Bu gün imzalanan əfv fərmanı ilə azadlığa buraxılan vicdan məhbusu Arif hacılı Azadlıq radiosuna müsahibə verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İctimai Palatanın aksiyalarında həbs edilənlərdən 9 nəfərin bir gündə buraxılmasını müsbət hal kimi qiymətləndirir:“15 ay həbsxanada olandan sonra azadlığa çıxmaq məmnuniyyət hissi yaradıb. Biz 1 il əvvəl azadlığa çıxacağımızı gözləyirdik. Nəhayət, bizim bu ümidlərimiz doğruldu. Bizim azadlığa çıxmağımız üçün çalışan bütün beynəlxalq təşkilatlara, yerli hüquq-müdafiə təşkilatlarına, siyasi partiyalara, ziyalılara, deputatlara, ümumiyyətlə, bu işdə fəallıq göstərən yaxınlara, dostlara öz təşəkkürümü bildirirəm”.
Arif Hacılı vicdan məhbusu sayılanların hamısının azadlığa çıxmamasından təəssüfləndiyini də bildirir:
“Şahin Həsənli, Vidadi İsgəndərli, jurnalistlərdən Əvəz Zeynallı və başqalarının azadlığa buraxılmaması təəssüf hissi doğurur. Amma ümid edirəm ki, bu tendensiya davam edəcək və yaxın zamanlarda beynəlxalq qurumların siyasi və vicdan məhbusu kimi tanıdığı şəxslər tezliklə azadlığa qovuşacaq”.


