Kinematoqrafçılar İttifaqından alternativ qurum yaradanlara çətin suallar
“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında təmsil olunanların hamısı bizim təşkilatın şinelindən çıxıb. Şəfiqə Məmmədova, Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləridir. Əgər işləmək fikirləri vardısa, elə burda da işləyərdilər, gərək mütləq ayrılıb gedəydilər? Onların dediklərinin hamısı bəhanədir”. İyunun 22-də Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev “Media forum” saytına açıqlamasında belə deyib.
Rasim Balayev hesab edir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqını fəaliyyətsizlikdə, ölkədə kinonun inkişafına tövhə verməməkdə ittiham etmək əsassızdır: “Onlar yalan danışmaqla insanları çaşdırırlar. Bilmirlər ki, film çəkilişlərinə cavabdeh olan qurum Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsidir? Onlar filmin çəkilişini, pulunu kimə verirlərsə, filmi də ondan qəbul edirlər. Bunun hamısını Mədəniyyət və Turizm Nazirliyi edir. Azərbaycan Kinematoqrafçılar İttifaqının film çəkdirmək, filmi kiməsə vermək, kimdənsə filmi qəbul etmək səlahiyyəti yoxdur. Hər idarənin öz nizamnaməsi olur. Bizim təşkilatın da öz nizamnaməsi var. Amma onlar Azərbaycan kinosunda çatışmayan cəhətləri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzərinə yıxırlar. Biz indiyə qədər öz nizamnaməmiz əsasında fəaliyyət göstərmişik, bu gündən sonra da belə edəcəyik. Sadəcə onlar başa düşmürlər ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti nədən ibarətdir”.
Birinci katib Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ölkədə kino sahəsini inkişaf etdirəcəyinə inanmır: “Onların heç nəyi yoxdur. Nə yerləri, nə də qanunları var. Əgər onları dövlət dəstəkləyirsə, bunların hamısını edəcəklər. Amma bundan ümumi işə bir xeyir olacaqmı, bax, budur əsas məsələ. İkincisi, bunlar belə təşəbbüskar insandırlarsa, doğrudan da kinoya belə can yandırmaq istəyirlərsə, elə burda işləyərdilər də… Nə vaxt onlar bir təkliflə gəldi, biz onlara fikir vermədik? Onlar heç vaxt təklif verməyiblər”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının yaranmış vəziyytdə hansı addımlar atacağına gəlincə, Rasim Balayev deyib ki, xüsusi bir planları yoxdur: “Buna ehtiyac da görmürük. Lazım gəlsə, toplanıb vəziyyəti müzakirə edərik. Biz bunu o qədər mənasız hesab edirik ki, əslində heç toplaşmağa ehtiyac da yoxdur”.
Rasim Balayev hesab edir ki, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar İttifaqının Hökumət evində yerləşən ofisi ilə bağlı yaranmış problem təsadüfi deyilmiş, təşkilata təzyiqlərin başlanğıcı sayıla bilər: “İcarə borcuna görə bizi Hökumət evində kirayə götürdüyümüz ofisdən çıxarmaq istəyirdilər. Sonra borcun ödənilməsi ilə bağlı razılıq əldə olundu, pulu da itifaqın sədri Rüstəm İbrahimbəyov şəxsi vəsaiti hesabına ödəyir. Sən demə, problem icarə haqqında deyilmiş. Əvvəlcə bizi buradan çıxarıb, sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıb, bizim yerimizə gətirmək istəyirmişlər. Bu məsələ həll olundu, indi biz öz ofisimizdəyik və fəaliyyətimizi də davam etdiririk”.


