Uşaqlara Dubayda baxça tikək…

Bir qayda olaraq asfalt yollardan, körpülərdən, onların əhəmiyyətindən, işıqlı gələcəyindən danışılan hökumət müşavirələrindən daha biri arxada qaldı. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına həsr olunmuş bu müşavirədə Ilham Əliyev uşaq baxçalarından ürək yanğısı ilə danışıb: “Mən çox narahatam, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır”.
Ilham Əliyev uşaqların niyə ac qaldığına da toxunub: “Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə, burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır”.
Ilk baxışdan böyük humanizm və qayğı kimi səslənən bu nitq Azərbaycanın yalan uçurumuna necə yuvarlandığının tipik bir nümunəsidir. Sanki prezident deyəcək ki, gəlin bundan sonra biz uşaqlarımıza qayğının yüksək nümunəsi kimi onlara Dubayda gözəl baxçalar tikək…
…Və guya bu ölkədə məktəblilər, yaxud onların valideynləri hüquqlarını istədikləri kimi qoruya bilirlər, qalıblar bağça uşaqları. Guya başqalarının haqqına əl vuran yoxdur, təkcə bağça uşaqlarının payını kimlərsə yeyir. Guya ölkədəki korrupsiyaya və talana görə təkcə bağça müəllimləri və bağça müdirləri günahkardır.
Imişlidə yaşayan siyasi məhbus, vicdanlı vətəndaş Musa Rahim bir müddət öncə aclıq aksiyasına başlamış və evinin damından şüar asmışdı ki, rayonun tanınmış uşaq baxçası onu ələ keçirənlərdən geri alınıb yenidən baxça kimi istifadəyə verilsin. Musa Rahimi az qaldılar həbs edələr. Polis onun evinə basqın etmişdi…  
Qafqaz Universitetindən biabırçı addım
ARDNŞ-in saytından oxuyuruq ki, iyunun 20-də şirkətin prezidenti Rövnəq Abdullayev Qafqaz Universitetinin rektoru Ahmet Saniç və “Çağ” Öyrətim Işlətmələri Şirkətinin prezidenti Ənvər Özərəni qəbul edib. Qonaqları salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev söyləyib ki, Qafqaz Universiteti qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında liderlər sırasındadır. Gənclər bu universitetə daha artıq maraq göstərir, ARDNŞ son vaxtlar Qafqaz Universitetinin məzunlarını daha tez-tez işə qəbul edir və s.
Qəbul üçün təşəkkürünü bildirən rektor Ahmet Saniç də təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Rektor daha bir xoş xəbər çatdırıb. Bildirib ki, bu ilin mayında universitetdə keçirilmiş Tələbə Forumu çərçivəsində 3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “Ilin idman adamı” seçilib. Səsvermədə iştirak etmiş tələbələr idman sahəsində keyfiyyətli və nümunəvi xidmətlərinə, həyata keçirdiyi yeniliklərə və qazandığı nailiyyətlərə görə Rövnəq Abdullayevə üstünlük veriblər. A.Saniç “Ilin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib.
Buyurun, bu da bizim tərifli Qafqaz Universiteti. Tələbələrin adından istifadə edib Rövnəq Abdullayevə yarınmaq və bəlkə də nəsə qoparmaq üçün ona mükafat aparıblar. Adam utanıb xəcalət çəkir. Bəylər, heç olmasa o boyda Türkiyəni biabır etməyin. Rövnəq Abdullayevi “Ilin neft adamı”, “Ilin dövlət məmuru”, “Ilin naziri”  seçsəydiniz, başa düşmək olardı. Məgər Rövnəq Abdullayev idmançıdır? AFFA-nın prezidenti kimi də idmana birbaşa bağlılığı yoxdur. Üstəlik, AFFA-nın bu il hansı idman uğuru olub axı?! Idman sahəsində həmin keyfiyyətli və nümunəvi xidmətlərdən, yenilik və nailiyyətlərdən biz niyə xəbər tutmammışıq? Bu qədər saxtakarlıq olmaz! Hər şey bir yana, heç olmasa tələbələri bu işə qatmayın!
Bu il Rövnəq Abdullayevin bircə idman uğuru olub. Bu da onun tabeliyində olan dəstənin jurnalist Idrak Abbasovu yüksək səviyyədə döyməsidir. Heç bir normal ölkədə əməkdaşları jurnalisti ölümcül döyən qurumun rəhbərinə mükafat verilmir. Bu, hər şeyin alınıb-satıldığı ölkədə mümkündür.