Bir küp qızılın söhbəti

Atalarımız buyurub ki, susmaq qızıldı. Bəs görəsən bir küp qızıl tapıb sussan nə olur? Hər şey ola bilər – o bir küp qızıl elə qızıl olaraq qala, mala-mülkə, brilyant, almaz, yaquta belə çevrilə bilər. Ancaq Ağsu rayonunda bir küp Nikolay qızılının tapılması və sonrakı proseslər göstərir ki, indi Azərbaycanda heç də belə deyil. Qızılı tapan sürücülər və ekskavatorçu çuğullanandan sonra küp haqda nə qədər sussalar da, xeyri olmayıb, onların ağzını hansısa yolla açıblar və tikintinin ərazisində gizlədilən küp polisə təhvil verilib.
Əlbəttə, qanunlarda belə yazılır ki, yerin üstündə və təkində olan hər nə var, dövlətindi. Lakin dövlətdən qabaq xüsusi mülkiyyət deyilən bir anlayış var. Dövlət öz növbəsində xüsusi mülkiyyətin keşiyində durmağa borcludu. Məlumatda deyilir ki, həmin bir saylı baxça bir bəyin olub. Bütövlükdə orada üç küp qızıl varmış. Sonra o bəy vətəndən aralı düşüb. Indi onun bir varisi varmı, yoxmu, bilmirəm. Hər halda bu qızıllar o bəyindi. Bəy ortaya çıxmazsa, onda bu qızıllar dövlətin xəzinəsinə qatıla bilər.
Əslində isə, bəy tapıldı, tapılmadı, qızıllar nə bəyə, nə dövlətə çatacaq. Dövlətin büdcəsini gecə-gündüz öz şəxsi xəzinələrinə axıdanlar dövlətə qızılmı verər? Bunu ən ekstremal halda paytaxtdakı böyüklərə yollayacaqlar. Böyüklərə bir küp qədimi qızıl bağışlamağın necə mükafatlandırılacağını, adamın yerini nə qədər isti salacağını təsəvvür eləmək üçün elə də güclü fantaziyaya sahib olmağa gərək yoxdu. Heç böyüklər olmasın, adi biri olsun. O cür hədiyyədən kim qaçar…
Belə baxanda, bir küp qızılın nə dəyəri ola bilər? Deyək ki, uzağı bir milyon. Ancaq o qızılın qədimliyini gözə alanda, dəyər birə min artır. Lakin məsələnin üstü örtülü qalsaydı, onda bu qızıllar elə rayon rəhbərliyi səviyyəsində də bölüşdürüləcək, sürücülərə isə həbsdən qurtulma şansı veriləcəkdi.
Illər öncə, Biləsuvarda da qızıl külçəsi tapılmışdı. Bir cənublu vaxtilə atasının basdırdığı qızılı bu üzdən olan birinin yardımıyla axtarıb tapmışdı. Həmin o yardımçı da, bu işi əvvəlcədən polisə satmışdı. O vaxt Mirzə Xəzərin “Azadlıq” radiosuna rəhbərlik etdiyi son dönəmlər idi. Mirzə bəyin adını ona görə xatırlatdım ki, o bu məsələnin üstünə xeyli getmişdi. O vaxt da külçənin bölüşdürülməsində yerli məmurların paytaxta kəf gəlməsi böyük narahatçılığa səbəb olmuşdu, buna görə çoxları iş yerlərini itirməli olmuşdu.
Lakin istər məmur, istər ölkənin adi vətəndaşı əvvəlcədən bilməlidi ki, bu ölkənin altı da, üstü də bir nəfərindi. Hətta yuxunda belə qızıl küpü tapsan, onun da sənin olmadığını anlamalısan. Onlar adamların yuxularındakı qızıl mədənlərini belə özəlləşdiriblər. Ona görə də kim nə qədər susur-sussun, xeyri olmayacaq.
Aleksandr Belyayevin “Amfibiya adam” romanında bir yer var. Amfibiya adamı ələ keçirməyə çalışan dəstənin casusu qoca hindu Kristo doktor Salvatorun malikanəsində işə düzələndə doktor onunla şərt kəsir: “Hər şeyin olacaq. Lakin yadında saxla: burada gördüklərin barədə bircə kəlmə də danışmamalısan”. Kristo söz verir: “Ağzımdan bircə söz qaçırsam, dilimi kəsib itlərə ataram”. Və Salvator: “Bax ha, elə et ki, dilini kəsməli olmayasan”,- deyir, sonra Kristo lal xidmətçiləri görəndə başa düşür ki, bu, elə-belə zarafat deyil. Indi burada da eyni şey baş verir. Hakimiyyət təkcə susmağı tələb eləmir, həm də nə vaxt susmağı da diqtə eləyir. Sürücülərin birinci kərə susması burada qanuna ziddi, yəni tapdığın haqda susa bilməzsən, lakin onu bizə təhvil verəndən sonra əbədi lal olacaqsan. Ümumilikdə isə bu ölkədə bir kərə susmamağa izn verilir – o da susmaq haqda söz verərkən…
Artıq vətəndaşlar da bu həqiqəti anlayıb ki, əslində bu ölkədə susmaq heç də qızıl deyil. Ona görə də artıq xalq danışmağa başlayır. Səsi ola bilsin, bir az sonra çıxa. Ancaq mütləq çıxacaq…