Respublikaçılar Partiyası Müsavat rəhbərliyinə tədbirin Gürcüstanda keçirilməsi üçün kömək təklif edib
Gürcüstanda səfərdə olan Müsavat Partiyası nümayəndə heyəti iyunun 21-də vətənə dönüb. Bu haqda “Turan”a partiyanın təşkilat məsələləri üzrə sədr müavini Gülağa Aslanlı bildirib. O, iyunun 20-də 1918-20-ci illər Azərbaycan cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin qətlinin 92-ci ildönümü ilə bağlı Tbilisinin mərkəzindəki məşhur “Botanika bağı” Azərbaycanlılar qəbirstanlığında onun qəbrini ziyarət etdiklərini deyib. F.Xoyski 1920-ci ildə erməni millətçiləri tərəfindən qətlə yetirilib.
Bununla yanaşı, nümayəndə heyəti adı çəkilən qəbirstanlıqda dəfn edilən Azərbaycan mütəfəkkirləri Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin və Əhməd bəy Ağayevin məzarlarını ziyarət edib.
Daha sonra Müsavat Partiyasının müttəfiqi olan Gürcüstanın Respublikaçılar partiyasının rəhbərliyilə görüş olub. Bu görüşdə partiyalararası əlaqələrlə yanaşı, Müsavat Partiyasının keçirilməsi nəzərdə tutulan növbəti qurultayı ətrafındakı durum da müzakirə edilib. Qurultay keçirilməsi üçün rəsmi Bakı 800-1000 nəfərlik məkan ayırmadığı halda qurultayın Gürcüstanda keçirilməsi imkanları müzakirə edilib. Müttəfiq partiya Müsavat rəhbərliyinə bu məsələdə problem olmadığını deyib, məsələni ən qısa müddətdə dəqiqləşdirəcəyi vədi verib. Müsavat rəhbərliyi
Gürcüstanda səfərdə olan Qərbi Avropa Demokratiya institutunun nümayəndələri ilə də görüşüblər.


