ip-secki-muzakire

İctimai Palata 2013 seçkilərilə bağlı hərəkətə keçdi

ip-secki-muzakireVətəndaş cəmiyyəti səfərbər olunur; müxalifət və QHT-lərin iştirakı ilə İşçi Qrupu yaradılacaq

“Azərbaycan cəmiyyəti seçki islahatını prioritetə çevirsə, 10 ay ərzində nəticə əldə edə bilərik”

İctimai Palata seçki ilə bağlı müzakirələrə start verdi. İyunun 21-də “Seçki hüququ ilə bağlı dinləmələr” başlığı altında ilk belə müzakirə təşkil olundu. Budəfəki toplantıda yalnız İctimai Palatadakı müxalifət partiyaları deyil, həmçinin ALP, ADP, AMİP də iştirak edirdi. Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal və hüquqşünas Qurban Məmmədovun sədrliyi ilə keçən toplantıya seçki sahəsində fəaliyyət göstərən ayrı-ayrı QHT-lərin rəhbərləri, həmçinin Fransa və İsveçrə səfirliyinin nümayəndələri də qatılmışdı.
Tədbiri giriş sözü ilə açan Vidadi Mirkamal bildirdi ki, bu, başlanğıcdır və payıza qədər bir neçə belə toplantının təşkili nəzərdə tutulub.

“Seçki Məcəlləsində müsbət heç nə qalmayıb”

Seçki eksperti Hafiz Həsənov çıxışında hazırkı Seçki Məcəlləsində müsbət müddəaların yox səviyyəsində olduğunu dedi: “2003-də Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun verdiyi təkliflərin heç biri Seçki Məcəlləsində qalmayıb. Seçki institutu yavaş-yavaş sıradan çıxır”.
H.Həsənov hesab edir ki, hazırkı Seçki Məcəlləsi ilə bağlı bəzi demokratik rəy və təkliflərin ictimailəşdirilməsi, həmçinin tələblərin sistemləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır. O, hökumətin bu məsələlərin həllində maraqlı olması üçün Avropa Şurası Venesiya Komissiyasına müraciət edilməsinin zəruriliyini vurğuladı: “ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna da müraciət edilə bilər. Bu qurumun seçki məsələsində fəaliyyəti yoxdur. Onu işlətmək lazımdır. Seçkidən-seçkiyə bu işə diqqət ayırdığımız üçün nəticə yoxdur. Məsələ daim gündəmdə saxlanılmalıdır”.

Müsavat başqanının müavini Gülağa Aslanlı seçki hüququ ilə bağlı ən zəruri məqamları sadalayaraq onların həllinin vacibliyindən danışdı: “Müvəqqəti seçki komissiyalarının ləğv olunması, depozitin ləğvi, seçki kampaniyası və təşviqat dövrünün azaldılıması. Bunlar çox ciddi məsələrdir və həllini tapmalıdır. Zaman-zaman müxalifət Seçki Məcəlləsinə dəyişikliklər hazırlayıb. Əlavə və dəyişikliklər təklifi Milli Məclisə də təqdim olunub. Bu təklifin hazırlanmasında müxalifət partiyaları ilə yanaşı, seçki ilə məşğul olan QHT-lərin də böyük rolu olub. Bu layihədə ATƏT-in 24 şərti də əksini tapıb. Hesab etmirəm ki, hazırladığımız məcəllə tam təkmildir. Onun üzərində bir qədər də işələmək olar. İşçi qurpu yaratmaq təklifini mən də dəstəkləyirəm. Bu qrup İctimai Palata tərəfindən yaradıla bilər. Amma hər kəsə açıq olmalıdır ki, seçkiylə məşğul olanlar öz təkliflərini verə bilsinlər. Həmin qrupa sentyabra qədər vaxt verilsin ki, o dəyişikliklərə bir də baxsın”.

