Orxan Kərimov azad edildi (VIDEO)

Təhsil Nazirliyinin keçmiş əməkdaşı məhkəmədə huşunu itirdi və xəstəxanaya yerləşdirildi

Təhsil Nazirliyinin şöbə müdirinin keçmiş müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov həbsdən buraxılıb.
Bu barədə “Azadlıq”a onun vəkili Müzəffər Baxışov məlumat verib. Vəkil bildirib ki, hazırda Orxan Kərimovun işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi həm onun səhhətində yaranmış problemləri, həm də Yazıçılar Birliyinin sədri Anarın, şair, deputat Sabir Rüstəmxanlının müraciətlərini nəzərə alaraq, belə bir qərar verib. Müdafiəçinin sözlərinə görə, Orxan Kərimov tamamilə məsuliyyətdən azad edilməyib, sadəcə, barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib. Yəni, o, məhkəmənin yekun nəticəsi bəlli olana qədər azadlıqda olacaq.

Yeri gəlmişkən, Orxan Kərimovun işi üzrə keçirilən bugünkü məhkəmə iclasında onun durumu qəfildən pisləşib və o, huşunu itirib. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinə təcili yardım briqadası çağırılıb. Həkimlər Orxan Kərimovun dərhal xəstəxanaya yerləşdirilməli olduğunu bildiriblər. Ona görə də Orxan Kərimov məhkəmədən birbaşa xəstəxanaya aparılıb.
Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma) maddələrilə ittiham olunur. Lakin Orxan Kərimov və yaxınları bu ittihamları rədd edir. Onlar bəyan edirlər ki, kimlərinsə məsuliyyətdən kənarda saxlanılması üçün Orxan Kərimov qurban verilir.
Onu da əlavə edək ki, Orxan Kərimov ağır ürək xəstəliyindən əziyyət çəkir.