədər dağ çəkdilər. Öz övladlarını eyş-işrətlə böyüdənlər bizim kimi vətən, millət sevənlərə məhrumiyyət yaşadır, övladlarımızı girov götürürlər. Mən bu əfvə görə təşəkkür etmək fikrində deyiləm. Əksinə tələb edirəm ki, dövlət bu həbslərə görə bizdən üzr istəsin, günahsız yerə həbsəatmaya görə kompensasiya versin”.
Həbsxanadan toyxanaya
Xələc həbsxanasından çıxan kimi yaxınlıqda bir müsavatçının toyuna yollanan Rüfət qəzetimizə bunları dedi: “Əfvi gözləmirdim. Çünki o qədər gözləntimiz boşa çıxmışdı ki. Yanvardan başlayaraq mənə əfv ərizəsi yazmaq təklif edilirdi. Sonuncu keçən həftə oldu və birmənalı rədd etdim. Bizim heç bir günahımız yox idi. Indi həbsdən buraxılmağımız düzgün addımdır, bunu hökumətin kompromisi kimi qiymətləndirirəm. Biz əvvəlcədən demişdik ki, cəmiyyətdə qarşıdurma yox, barışcıllıq yaratmaq lazımdır. Həbsdən sonrakı fəaliyyətimə gəlincə… harda dayanmışdımsa, ordan da başlaycam. Azərbaycanda, çox təəssüf ki, biz həbsdə olduğumuz müddətdə yaxşıya heç nə dəyişməyib”.
Yola davam
“Həbsxana qorxulu yer deyil. Siyasət adamları üçün bu gözləniləndir. Bircə çalışmaq lazımdır ki ailə bu hadisəyə hazır olsun”- bu sözləri isə vicdan məhbusu Zülfüqar Eyvazov “Azadlıq”a bildirib. Onun sözlərinə görə Z.Eyvazovdan da dəfələrlə əfv üçün ərizə almaq cəhdləri səmərəsiz qalıb: “Həmişə bu təklif gələndə dedim ki, mən özümə cavabdehəm, günahsızam və mənə verilən cəzanı sonacan çəkməyə hazıram”.
Z.Eyvazov bildirir ki, həbs onun siyasi baxışlarına və mübarizdəki yerinə heç bir mənfi təsir göstərməyib əksinə ötən müddəti o özü üçün əlamətdar sınaq sayır.
Mübarizə bu gün də var, yarın da…
Ötən gün 14 saylı Cəzaçəkmə Müəssisəsinə məhbəs həyatı yaşayan Sahib Kərimovu, Məhəmməd Məcidlini, Babək Həsənovu, Tural Abbaslını, Əhəd Məmmədlini qarşılamaq üçün Qaradağ rayonun Qızıldaş qəsəbəsinə yollandıq. Biz ora çatanda AXCP rəhbərliyində təmsil olunan şəxslər – Həsən Kərimov, Asəf Quliyev, Gözəl Bayramlı, Ramiz Kamal və fəallar əqidədaşlarını qarşılamaq üçün artıq sözügedən ünvanda idilər. Cəzaçəkmə Müəssisənin qarşısında bizi “yaxalayan” əməkdaşları burada dayanmağın “qadağan” olduğunu söylədilər. sevinc içində olan cəbhəçilər heç bir mübahisə etmədən onların nişan verdiyi yerə getdilər. Təxminən yarım saatdan sonra vicdan məhbusları haqq etdikləri azadlığa qovuşdular.
Əqidədaşları ilə görüşən keçmiş məhbuslar “yola davam” dedilər.
AXCP sədrinin müşaviri Sahib Kərimov bizimlə söhbətində özünü yaxşı hiss etdiyini, ancaq azadlığa çıxacağını gözləmədiyini dedi: “Azadlıqlar uğrundan mübarizə aparırdıq. Bu yolda fərdi azadlığımızı itirmişdik. Indi azadıq. Bundan sonra millətin azad olması üçün mübarizəmizi davam etdirəcəyik”.