“Həhayət demokratik seçki mühiti formalaşmalıdır”

AXCP sədri Əli Kərimli bu müzakirələri seçki islahatları ilə bağlı ölkədə ümummilli konsensus əldə etmək istiqamətində atılan addım kimi qiymətləndirdi: “Bu, hər hansı siyasi qüvvənin, hətta böyük bir koalisiyanın işi deyil, ümummilli vəzifədir. Nəhayət ölkədə demokratik seçki mühiti formalaşmalıdır. Əliyevlər sülaləsi hakimiyyətə gələndən biz seçkilərlə bağlı işləməyə məcburuq. Azərbaycandakı hakimiyyət məqsədli şəkildə, dövlət səviyyəsində seçkiləri saxtalaşdırır. Problem təkcə qanunvericiliyin kamil olmaması deyil. Dövlət səviyyəsində həmin qanunların icrasına məsul olan şəxslər qanunvericiliyi ildən-ilə pisləşdirirlər. Həm də onun özünü belə, tətbiq etmədən elə vəziyyət yaradırlar ki, seçki formal bir hadisəyə çevrilsin, seçki öz mahiyyətini itirmiş olsun. Bütün cəmiyyət bunun qarşısını almaq üçün səfərbər olmalıdır. 98-ci ildə ATƏT, 2001-ci ildən də Avropa Şurası müxalifətin, vətəndaş cəmiyyətinin bu istiqamətində fəaliyyətinə qoşulub. ATƏT və Avropa Şurası da on ildən artıqdır bu işlə məşğuldular. Amma hər dəfə Azərbaycan hakimiyyəti prosesi müəyyən bəhənələrlə on ildən artıq uzada bilib”.

“Oyun qaydası yarışdan heç olmasa 6 ay əvvəl bilinməlidir”

Ə.Kərimlinin fikrincə, çox paradoksal haldır ki, on ildən artıqdır Azərbaycanda seçki islahatlarını həyata keçirməyə vaxt tapılmayıb: “Açığı, mən bu məsələdə beynəlxalq təşkilatların yanaşmalarını tənqid etmək fikrindəyəm. Bir qayda olaraq beynəlxalq qurumlar – seçkilərə məsul olan ATƏT seçkiləri müşahidə edəndən sonra prinsipial, obyektiv tövsiyələr hazırlayır. O tövsiyələrdə bütün çatışmazlıqları söyləyir, amma tövsiyələrin icra olunması, yerinə yetirilməsi, aradan qaldırılması ilə bağlı növbəti seçkiyə qədər heç bir təşəbbüs göstərmirlər. Növbəti seçki ilində yeni təşəbbüslər başlayır. Azərbaycan hakimiyyəti növbəti dəfə prosesi qəsdən ləngidir. Eyni fikirlər Avropa Şurasına da aiddir. Və məlum olur ki, vaxt çatmadı. Beləliklə, biz hər dəfə seçki islahatlarını həyata keçirmək fürsətini itirmiş oluruq. Ona görə də bu dəfə işə tez başlamışıq. Beynəlxalq təcrübəyə görə, qanunvericiliyin təkmilləşdirilməsi seçkiyə ən geci 6 ay qalana qədər başa çatmalıdır. Yəni oyun qaydası yarışdan heç olmasa 6 ay öncə bəlli olmalıdır. Bu hesabla bu işi görməyə 10 ay vaxtımız var və bu, az müddət deyil. Azərbaycan cəmiyyəti özü üçün seçki islahatını prioritetə çevirsə, on ay ərzində müəyyən nəticələrə gəlib çıxa bilərik.

