“Morninqstar üçün Azərbaycanda demokratiya və islahatların olması önəmlidir”
“Amerikanın Azərbaycanla bağlı siyasəti necə olacaqsa, o cür də işləyəcək”
Iyunun 19-da ABŞ Senatının Xarici Əlaqələr üzrə Komitəsinin iclasında qurum üzvləri Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyinin lehinə səs veriblər. Indi qalır sonuncu mərhələ – Senatın ümumi səsverməsi. Dünənki prosesdə demək olar ki, Morninqstarın namizədliyinə qarşı çıxan olmayıb. Erməni icmasına yaxınlığı ilə seçilən və vaxtilə Metyu Brayzanın namizədliyini əngəlləmiş senatorlar Barbara Boxer ilə Menendes öz səslərini onun xeyrinə veriblər. Onlar səfiri Azərbaycan rəhbərlliyi ilə görüşlərində onu “Dağlıq Qarabağ və Ermənistana qarşı müharibə ritorikasından çəkinməyə, cəbhədə hücumların qarşısının alınması üçün fəaliyyətə, eləcə də erməni kilsəsi və məzarlıqları ilə bağlı narahatlqıları ciddi araşdırmağa səsləyiblər. R.Morninqstar öz növbəsində sülhün və toleralizmin ABŞ xarici siyasətinin də marağında olduğunu bildirəcəyini bəyan edib. O söz verib ki, Azərbaycan rəhbərliyini xalqı müharibəyə yox, sülhə hazırlamasına çağıracaq. Senatın ümumi yığıncağının R.Morninqstarın işini nə zaman səsə qoyacağı hələ məlum deyil.
Görək, Azərbaycanın müxalifət partiyaları Morninqstarın yeni təyinatından nə gözləyirlər?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Morninqstarı məlumatlı və bölgəyə yaxından bələd olan diplomat kimi qiymətləndirir: “Morninqstar bölgəni çox yaxşı tanıyır və regionda olan ölkələrin daxili xüsusiyyətlərini, maraqlarını bilir. Həm peşəkar diplomat, həm də regionu bilən təcrübəli şəxs kimi onun Azərbaycandakı fəaliyyətinin uğurlu olacağını demək olar. Senatdakı dinləmələrdən də görünür ki, yeni səfir üçün
Azərbaycanda demokratiya, islahatların həyata keçirilməsi önəmli məsələdir. Və insan haqları məsələsi diqqətdən kənarda qalmayacaq”.
F.Qəhrəmanlının fikrincə, vacib bir məqamı unutmaq olmaz ki, səfir sadəcə bir vasitəçidir və əsas məsələ onun təmsil etdiyi dövlətin prioritetləri necə müəyyənləşdirməsidir: “O baxımdan ABŞ-Azərbaycan münasibətlərində prioritetlər nə olacaqsa, səfir də ona uyğun fəaliyyət göstərəcək. Ona görə də, səfirin kimliyi, şəxsiyyəti dövlət siyasətini dəyişmək yox, onu daha səmərəli həyata keçirmək baxımından əhəmiyyətlidir.
Müsavat başqanının müavini Tofiq Yaqublu hesab edir ki, səfirlərin fərdi keyfiyyətləri dövlətlərarası münasibətlərə həlledici təsir göstərmir: “Amerikanın Azərbaycanla bağlı siyasəti necədirsə, onu da icra edəcək. Amma bununla belə, səfirin daha obyektiv və ABŞ-ın bəyan etdiyi prinsiplərə sadiq qalması daha arzuolunandır. Müşahidələrimiz göstərir ki, Morninqstar bizim düşündüyümüz adamdır. Və Azərbaycanda demokratikləşmə prosesinin sürətlənməsində öz dəstəyini verəcək. Ümid edirik ki, bu təyinatdan sonra ABŞ tərəfindən demokratiya ilə bağlı tələblər daha ciddi səslənəcək. Buna şübhə etmirəm.