Keçmiş səfir SOCAR-da işə düzəlməsi haqda ittihamlara elə təpki verdi ki…
“İnsanların niyə məyus olduqlarını anlayıram…; əgər onlar faktları bilsəydilər…; bəziləri əllərinə siyasi balta alıb…; əsl müxalifətçilər Bakıda gələcəklərini riskə atıb mübarizə aparır”
ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayzanın səhmlərinin yarısı ARDNŞ-in (SOCAR) nəzarətində olan Türkiyə enerji şirkəti “Turcas”da vəzifə alması ətrafında polemika yenidən qızışıb. “Yeni Müsavat” xəbər verir ki, bu dəfə keçmiş səfir Amerika nəşrinə verdiyi açıqlamada onun “Turcas”da vəzifə almasına dair xəbərlərdə faktların təhrif olunduğunu deyib və onu Londondan tənqid edən azərbaycanlı fəal Murad Həsənliyə cavab verib.
Murad Həsənli ilə Metyu Brayza arasında polemikaya “The Huffington Post” nəşri yer verib.
M.Həsənli Londondan “The Huffington Post”a verdiyi açıqlamada demişdi ki, M.Brayza “Turcas” şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsinə Azərbaycan hakimiyyəti tərəfindən təyin olunub. Çünki bu şirkət ARDNŞ-in nəzarətindədir. Müxalif fəal Brayzanın səfir kimi fəaliyyəti zamanı insan haqları məsələsində susduğu üçün bu vəzifəyə təyin olunduğuna eyham etmişdi.
İyunun 20-də “The Huffington Post” M.Brayzanın fikirləri ilə yenidən bu məsələyə yer ayırıb. Keçmiş səfir deyib ki, onun “Turcas”da işə girməsinə dair Azərbaycan KİV-də yayılmış informasiyalarda faktlar təhrif olunub. O deyib ki, “Turcas” və ARDNŞ Türkiyənin neft-kimya sektoruna yaratdıqları birgə müəssisələr vasitəsilə investisiya yatıran ortaqlardır və “Turcas” heç bir halda ARDNŞ tərəfindən idarə olunmur.
“Əgər insanlar faktları bilsəydilər onlar mənim təyinatım barədə xəbərlərdən ümumiyyətlə məyus olmazdılar. Ancaq yerli informasiya agentlikləri ”Turcas”ın SOCAR-a məxsus olduğunu yazdıqları üçün mən insanların niyə məyus olduqlarını anlayıram. Onların faktları, sadəcə olaraq, düzgün deyil” – deyə M.Brayza bildirib.
Nəşr qeyd edir ki, bir çox müxalifət fəalları üçün “Turcas”ın SOCAR və Azərbaycan dövləti ilə işgüzar münasibətlərinin olması keçmiş Amerika səfirinin Azərbaycan hakimiyyəti ilə maliyyə əlaqələrinin mövcud olduğu qənaətinə gəlməsinə əsas verir. Brayza isə bunu rədd edir: “Mən görürəm ki, bəzi insanlar əllərinə siyasi balta alıb Azərbaycan müxalifəti adından danışır, xüsusən elələrinin adından ki, onlar öz ölkələrində qalıb hər gün mübarizə aparırlar. Əsl müxalifətçilər Bakıdadır və onlar öz gələcəklərini riskə atıb mübarizə aparır. Əgər siz Bakıdakı demokratiya və insan haqları fəalları ilə danışsanız, mənim haqqımda ancaq xoş sözlər eşidərsiniz”.
Keçmiş diplomat deyib ki, özəl beynəlxalq enerji şirkətlərinin həqiqətən Azərbaycanın neft-qaz ehtiyatlarını idarə edən dövlət şirkəti ilə müəyyən maliyyə münasibətləri var: “Əgər siz dövlətin idarəçiliyində olan şirkətlərlə işləməsəniz, ümumiyyətlə, bu ölkədə heç bir iş görə bilməzsiniz”.
“The Huffington Post” Brayzanın səfir kimi qısamüddətli fəaliyyətindən qürur duyduğunu yazır. Keçmiş səfir deyib ki, o, Bakıda işləyəndə müxalifətçilər qədər hakimiyyət strukturlarının təzyiqləri ilə qarşılaşırdı. Çünki onu rejimin insan haqları və ifadə azadlıqları məsələsindəki mövqeyini şübhə altına almaqda həddən artıq aqressiv hesab edirdilər: “Mən Bakıda vaxtımın çox hissəsini istənilən digər problemdən çox insan haqları probleminə həsr edirdim. Mənim işimin əsas hissəsi daxili islahatlara, demokratiyaya, jurnalistlərin həsbxanalardan çıxarılmasına, küçələrdə etirazların baş tuta bilməsi üçün sərbəst toplaşmaq və ifadə azadlıqlarının genişlənməsinə yönəlmişdi”.
Brayza həmçinin hakimiyyətin Bakıda özəl mülkiyyətə qarşı “qəddar hücumuna” da etiraz etdiyini deyib: “Mən heç vaxt hakimiyyəti tənqid etməkdən çəkinməmişəm. Mülkiyyət hüquqlarının pozulması ilə bağlı epizoddan sonra parlamentin bir çox üzvləri mənim persona non-qrata elan edilməmi tələb edirdilər”.
M.Brayza əlavə edib ki, ümumiyyətlə, o, Bakıda işləyəndə insan haqları və demokratiya problemlərini sakit şəkildə qaldırmağa, səs-küylü demokratiya jestləri etməməyə, islahatların aparılması üçün əlverişli mühit formalaşdırmağa çalışırdı: “Amerikanın Azərbaycandakı siyasətinin strukturunda üç komponent var idi: təhlükəsizlik maraqları, enerji və regional iqtisadiyyat, daxili islahatlar, o cümlədən insan haqları və demokratiya islahatları. Hələ 2000-ci illərin əvvəllərindən bu ölkə ilə işləməyə başlayanda mənim bu siyasətin həyata keçirilməsi üçün yanaşmam hər üç komponent üzrə uğurların əldə edilməsi üzərində qurulmuşdu. Bu yanaşma ondan ibarət idi ki, əgər komponentlərin hər üçü üzrə real uğur əldə etmək istəyirsinizsə, o zaman onlardan bu və digərinə ayrıca üstünlük verməməlisiniz. Çünki stabillik qanunun aliliyindən, qanunun aliliyi isə demokratiyadan keçir”.