Azərbaycanda çox ziddiyyətli vəziyyət yaranıb. Bir tərəfdən insanların rejimdəni narazılığı artır. Yeni-yeni təbəqələr öz etirazını ifadə edir, Azərbaycandakı qanunsuzluqlar, cinayətlər beynəlxalq səviyyədə ifşa olunur. Dünənə qədər bu cinayətləri ört-basdır edənlər artıq göz yummaq istəmirlər. Azərbaycan hakimiyyəti ölkənin daxilində və beynəlxalq aləmdə öz legitimliyini itirir. Legitimlik itir, narazılıq artır. Amma narazılığın hakimiyyət dəyişikliyinə gəlib çıxması mexanizmi yoxdur. Seçki mexanizmi tamamilə sıradan çıxır. Ona görə də Azərbaycan cəmiyyəti bu məsələyə milli vəzifə kimi baxmalıdır. Biz çox istəyirik ki, rejim dəyişikliyi demokratik yolla, seçki yoluyla – dinc şəraitdə olsun. Şəxsən mən belə düşünürəm ki, bu köklü dəyişikliklər Azərbaycanda rejimin dəyişməsi ilə də başa çatmayacaq. Hesab edirəm ki, biz o zaman demokratiyanın bu ölkədə az-çox oturuşmasına əmin olacağıq ki, bu rejim dəyişəcək, ondan sonra yaranacaq xalq hakimiyyəti seçkiləri uduzub o da dəyişəcək. Bu rejimdən sonra heç olmasa bir dəfə də hakimiyyət dəyişikliyini görməliyik və o zaman az-çox Azərbaycanda bu minimum vəzifəni həyata keçirdik qənaətinə gələ bilərik. Ona görə seçki mexanizmi, yarış şərtləri formalaşdırmaq olduqca mühüm vəzifədir. Hökumətə münasibətindən asılı olmayaraq bu, ümummili vəzifədir. Ümummilli konsesus yaratmaq, bütün diqqəti seçki islahatlarına cəlb etmək mühüm bir vəzifə kimi elan olunmalıdır. Hafiz bəyin təklifini dəstəkləyirəm. Tələsmədən, eyni zamanda ləngimədən belə bir işçi qrupu yaratmalı və cəmiyyətin ümumi mövqeyini ifadə edən təkliflər paketi hazırlamalıyıq. İki istiqamətdə işləməliyik. Bunlardan biri hüquqi yoldur. Avropa Şurasına təzyiq etməliyik. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri obyektiv deyillər və biz onlara etimad göstərmirik. Bunu, açıq şəkildə özlərinə də ifadə etdik. Amma Avropa Şurası yalnız bu adamlardan ibarət deyil ki. Avropa Şurası ilə işimizi intensivləşdirməliyik. Ya o məruzəçilər özləri fəaliyyətlərində dönüş etməli, ya da onlara etmadsızlıq göstərilməlidir. ATƏT-lə dialoqumuz intensivləşməlidir. Amma hamımız bilirik ki, bu, təkcə hüquqi məsələ deyil. Hakimiyyət gücü çatdığı qədər israr edəcək. Ona görə də paralel olaraq demokratik qüvvələrin səfərbərliyinə nail olmaq yolu ilə elə vəziyyət yaratmalıyıq ki, hökumət dəyişikliyin labüd olduğunu anlasın”.

“Seçkinin taleyini həll edən məqamları gündəmə gətirməliyik”

“Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynovun sözlərinə görə, seçki qanunvericiliyinin seçki ilinə qədər təkmilləşdirilməsi daha məqsədəuyğundur: “Əks halda bu, seçki subyektlərində çaşqınlıq yarada, diqqəti əsas seçki hərəkətlərindən yayındıra bilər. İctimai Palatanın seçki qanunvericiliyini gündəmə gətirməsi vaxtında atılmış addımdır. Seçki qanunvericiliyində çoxlu problemlər var. Zaman-zaman bu problemlərin həlli üçün təkliflər verilib. Amma nəticə etibarilə prinsipial müddəalar dəyişməyib. Fikrimcə, seçki qanunvericiliyindəki problemlərin hamısını yox, seçkilər üçün önəm kəsb edən, seçkinin taleyini həll edən məqamları gündəmə gətirməliyik”.
ALP sədri Əvəz Temirxanın çıxışı isə təklifdən ibarət oldu: “Mövqeyindən, hakimiyyət yaxınlıq dərəcəsindən asılı olmayaraq bütün partiyalar on gün ərzində bir araya gəlsinlər. Seçkiqabağı mühiti, seçki qanunvericiliyi ilə bağlı vəziyyəti müzakirə edib çıxış yolları axtaraq, ortaya vahid mövqe qoyaq. Bu məsləhətləşmələrdə ATƏT və Avropa Şurasının Bakı ofisləri də iştirak etsin”.

