Ölkədəki sabitlik naminə indi də köçməliyik
Qələminə, şəxsiyyətinə hörmət bəslədiyim, Səxavət Əlisoyun “Hakimiyyətdə kimlərdir, naxçıvanlılar, yoxsa…” silsilə yazısını oxudum, cəsarətli yazıdır, təqdir edirəm, lakin etiraf edim ki, final yazısında bəzi məsələlər mənimçün bir az qaranlıq qaldı…
Heç kimə sirr deyil ki, nəinki Naxçıvanda, eləcə də Azərbaycanda demoqrafik vəziyyət əsrarəngiz şəkildə dəyişir. Və orası da sirr deyil ki, Azərbaycanın, eləcə də Naxçıvanın əsas etnosu, yəni 90 faizindən çoxu azəri türküdür.
Səxavət bəy yazmasa da, hər kəsə gün kimi aydındır ki, bəhs edilən bölgənin Azərbaycan iqtidarında təmsil olunanlarının böyük bir qismi kürdəsilli məmurlardır, yəni əslən Naxçıvandan olan kürdlərdir. Və silsilə məqalədə sadalanan məmurların əksəriyyəti ölkənin ən yüksək postlarını tutmasına baxmayaraq, onların doğma yurdları boşalır, ya da tamamilə sahibsiz qalır…
Etiraf etməliyik ki, Azərbaycan əhalisinin ümumi sayının cəmi 0,2 faizini təşkil edən kürdlərin hakimiyyət ierarxiyası və biznes strukturlarında tutduqları mövqe, əsas etnos olan azəri türklərinin mövqelərindən nəinki geri qalır, hətta mən deyərdim ki, bəzi hallarda onları üstələyir. Strateji əhəmiyyətli sahələrin əksəriyyəti onların nəzarətindədir. Dəfələrlə onlardan birinin təsəvvürü belə olmadığı sahəyə rəhbər gətirilməsi və bu sahədəki yarıtmaz fəaliyyətinin şahidi oluruq, hətta bu haqda ucadan danışırıq, amma nə fayda…
Zaman-zaman Naxçıvana kürd əsilli biznesmenlərin və əhalinin yerləşməsi danılmazdır, bu haqda mətbuat kifayət qədər yazıb. Başqa bir mühüm amil isə, nüfuzlu ali məktəblərimizin önəmli fakültələrində kürd tələbələrin sayının durmadan artmasıdır. Bütün bunlar sadə naxçıvanlıların kütləvi köçü ilə müşayiət olunursa, demək, ekspansiyadan, demoqrafik tarazlığın süni surətdə başqalarının xeyrinə dəyişdirilməsindən söhbət açmağa dəyər. Naxçıvandakı son on beş ildə gedən proseslər göstərir ki, hər şey ehtimal olunan ssenari ilə gedir. Rejimin Azərbaycana nisbətən orada daha sərt olması, ən xırda narazlılıqların anındaca yatırılması kimi xüsusi həssaslıq heç də təsadüfi deyilmiş…
“Çemodan ovqatlı” xalq deyildik axı
Qaça bilmədiyimiz başqa bir reallıq isə, bu hadisələrin fonunda Naxçıvanda olduğu kimi, Azərbaycanın digər əyalətlərində də insanların doğma yurd-yuvalarından didərgin düşməsidir. Rusiyanın paytaxtı Moskvada keçirilən son siyahıyaalmada ümumi əhalinin 14%-ni soydaşlarımızın təşkil etdiyi bəlli oldu.
Bəli, Rusiyanın rəsmi qurumu etiraf edir ki, təkcə Moskva vilayətində bir milyondan çox azərbaycanlı yaşayır.
Bu nəhəng ölkənin ağuşunda 3 milyon həmvətənimiz var, hələ mən Ukrayna, Qazaxıstan və digər ölkələrdəki soydaşlarımızdan danışmıram.
…Sonuncu dəfə Rusiyada olarkən təsadüfən Moskva vilayətinin Lyubertsı rayonundakı bir qəsəbə bazarında oldum. Bütün piştaxta sahibləri azərbaycanlılar idi, dostum onların hamısının Ucardan olduqlarını söylədi və ardınca əlavə etdi: “Özü də Ucarın yalnız bir kəndindəndirlər(!?)…”. Təxminən 200 nəfərə yaxın idilər…
Moskva-Bakı qatarında öz-özümə verdiyim suala da cavab tapdım – yol boyu mənə elə gəlirdi ki, vaqonda məndən başqa hamı bir-birini tanıyır(!). Demək doğru imiş!.
…Analoji hadisəyə bir neçə il əvvəl Səxavət bəyin bəhs etdiyi Naxçıvan məmurlardan birinin rəhbəri olduğu idarədə rast gəlmişdim, Lyubertsı bazarında olduğu kimi, burada da hamı eyni kənddən idi.
…Bütöv kəndlərin bir bazara sığması, məmurun doğma kəndinin isə bir idarəyə sığmaması Azərbaycanda əhalinin köçürülməsinin başlıca şərtlərindəndir.
Inanıram ki, demoqrafiyanın azəri türklərinə “şamil edilən” bu eybəcərlikləri müvəqqətidir.

Təkcə Naxçıvan deyil, Azərbaycan boşalır…
•