Aclığı dayandıran məktub

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Aclığın ikinci, ya üçüncü günü təcridxananın rəisi Mürsəl Əhmədov növbəti dəfə kameraya gəldi, amma bu dəfə əliboş deyildi: adyutantının əlində meyvə şirəsi vardı. Səhv etmirəmsə, şaftalı şirəsi idi. O zamanlar hələ “Jalə” şirələri populyar olmadığından, bu sovqatın xüsusi ikrah doğurduğunu deyə bilmərəm. O, nəsihət janrında, təqribən 15-20 dəqiqə mühazirə deyəndən sonra üzümə baxdı:
– Hə, nə deyirsən?
– Sizin sözlərinizdən bir nəticə çıxaracağıma söz verirəm.
Rəis qismən arxayınlaşdı və getdi. Axşamüstü bizim kameradakı uşaqlardan biri məhkəmədən qayıdanda Mürsəl müəllim ondan mənim vəziyyətimi soruşub. Dustaq da belə cavab verib: “Elə o qaydada. Uzanıb, aclığı davam etdirir”.
– Axı, mənə dedilər ki, meyvə şirəsinin qabını bayıra atıblar…
– Doğrudur, Mürsəl müəllim, o, meyvə şirəsini bizə verdi.
Bu cavab Mürsəl müəllimi hiddətləndirib. Amma bu dəfə məni müdiriyyətin yanına yox, Ədliyyə Nazirliyindən gələn bir nəfərin qəbuluna apardılar. Gənc bir oğlan idi. 20-ləri qurtarıb 30-a ayaq basmağa tərəddüd edən bir yaşda olardı. Oğlanın suyu şirin gəldi. “Hə, qabaqlar jurnalist işləmişəm. Hətta bir-iki ay ”Azadlıq”da da işlədim, sonra yolum dövlət qulluğuna düşdü”.
Adını unutduğum gəncdən, “Nə məsələdir, günahım nədir ki, məni yad eləmisiz?”, deyə soruşdum.
– Yox, Allah eləməsin, günah-filan yoxdur. Sadəcə, məni göndəriblər, sizə izah edim ki…
– A bala, işinlə-gücünlə məşğul. Yaxud da ifadələrinə diqqət yetir ki, oturub səninlə söhbət eləməyə, vaxt öldürməyə dəysin. Sən mənə nəyi, nə təhər izah edə bilərsən? – deyib ayağa qalxdım. Çıxıb getmək istəyirdim. Amma gənc mənim gözlədiyimdən daha müdrik çıxdı. And-aman elədi ki, belə demək istəmirmiş, bir qədər kobud çıxıbsa, üzr istəyir, filan-bəsməkan. “Lənət şeytana!” deyib oturdum. Yarım saata qədər ordan-burdan söhbət eləyib ayrıldıq.
Aclığın 5-ci günündən sonra fizioloji narahatlıqlar hiss olunmur. Bu mərhələdə insan əlavə mənəvi dirəniş imkanları əldə edir və bu mənəvi dirəniş orqanizmin daxilindəki bütün fizioloji narahatlıqları dəf edir. Insan öz iradəsinin hakimi olur. 5 günü ötürən adam, artıq “aclığı dayandırım, ya yox” kimi tərəddüdləri biryolluq dəf edə bilir. Həbsxana da belədir, həbsxananın olmadığı “xana”larda da. Bu müddət ərzində kameradakı uşaqlar o qədər diqqətli, o qədər həssas davrandılar ki, mən onların niyə avara-avara işlərlə məşğul olub bura düşdüklərinə görə daha artıq hirslənirdim: “Gül kimi adamlarsınız, ağıl, şüur, dərrakə, amma elə sarsaq işlərlə məşğul olub həyatınızı tələf eləyirsiz ki, adamın durub sizin hamınızı tələf eləməyi gəlir”, – deyinirdim. Onlar gülüşürdülər, amma həm də xəcalət çəkirdilər. Gülməkləri də xəcaləti ört-basdır etmək üçün idi. Mən yüzə-yüz inanırdım ki, Ərkivanlı Habil bir də heç vaxt yaramaz iş tutmaz və onu açıb buraxardım. Yüz faiz əmin idim ki, Xələcli Şamili şərləyib tutublar, onun heç bir günahı yoxdur. Yüz faiz əmin idim ki, Xıllı Şamxalın boğazına ilan salsan da, bir daha heç kimin mal-heyvanına xor baxmaz. Yüz faiz əmin olmadıqlarım da var idi.
Aclığın 7-ci günü Mürsəl müəllim məni “starşina”nın otağına dəvət etdi. Otaqda ikimiz idik. Dedi:
– Sənə bir məktub göstərəcəyəm. Onu oxuyub mənə qaytaracaqsan. Amma mənə söz ver ki, bu məsələ ikimizin arasında qalacaq.
Mən söz verdim. O, bir neçə yerə bükülmüş, eynən həbsxana yazışmaları formasında qatbaqat qatlanmış bir kağız parçası çıxartdı. Zarafatla:
– “Molyava”dır ki! – dedim.
Rəis də gülümsədi və kağızı açıb mənə uzatdı. Mən məktubda yazılanları oxudum. Onu Mürsəl müəllimə qaytardım və:
– Aclığı dayandırdığımı elan edə bilərsiniz, – deyib ayağa durdum.
Mürsəl müəllim getdi. Yarım saat sonra kameraya üçlitrlik bankada toyuq bulyonu gətirdilər.
Mən aclıq aksiyasını başa çatdırandan bir neçə gün sonra Nəbi oruc tutacağını elan etdi. Bu, xüsusi elan ondan ötrü idi ki, imsaq və ibadət üçün yuxudan tez duracağına görə kameradakıları narahat edəcəyinə görə üzr və hamıdan halallıq istəyirdi. Təbii ki, hamı bunu ciddi anlayışla qarşıladı. Səhəri gün tezdən Şamil yuxudan hamıdan, hətta Nəbidən də tez durub onun imsaq yeməyini, çayını hazır edib sonra Nəbini yuxudan oyatmışdı. Nəbi də kəmali-ədəblə yuxudan durub oruc ritualına başlamışdı. Amma günorta yeməyi zamanı Nəbi süfrənin ətrafında əyləşdi və hamı ilə birlikdə yeməyə başladı. Uşaqlar onun bu rəftarını anlamadılar və:
– Sən oruc tutmuşdun, axı… – deyə soruşdular.
Nəbi cavab verdi:
– Nəsə qəlbim çox sıxıldı. Allah günahımdan keçsin, yəqin, həbsxanada oruc tutmağa hazır deyiləm.
Bu hadisədən sonra kamera camaatı Nəbi ilə zarafatlarda əlavə bir səbəb əldə etdi və bərkə düşən kimi ona uğursuz ibadət təşəbbüsünü xatırladıb gülüşürdülər.

