Milli kinomuzun incilərini yaradan böyük sənətkar

Filmlərinin sayı az, sambalı çox…

Böyük istedad sahiblərinin həyat yolu təsadüfi hallarda hamar olur. Həyat sanki onlara bu vergini çətin sınaqlar və mərhumiyyətlərlə bərabər verir. O, Azərbaycan kinosuna öz möhürünü vuran, imzasını qoyan bir şəxsiyyət idi. Ömür yolunu keşməkeşli, daş-kəsəkli yollardan keçərək başa vurub. Taleyin ağır zərbələrini alıb. Amma mədəniyyət tariximizə adını qızıl hərflərlə yazdırıb. Məruz qaldığı haqsızlıqlar üzündən 43 illik kino həyatında yalnız 5 bədii, 3 sənədli film çəkmək imkanı olub. Adı Azərbaycan kino tarixinə ilk rəngli bədii filmin müəllifi olaraq düşüb. Onun adı hamıya yaxşı tanışdır – milli kinomuzun dahi rejissorlarından biri Hüseyn Seyidzadə.
Məşhur Azərbaycan rejissoru Hüseyn Seyidzadə 1910-cu il oktyabr ayının 19-da Irəvanda doğulub. Onun atası məşhur tacir olub. Minlərlə azərbaycanlı kimi bu ailənin də başı böyük müsibətlər çəkib. Qansız ermənilərin təzyiqlərindən 1918-ci ildə öz ana yurdunu tərk edən Seyidzadələr ailəsi əvvəl Tiflisə, sonra Bakıya köçmək məcburiyyətində qalıb. Ailənin başçısı Mirəli Seyidov Qarsda vəfat edib və orada dəfn olunub. Onun övladlarını qardaşı himayəsinə götürüb və saxlayıb. Rejissorun bacısı Zəhra Seyidova söhbətlərində deyirdi: “Biz Bakıya köçəndə Hüseyn üçüncü sinifdə oxuyurdu. Dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, ”Əlsizlər” filminə çəkdirmişdi”.
Beləliklə, o, 1928-ci ildə Bakı Işçi teatrında ümumi səhnələrdə çıxış etmək üçün dəvət olunur, 1929-cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayır. Bu teatr onu həmin il də Leninqrada kino təhsili almağa göndərir.  
Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya Institutunu bitirmişdi. O, məşhur sənət korifeyləri Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanovdan dərs almışdı. Ali təhsil aldıqdan sonar böyük arzularla yenidən Bakıya döndü…
H.Seyidzadə çox istedadlı bir şəxs olmasına baxmayaraq, hər dəfə böyük əngəllərlə qarşılaşıb. Bu əngəl elə onun Bakıda çəkdiyi ilk filmindən başlandı. Onun birinci işi rejissor Niyazi Bədəlovla birgə ərsəyə gətirdiyi “Ayna” adlı filmi olub. Müharibənin başlandığı ərəfədə çəkilən bu filmlə bağlı rejissor özü belə demişdi: “Yaman yaralı yerimə toxundunuz. Bu filmin başına elə oyun açmadılar ki, bu film olsun. Allah mərdiməzara lənət eləsin. Yaxşı deyiblər ki, qonşu qonşu olsa, bağ çəpəri neyləyər. Bundan sonra Niyazi ilə belə qərara gəldik ki, ”Ayna”nın materiallarından istifadə edib müharibə mövzusunda yeni bir film çəkək. Ssenarini Imran Qasımov yazdı. Baş rola Leyla Bədirbəylini dəvət etdik. “Ayna”da əsas rola onu çəkməli idik. Hətta çəkirdik də. Sonradan filmi “Sovqat” adlandırdıq və 1943-cü ildə çəkib qurtardıq”.
Bəhs edilən bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik duyğularından söhbət açılır. Çox ağır olsa da, rejissorlar bütün səylərini birləşdirib belə bir zamanda film çəkmişdilər və sonradan həmin film dəfələrlə cəbhə bölgələrində nümayiş etdirildi.
Kinomuzda ilk rəngli film inqilabı
H.Seyidzadənin “O olmasın, bu olsun” filmi Azərbaycan kinosunda bir inqilab idi. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. Ilk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi. “O olmasın, bu olsun” Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Qəribədir ki, bu film də ekranlara çıxarılanda tənqidsiz ötüşmədi. Tənqidçilər bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. epizodları nöqsan tuturdular.