KŞ üzvü Pənah Hüseyn isə seçkilərlə bağlı hüququ bazadan çox məsələnin siyasi tərəfini prioritet hesab edir: “Hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. Amma bu, bizi məsələnin siyasi tərəfindən uzaqlaşdırmamalıdır. Azad, ədalətli seçkilər üçün iki əsas şərt var. Ya gərək hakimiyyət bunda maraqlı olsun, ya da buna məcbur olsun. Hakimiyyətin məcbur olması üçün kütləvi xalq hərəkatı olmalıdır. Hakimiyyət 2013-cü il seçkilərini ən azı psevdodemokratik keçməsində maraqlı olmalıdır. Azərbaycanda sülalə hakimiyyəti məsələsi istər daxili ictimai rəy, istər beynəlxalq ictimai rəydə ciddi şəkildə gündəmdədir. Fikrimcə iqtidarın özünün daxilində də bu seçkilərin demokratik keçirildiyi görüntüsünü yaratmaq üçün müəyyən addımlara getməsini gözləmək mümkündür”.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifət seçki məsələsini müzakirəyə çıxarmaqda gecikib: “Biz ilk növbədə müdafiə etdiyimiz dəyərlərə hörmət etmirik. Hərə öz reytinqi ilə məşğul olur, ortada isə xalq və demokratiya uduzur”.
S.Cəlaloğlunun bu çıxışına əvvəlcə Vidadi Mirkamal etiraz etdi: “Sərdar bəy çox bədbin notlarda çıxış etdi. Bununla da aydın oldu ki, niyə insanlar ADP-nin sıralarını tərk edir”. V.Mirkamal əlavə edib ki, bu pessimist notları dinləyərkən ya insan bu ölkədən getmək, ya da hakimiyyəti sevmək istəyir.

“Seçki mühitinin dəyişməsi üçün hamı çalışmalıdır”

Növbəti etiraz Müsavat başqanı İsa Qəmbərdən gəldi: “Bu qədər səmərəli müzakirələr aparılıb. Bəzi məsələlər sistemli şəkildə təqdim olunub və yeni yanaşmalar açıqlanıb. İctimai Palata bu dinləməni təşkil etməklə qarşısına qoyduğu məqsədə nail oldu. 19 ildir paradoksal vəziyyət yaranıb ki, hakimiyyəti dəyişmədən azad, ədalətli seçki keçirmək mümkün deyil. Ancaq bizim üçün azad seçki olmadan hakimiyyəti dəyişmək mümkün deyil. Biz hakimiyyəti dəyişməyin yalnız bir yolunu – seçki yolunu qəbul edirik. Ona görə də bütün enerjimiz seçki məsələsinə yönəlib. Azərbaycanda kifayət qədər güclü demokratik qüvvələr və vəziyyəti dərk eləyən vətəndaş cəmiyyəti var. Vəzifə ondan ibarətdir ki, bu potensialı reallaşdırmağı bacaraq. Təklif olunan işçi qrupunu yaratmaq haqda düşünməliyik. Amma bu qrup yalnız qanunvericilik sənədlərinin hazırlanması ilə məşğul olmalı deyil. Əlimizdə hazır sənədlər də var. Onu təkmilləşdirmək olar. İşçi qrupu həm önəmli nöqtələrə vurğu qoymalıdır ki, diqqət ora cəlb edilsin. Qrup ən önəmli funksiyalarından biri kimi ölkədə ictimai konsensusa nail olmalıdır. Seçki  təkcə partiya və namizədləri maraqlandırmamalı, hər kəs seçki mühitinin dəyişməsi üçün çalışmalıdır”.

Gültəkin