Vaşinqtonda Qarabağ müzakirələri: Azərbaycan və Ermənistan hakimiyyətləri münaqişənin həllində maraq göstərməməkdə ittiham olundu
“Azərbaycan və Ermənistanda azadlıqların tətbiqi və xalqlararası etimad mühitinin yaradılması Dağlıq Qarabağ probleminin həllinə aparan ən kəsə yollardır”. Bunu ABŞ-ın Azərbaycanda və Ermənistandakı keçmiş səfirləri Riçard Kozlariç və Con Evans söyləyiblər. “BBC Azərbaycanca”nın xəbərinə görə, srağagün Vaşinqtondakı John Hopkins Universitetində Dünya İşləri Şurasının təşkilatçılığı ilə keçirilən debatda keçmiş səfirlər “Qafqazdakı münaqişələrdə Rusiyanın rolu”nu müzakirə ediblər.
Müzakirələr zamanı regiondaxili ziddiyyətlərə toxunan səfirlər münaqişə tərəflərinin qarşılıqlı münasibətinə də nəzər salıblar. Keçmiş səfirlərdən biri qeyd edib ki, konkret olaraq Dağlıq Qarabağ probleminin uzun müddət həllini tapmamasının səbəblərindən biri tərəflərin bir-birinə inamsızlığıdır:“Cəmiyyətlər arasında ucu görünməyən etimadsızlıq hasarı mövcuddur. Onlar nələri necə güzəştə getməli olduqlarını bilmirlər. Vaxtaşırı olaraq Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir araya gələn prezidentlər isə xalqları güzəştə hazırlamaqdansa, daha asan yol olan “düşmən üzərində qələbə” ruhuna köklənməyə üstünlük verirlər”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitetində terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə proqramının direktor müavini vəzifəsində çalışan Riçard Kozlariç bildirib ki, dialoqsuz, azad söz və plüralizmin olmadığı cəmiyyətlər arasında inam yaratmaq mümkün deyil. O, təəssüf hissi ilə Azərbaycan və Ermənistanda azad söz və plüralizmin olmadığına işarə vurub.
Münaqişə tərəfləri vasitəçiləri günahlandırmamlıdır
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans isə əlavə edib ki, münaqişənin həllinin uzanmasında digər bir problem isə cəmiyyətlərin işi kənar oyunçuların üzərinə atması azmış kimi, yeri gəldi gəlmədi, vasitəçiləri günahlandırmasıdır:“Böyük qüvvvələr tərəfləri bir araya gətirə, yol göstərə, hətta prosesə təsir edə bilər. Ancaq əsas qərarlar cəmiyyətlərdən asılıdır. İnanmıram ki, nə Azərbaycan, nə də Ermənistan xalqları özlərini buna hazır görürlər”. Evnasın fikrincə, sülhə sadiq qalaraq hamının razı qala bilcəyi anlaşmaya doğru təmkinlə irəliləmək hazırda seçilmiş ən məqbul yoldur. Keçmiş səfir deyib ki, əgər bu uğur sayılarsa onu ATƏT-in Minsk Qrupunun uğuru adlandırmaq lazımdır.
“Bəs vasitəçilər necə, tərəflərə son mərhələyə yaxınlaşmaqda təsir edə bilməzlərmi?” sualına cavabında Con Evans bildirib ki, əslində işə köklü yanaşma hələ əvvəldən – müharibənin ilk illərində səhv olub. Belə ki, o zaman Qərb, xüsusilə ABŞ Sovetlər İttifaqının məhz bu hissəsində problemlərin həlli missiyasını ATƏT-ə həvalə etdi. Halbuki, məsələn keçmiş Yuqostlaviyada daxili ixtilafların həllində Vaşinqton önəmli rola malik idi.
1992-ci ildə yaradılmış Minsk Qrupu isə tərəfləri barışığa məcbir etmək deyil, barışıq üçün mühit yaratmağa xidmət edir.
“Rəhbərlərin xalqdan uzaq düşdüyü cəmiyyətlərdə uğur əldə etmək çətindir”
ABŞ-ın Ermənistandakı keçmiş səfirinin sözlərinə görə, bu yerdə də demokratiyanın zəruriliyi özünü göstərir. Daxili şəffaflıqların olmadığı və liderlərin sadə xalqdan uzaq düşdüyü cəmiyyətlərdə bu tipli yumşaq modellə uğur əldə etmək çətindir. Çünki sadə insanlar nələrin müzakirə olunduğundan belə xəbərsiz olurlar:“Hətta ötən əsrin dünya müharibələri beynəlxalq münasibətlərdə ümumi etimadızlıq mühiti yaratsa da, bunu dəf etmək Avropanın timsalında mümkün oldu. Qarabağ nizamlamasında isə bizim həm inama, həm də işlək mexanizmə ehtiyacımız var”.
Riçard Kozlariç münaqişənin həllində Qərb dövlətlərinin səhvlərini şərh edərkən deyib ki, Kosovo amili və Rusiyanın regional ambisiyaları diqqətdən yayınıb. Belə ki, ABŞ Kosovonun müstəqiliyini tanımaqla, Moskvanın Gürcüstanda aqqressivləməsinə şərait yaratmış oldu. Ancaq regional oyunçular istəsə, problemin həllinin sürətlənməsinə də mümkün rol oynaya bilərlər:“Məsələn, Türkiyə-Ermənistan yaxınlaşması və Rusiyanın Cənubi Qafqazda ambisiyalarından çəkilməsi sülhü tezləşdirərdi”.
“Yeni müharibə daha dağıdıcı olacaq”
Keçmiş səfirin fikrincə, ola bilsin Moskva üçün Dağlıq Qarabağa sülh gətirməkdənsə, sülh mühitinin qorunub saxlaması daha çəlbedici görünür. Çünki regional barışıq Bakı-Yerevan-Ankara əməkdaşlığını çiçəkləndirərdi. Bu isə Rusiyaya daha az şey vəd edir. Con Evans öz növbəsində Moskvanın təşəbbüsü ilə son iki ildə keçirilən sülh müzakirələrinə toxunub. Onun sözlərinə görə, Kreml üçün regional əslində böhran qorxusu da təhlükə olaraq qalır. Buna görə də beynəlxalq güclər, xüsusilə ABŞ və Rusiya bölgədə uzunmüddətli əməkdaşlıq imkanları tapmalı, bir-birilərini inkar etməməlidir. Əks halda, isə Qarabağda yeni müharibə, özü ilə regional dağıntılar gətirə bilər ki, bu da həm Qərbin, həm də Rusiyanın maraqlarına böyük zərbədir:“Yeni müharibə əvvəlkindən daha dağıdıcı, və ən faciəlisi olacaq”.


