Saakaşvili mənim prezidentim olsun…

Bu arzunu Kişinyovun meri Dorin Kirtoake meriyanın toplantısı zamanı dövlət strukturlarında korrupsiyadan danışarkən dilə gətirib. Bu haqda ru.publika.md saytında xəbər verilir.
Dorin deyib: “Ağlıma bir fikir gəlib. Saakaşvili artıq ikinci dönəm prezidentlik vəzifəsini yerini yetirir, bundan sonra prezident seçkisində onun namizədliyi irəli sürülə bilməz, ona görə qoy indi də Moldovaya gəlsin. Onda həm korrupsiyanın kökü kəsilər, həm də ölkəmizə investisiyalar gələr. Ağ günə çıxarıq”.
Bəli, bu sözləri Kişinyovun meri deyib, bizim Hacıbalanın vəzifəsində çalışan. Arzudan bəlli olur ki, Dorin, yəni Kişinyovun meri korrupsiyanın əleyhinədi.
Dorinin çoxlarında təbəssüm yaradan bu fikri məni kədərləndirdi. Elə düşündüm ki, bu fikrin kökündə, pribaltları çıxmaqla post-sovet ölkələrinin şəxsiyyət problemləri yatır. Çox maraqlı mənzərə yaranır. Təsəvvür eləyin, Rusiya kimi nəhəng ölkə başda olmaqla yerdə qalan bütün respublikalarda aşağı-yuxarı eyni problem ac canavar kimi dövlətin ətini yeyir, vətəndaşlar əzab-əziyyət çəkir; sanki bu ölkələrin xalqlarının alnına yazılıb ki, korrupsiyanın, rüşvətin, monopoliyanın, oliqarxların qurduğu qara iqtisadiyyatın, zorakı idarəetmə aparatının boyunduruğu altında inləsinlər. Ölkə hərbi-polis recimi ilə idarə olunsun; hakimiyyət başında oturanlar yalnız öz ailələrinin gəlirlərini güdsünlər, gündən-günə varlansınlar, dünya banklarını xalqdan oğurladıqları pullarla xoşbəxt etsinlər, dünyanın dörd bir yerində bahalı villalara, mülklərə sahib olsunlar və təbii ki, hakimiyyətləri də əbədi olsun. Səsini çıxaranların dilini boğazından çıxarsınlar, vətəndaşların səsvermə hüququ yalnız məntəqələrə gedib qara verməklə bitsin, elementar azadlıqlar məhdudlaşdırılsın və ya yerli-dibli olmasın…
Anlamağa çalışıram – axı nəyə görə pribaltlar qısa zamanda mədəni Avropa ailəsinə daxil ola, Gürcüstan isə cəmi iki beşillik ərzində bütün keçmiş qardaş respublikalarla müqayisəyəgəlməz səviyyədə mədəniləşə, korrupsiyadan qurtula, demokratik dövlətə çevrilə bilir, o birilər yox? Məgər onlar da yapistlərin dediyi kimi gənc dövlət deyil? Məgər Rusiya, Qazaxıstan, Türkmənistan, Ermənistan, Azərbaycan və o biri ölkələrin əhalisi Saakaşvili kimi bir dövlət başçısı arzulamırmı? Hətta Saakaşvilini bir yana qoyaq, məgər ruslar öz ölkələrində korrupsiyanın kökünün kəsilməsini, insan hüquqlarının bərpasını, daha firavan gün-güzəran istəmirmi? Son yarım ildə Rusiyada təkcə paytaxt Moskvada yüz minlərlə vətəndaş küçələrə çıxdı, Putinə “gəlmə”, sonra isə “get” dedi. Ancaq yekunda Putin gəlir, Nazarbayev ömürlük başçı, Əliyev ömürlük namizəd və başçı, o birilər də nəsə bir ayrı zad olaraq qalırlar…
Yoxsa gürcü xalqı hamıdan daha mədəni, siyasi cəhətdən daha şüurlu, daha cəsur, daha dönməz, daha mərd, daha qürurludu?
Niyə gürcülərin seçdiyi prezident bütün fəaliyyətini gürcü xalqının, Gürcüstanın inkişafına, korrupsiyadan qurtulmasına həsr eləyir və nail olur, bizdə və o biri qardaşlarda isə elə olmur? Mənim demək istədiyim faciə budur. Sanki bu qədər xalqın Saakaşvili kimi bir prezident yetirməyə və ya onu öz prezidenti seçməyə gücü çatmır. Axı mane olan nədi?
Tarix bu qədərmi fərdlərin mənəvi kimliyindən asılıdı? Yoxsa gürcülərdən başqa hamıda şəxsiyyət problemi yaşanır? Heç güman eləmirəm. Elə isə niyə bircə gürcülərdən Saakaşvili çıxır? Indi çoxu bu sualı verir: niyə o əjdahadan bizdə yoxdu? Yox, qardaş, bizə əjdaha lazım deyil. Əjdahanı da gördük. Tövbə, tövbə, əjdaha tövbəsi! Indi əjdaha arzulamaq yox, ondan qurtulmaq vaxtıdı.