Utanmasan hakimiyyətdə qalmağa nə var ki?

Bütün bəlaların başında utancaqlıq dayanır. “Utananın oğlu olmaz” deyimi də havadan yaranmayıb. Heç görmüsüzmü ki, hər hansı idarəyə sakitcə gedən adamın işi düzəlsin. Olmur. Həyasız, şüvən salan qısa zamanda işini düzüb-qoşur. Hakimiyyət də belədir. Orda uzun müddətə yalnız həyasızlıqla qalmaq olar.
Adamların gözünün içinə utanmadan yalan deyirsən, onları, hətta bəzən özünü də bu həyasız yalanlara inandırırsan. Özünün əvəzolunmazlığına inandığın kimi. Heydər Əliyevin (ona yapçılar “ümummilli lider” də deyirlər) ölümündən sonra onun baş ideoloqu Ramiz Mehdiyevdə kitab yazmaq hobbisi baş qaldırıb. Dövlətin bütün işini-gücünü kənara qoyub bu adam gecə-gündüz yazır. Baxmayaraq ki, o, tutduğu vəzifəyə görə maaş alır. Aldığı maaşa görə də işləməlidir. Ancaq onun işi kitab yazmaqdır. Düzdür, bəziləri Ramiz müəllimin bu kitabları kimlərəsə yazdırdıqlarını deyirlər. Mən buna inanmıram. O kitabların bir neçəsini vərəqləmişəm, “Azərbaycan” qəzetində o kitablardan verilən hissələri oxumuşam, bunları ancaq Ramiz müəllim yaza bilər. Məsələn, yeni kitabından bir parça yayıldığı barədə “Media forum”da oxudum. Bir sitata sizin də diqqət yetirməyinizi istəyirəm. Bu, həm də fikirlərimi əsaslandırmaq üçündür.
“Ilham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident Ilham Əliyev öz vəzifəsinin icrasına başlayaraq ”Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında” (noyabr 2003-cü il), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” (fevral 2004-cü il) ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin modernləşdirilməsi prioritetə çevrilir”.
Hər gün Azərbaycan telekanallarından bu cümlələri dəfələrlə eşidirik. Hətta futbol şərhçiləri də matçdan çox Ilham Əliyevdən, onun “uğurlu daxili və xarici” siyasətindən danışırlar. Avropa çempionatının qrup mərhələsində Almaniyanın oyununu şərh edən AzTV aparıcısı bu ölkəni bürüyən böhrandan, orada insan haqlarının pozulmasından daha çox danışdı, nəinki futboldan. Ramiz Mehdiyevin də kitabları o aparıcının dediklərinə bənzəyir. Sitatı təkrar-təkrar oxuyun. Regiondakı oxucularımızın hansı hisslər keçirdiyini gözəl anlayıram. Bir tikə dalınca regionlardan paytaxta üz tutanları da anlamaq çətin deyil.
Bəs bu qədər inkişaf varsa, niyə əhali o “təkan”dan faydalana bilmir? Niyə “gözəlləşən” Naxçıvan boşalır, naxçıvanlılar Türkiyədə fahişəliyə qurşanır, hamballıq edir? Niyə? Naxçıvan Ramiz Mehdiyevə daha doğma olduğu üçün qabaqca oranı soruşdum. Başqa regionlarda da fərqli heç nə yoxdur. Regionlarda kişi qıtlığı var. Imkanı olanlar xaricə, Rusiyaya, imkansızlar Bakıya gəlib. Qadınlarsa ən asan yolu – fahişəliyi seçiblər. Regionların inkişafı Heydər Əliyev heykəllərinin ətrafının, Heydər Əliyev parklarının ildə bir neçə yol abadlaşdırılmasından o yana keçmir. Hər yeni icra başçısı özündən əvvəlkinin tikdiklərini söküb yenidən tikir. Bütün rayonlarda başlıca iş hasar çəkmək, üzlük vurmaqdır.
Sonra da adamda üz olmalıdır ki, oturub “inkişafdan” kitab yazasan. Həm də cild-cild. Bax, hakimiyyətdə də buna görə qalırlar. Hələ də…