Amma peşəkarlıq qalib gəldi, heç nə bu filmin uğuruna kölgə sala bilmədi.
Film nəinki çox sevildi, öz rejissoruna misli görünməmiş dərəcədə böyük şöhrət gətirdi. Bəlkə, indiyədək Azərbaycan kinosunda bu film qədər məşhur aktyor ansamblını bir yerə toplayan fim olmayıb. Fim ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərildi və Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. Iran, Iraq, Yuqoslaviya, Yaponiya, Avstriya, Amerika Birləşmiş Ştatları, Isveçrə, Macarıstan və sair ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Uzun illər keçsə də, film indi də uğurla nümayiş olunmaqda davam edir.
H.Seyidzadənin 60-cı illərdə çəkdiyi yeni bir filmlə bağlı qalmaqal yarandı. Rejissorun yeni film üçün Alla Axundova  ilə birgə yazdığı “Yaşayın, qızlar” ssenarisinin plagiat olduğunu iddia edən şair Novruz Gəncəli əsərin ona məxsus olduğunu bildirdi. Məhkəmə uzun araşdırmalardan sonra Alla Axundovanı ssenari müəllifi kimi təsdiq etdi. Amma bu filmi rejissor Eldar Quliyev çəkdi. Baş verən bu qalmaqal da Hüseyn Seyidzadəni çox sarsıtdı. Amma öz işini buraxmadı, yeni əsəri “Dəli Kür” filmi oldu.
Başıbəlalı filmlər, baha başa gələn sıxıntılar
Nə qədər qəribə görünsə də, bu filmdə də rejissorun başı az ağrımayıb. 1969-cu ildə Ismayıl Şıxlının eyni adlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə ekranlara çıxarıldı. Bu dəfə film Moskvada senzuranın qəzəbinə uğradı. Filmdən bir sıra epizodlar çıxarıldı. Bu epizodlarda qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: “Baxarıq!” Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Başqa bir epizodda nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: “Deyəsən, könlündən Sibir keçir”  – cavabını verirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Sonda da “Ana Kür” mahnısı oxunurdu. Rejissor çox səy göstərmişdisə də, filmdən çıxarılan bu epizodları bərpa edə bilməmişdi. Film uzun zaman beləcə, bu epizodlar olmadan ekranlarda göstərildi. Amma sonradan xalq yazıçısı Isa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
H.Seyidzadənin başına gələnlərin çoxu “dilinin bəlası” idi, o yalnız həqiqəti açıq deməyin tərəfindəydi. Təbii ki, bu da çoxunun xoşuna gəlmirdi. “Qatır Məmməd” filmi çəkilməyə başlayanda açıq demişdi ki, bizim ssenarini niyə ruslar yazmalıdır. Çünki 1970-ci ildə rejissorluğu H.Seyidzadəyə verilən bu filmin ssenarisi moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunmuşdu. Sonra rejissorun etirazı Moskvanın xoşuna gəlməmiş, filmi onun əlindən alıb başqasına vermişdilər. Bu da ona ağır bir zərbə olmuşdu. Amma ona qarşı qısqanclıqlar dayanmaq bilmir.  “Dərviş Parisi partladır” filminin naməlum səbəblərdən onun əlindən alınması növbəti zərbə olur. Sağlamlığında ciddi problemlər yaranır.
1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmini çəkir. “Qaynana” filmi ilə o, bir daha milli kinomuza öz möhürünü vurur. Əslində, bu istedad onun adıyla bağlı bütün filmlərdə – “Yenilməz batalyon”da da, “Koroğlu”da da fərqli bir baxışla özünü göstərmişdi. Axır zamanlarda böyük şairimiz Natəvan haqqında film çəkmək istəyirdi. Amma əcəl aman vermədi. Illər uzunu çəkdiyi sarsıntılara, yaşadığı əzablara ürək davam gətirmədi. Böyük rejissor 1979-cu il iyunun 2-də 70 yaşında dünyasını dəyişdi. Azərbaycan mədəniyyətində isə heç zaman rəngi dəyişməyən gözəl sənət nümunələri yadigar qaldı…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir