Daşkəsəndə müdhiş “korrupsiya əməliyyatı”

Icra başçısı Əhəd Abıyevin işçisini 50 min manat alan yerdə yaxalasalar da, Bəylər Əyyubovun müdaxiləsindən sonra buraxıblar

Əhəd Abıyev və şikayətçi bazar müdiri “Azadlıq”a nələr danışdı?

Daşkəsən Rayon Icra Hakimiyyətin hüquq şöbəsinin müdiri “Mobil” ləqəbli Müqduləli Əliyev Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən saxlanılıb. Bu barədə Azadlıqa məlumat verən mənbə bildirib ki, hadisə bir neçə ay əvvəl olub. Müqdüləli Əliyev rayondakı kolxoz bazarının müdiri Ismayıl Abdıyevin şikayəti əsasında saxlanılıb. Mənbə bildirib ki, hüquq şöbəsinin müdiri bazar sahibindən 50 min manat pul tələb edibmiş. Ismayıl Abdıyev bu barədə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə şikayət edib. Ismayıl Abdıyev pul almaq üçün təyin yerdə (Gəncədə aeroport yolunda) tələb etdiyi məbləği Ismayıl Abdıyevdən alarkən cinayət başında yaxalanıb. Həmin vaxt Daşkəsənin icra başçısı Əhəd Abıyevin də orada olduğu bildirilir. Müqdüləli Əliyevin qoluna qandal icra başçısının gözü qarşısında vurulub. Əhəd Abıyev elə oradan dərhal prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova zəng edib. Bəylər Əyyubov məsələyə müdaxilə etdikdən sonra Müqdüləli Əliyev sərbəst buraxılıb. Bundan sonra Əhəd Abıyev hüquq şöbəsinin müdirini işdən çıxarıb.   
Məlumatla bağlı Respublika Prokurorluğundan şərh ala bilmədik. Əhəd Abıyev isə əməkdaşımıza bildirib ki, Müqdüləli Əliyev 7 ay əvvəl, dövlət qulluğuna qəbul imtahanından keçərək icra hakimiyyətinin hüquq şöbəsinə müdir təyin edilib. Icra başçısının sözlərinə görə, Müqdüləli Əliyev bundan əvvəl MTN-də işləyib. Ehtiyatda olan polkovnikdir. Əhəd Abıyev deyib ki, Müqdüləli Əliyev bir müddət işlədikdən sonra öz ərizəsilə işdən çıxıb: “Səhhətində problem var idi. Bundan başqa əmək haqqı və rayondakı şərait onu qane etmirdi. Yəni, rayonda yaşaya bilmirdi”.
Müqdüləli Əliyevin saxlanılmasına gəlincə, Əhəd Abıyev bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: “Belə şey olmayıb. Deyilənlər böhtandır”.
Əməkdaşımız Ismayıl Abdıyevlə də əlaqə saxlayıb. Bazar müdiri isə xəbəri təsdiqləyib. “Mən rəsmi müraciət etmişdim. Ona pul verəndə həbs etdilər. Sonra niyə buraxdılar, bu artıq mənlik deyil. Bazarı da əlimdən almaq istəyirdilər, qaytardılar mən də səsimi kəsdim oturdum yerimdə”, – deyə Ismayıl Abdıyev bildirib.