Məhbəs həyatı dövründə ona heç bir təzyiq olmadığını deyən Sahib Kərimov yalnız əfv üçün müraciətlərin edildiyini söylədi: “Biz də öz sözümüzü deyirdik. Günahımız olmadığı üçün heç bir əfvə imza atmadıq”.
AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli hər şeyin qaydasında olduğunu bildirdi. O, həbsdən azad olunacağını gözləmirdi: “Mən özümü hakimin sifarişlə üzümə oxuduğu müddətə kökləmişdim. Ancaq onu da bilirdim ki, bunlar sona qədər duruş gətirə bilməyəcək”.
Bundan sonrakı fəaliyyətinə gəlincə isə M.Məcidli qeyd etdi ki, partiya rəhbərliyi nə tapşırıq versə onu canla-başla yerinə yetirəcək.
AXCP üzvü Babək Həsənov azadlığa çıxmasını həm gözləyirdi, həm də yox: “Yaxşı olardı ki, digər iki vicdan məhbusu – AXCP rəyasət heyətinin üzvü Şahin Həsənli, hüquq müdafiəçisi Vidadi Isgəndərli haqq etdikləri azadlıqlarına qovuşaydılar. Gözləmirdim ona görə ki, hökumət bizimlə sona qədər mübarizə aparmaq istəyirdilər. Gözləntim ona görə idi ki, artıq bütün dünya bizim azadlığa qovuşmağımız üçün əlindən gələni edirdi”.
B.Həsənov bundan sonra daha da var gücü ilə mübarizə aparacağını dedi: “Allahın köməkliyi və millətimizin dəstəyi ilə sonda istəyimizə çatacağıq. Qələbə çalmağımız qaçılmazdır”.
Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı isə bizə açıqlamasını “onlar bizi məhv edə bilmədilər” deməklə başladı: “Ancaq biz öz sözümüzü deyə bildik. Biz qələbə çaldıq. Nə sifariş verənlər, nə də sifarişi yerinə yetirənlər qələbə çaldı. Qalib bizik, inşallah son sözümüzü deyib, millətimizə hürriyyət bəxş edəcəyik”.
Müsavat Gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli də sona qədər mübarizə aparacağını dedi: “Həbsə düşməzdən əvvəl necə idimsə, həbsdə necə qaldımsa, bundan sonra da elə edəcəyəm”.
“Qorxu yaratmaq istəyirdilər, mübarizə simvolu yaratmış oldular”
Məhbus həyatına son qoyan üç cəbhəçi partiya yoldaşları ilə birlikdə AXCP sədri Əli Kərimlinin evinə yollandılar. Biz onlardan tez AXCP sərinin yaşadığı ünvana çatdıq. Qapını zənginə birinci gələn Əli bəy oldu. O, səbirsizliklə əqidədaşalarının yolunu gözləyirdi. Ancaq bizim tək gəlməyimiz onu bir az narahat edirdi. Az keçmədi ki, hər üç cəbhəçi Əli bəyin evinə təşrif buyurdu. Dostları ilə görüşən AXCP sədri “Sizi həbs edilənlər yanıldılar” deyərək hər biriylə neçə illərdir görmürmüş kimi görüşüb-qucaqlaşdılar: “Qorxu yaratmaq istəyirdilər, mübarizə simvolu yaratmış oldular. Siz bilirsiniz həbs olunandan sonra partiyamıza nə qədər insan üzv olub? Minlərlə insan bizim partiyamıza üzv olub. Indi onlarla yeni üzv var ki, polis idarələrinə çağırılıblar. Min cür təzyiq ediblər. Valideynlərini, yaxınlarına təzyiq ediblər, ancaq heç biri bir addımda geri çəkilməyib. Siz həbs olunana qədər onlar partiyanın üzvü deyildilər. sizdən sonra gəldilər, çünki siz yaxşı nümunə yaratdınız. Azərbaycan üçün yaxşı mübarizə aparmağın və əqidəsindən bir addımda geri durmamağın nümunəsini ortaya qoydunuz. Çox şadam ki, qürurla oranı tərk elədiniz”.
Ramin DEKO