Seyid arağı

Seyid Salyanlıdır. 30 yaşı olar; yaşını sifət cizgilərinə görə müəyyən etdim, özü də təsdiqlədi. Amma Seyid həyat yolunu elə dolanbac aşırımlarla aparıb ki, bu qədər çək-çeviri 30 ilin içərisinə yerləşdirməyin hər oğulun hünəri olmadığını etiraf etmək lazımdır.
Seyid Bayıla təsadüfən düşməyən adamlardandır. Ola bilər ki, bu dəfə onun bu Bayıl marşrutu tamamilə təsadüfi alınıb, amma bu təsadüf onun həyat yolunun məntiqidir. Seyidi 177-ci maddə ilə Bayıla gətirib çıxaran təsadüfün altında 3 illik Rusiya, 4 il yarımlıq Ukrayna həbsxanaları dayanır. Amma Bayıla belə “səfeh ittihamla” gəlib düşmək istəməzdi. “Barı bir əməlli-başlı iş görəydim!”, – deyə köksünü ötürür Seyid:
“Kefli idim. Qohumun evindən bir ”aeroport” zənbilini götürüb evimizə gətirdim. Qohum da gedib polisə xəbər verib. Polis səhər tezdən bizə gəlib. Məni yuxudan oyadıb böyrümdəki zənbili göstərirlər ki, bu haradandır? Deyirəm, kefli tinimə düşüb, əmioğlugildən gətirmişəm, indi aparıb qaytararam. Deyirlər ki, yox, biz qaytararıq, sən narahat olma…”
Həqiqətən də belə mənasız hərəkətə görə həbsxanaya düşmək ağlı başında olan cinayətkar üçün çox kədərlidir. Hər bir cinayətkar çalışır ki, həyatının şah əsəri sayılacaq planı həyata keçirsin. Xəyallarında yaşadır həmin əməliyyatın ştrixlərini. Hansısa əcaib kombinasiyalar qurur. Hədəfi, əməliyyatın predmetini müəyyənləşdirmək üçün aylar-illər gərək olur. Olmaz axı, heç nədən, düşünməmiş, baş sındırmamış hansısa çiy işə imza atasan və həmin çiy imzaya görə də türməyə atılasan…

Ardı var