Əvəz Zeynallını müdafiə genişlənir

Baş redaktorun adı IPGA hesabatında

“Xırdalan Pivə”-Bakı-Baltika MMC-nin baş direktoru Adam Tlexurayın “Xural” qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Ilham Əsədovun sədrliyi ilə baxılıb.
Xatırladaq ki, ötən məhkəmə iclasında vəkil Elçin Sadıqov hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatət qaldırmışdı. Bundan başqa, Əvəz Zeynallı dəfələrlə məhkəməyə müraciət edərək prosesdə məhz özünün iştirakının vacibliyini vurğulamışdı. Adam Tlexurayın nümayəndəsi, “Bakı-Baltika” MMC-nin hüquqşünası Arif Ağayev dünən məhkəməyə qatılmayıb. Məhkəmə yerində məsləhətləşmələr aparıb və vəkil E.Sadıqovun Ə.Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatətini qəbul etməyib.ÿ Növbəti proses iyunun 28-i saat 15:00-a təyin olunub.
Bundan başqa, Əvəz Zeynallının adı IPGA hesabatına salınıb. Tərkibinə 8 beynəlxalq jurnalist və insan haqlarını müdafiə təşkilatları – Artikl 19: Ifadə azadlığı uğrunda qlobal kampaniya, Jurnalistlərin Müdafiə Komitəsi, Insan Haqları Evi Fondu, Senzura indeksi, Müxtəliflik Institutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN Klubu, Sərhədsiz Reportyorların da qatıldığı Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı hesabat açıqlayıb.
Hesabatda bildirilir ki, Əvəz Zeynallı heç bir əsas, dəlil və sübut olmadan 2011-ci ilin oktyabr ayının 28-dən YAP-ın deputatı Gülər Əhmədovanın “hədə-qorxu ilə rüşvət tələb etmə” böhtanı ilə həbs olunub. IPGA araşdırmalar nəticəsində Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılar yazdıqdan sonra həbs olunduğu qənaətinə gəlib. Bundan başqa, 2002-ci ildən fəaliyyətdə olan, son bir ayda isə gündəlik nəşr olunan “Xural” qəzetinə qarşı iddiaların məhz hakimiyyətə tabe insanlar və qurumlar tərəfindən verilməsi də şübhə doğurur. IPGA bunu söz və ifadə azadlığına qarşı yönəlmiş cəhd kimi dəyərləndirib. IPGA hesab edir ki, Azərbaycanda tənqidçi jurnalistlər, bloger və fəallar daim həbs olunmaq təhlükəsilə üz-üzədirlər. IPGA hazırda həbsdə olan jurnalistlərin və aktivistlərin dərhal və qeyd-şərtsiz azad olunmaları uğrunda kampaniyanı davam etdirir”.

Ramin DEKO