ibrahim ibrahimli-iyun

“Surətçilərdən nə qədər söyüş, təhqir eşitdik…”

ibrahim ibrahimli-iyunİbrahim İbrahimli 1993-cü ilin qaynar parlament müzakirələri və “4 iyun qiyamı”ndan danışır…

1993-cü ilin iyununda baş vermiş çevrilişdən danışarkən, o proseslərlə bağlı parlamentdəki müzakirələri diqqətdən qaçırmaq olmaz. Azərbaycanın siyasi tarixində ən gərgin və ən qızğın müzakirələr o vaxt parlamentdə gedib. O zaman Heydər Əliyevə və qiyamçılara qarşı çıxan milli qüvvələr arasında əsas simalardan biri də Ibrahim Ibrahimlidir. Siyasi keçmişimizə bələd olanların çoxu Heydər Əliyevin Ibrahim Ibrahimliyə “mən siyasətlə məşğul olanda sən Zeynəddin kəndində ayaqyalın gəzirdin” dediyini yaxşı xatırlayır. Əliyev bu sözləri əslində, arqumentsizliyi ucbatından işlətmişdi… Ibrahim bəylə söhbətimizdə iyun qiyamı, o zaman yaşanannlar və milli hakimiyyətin süqutu kimi məsələlərə toxunduq.

Dünən haqda bu gün danışmaq…

Ibrahim Ibrahimli deyir ki, ən yeni tariximizi heydərçilər kifayət qədər saxtalaşdırıb. Bu baxımdan saxtalaşdırılan tarixə, onun tərkib hissəsi kimi, iyun qiyamına işıq salmaq zəruridir. Lakin müsahibimiz deyir ki, bəziləri keçmişdə etmədiklərini indi söyləməklə, eləcə də 20 il əvvəl baş verənləri hadisələrə indiki zaman şərtlərilə dəyərləndirməklə doğru etmir, ictimai rəyi növbəti dəfə çaşqınlığa salır: “Indiki spekulyasiyaların ortaya çıxmasının bir səbəbi də odur ki, qiyama hüquqi qiymət verilməyib. Hərbi qiyamla bağlı başlanan cinayət işinin məhkəmə prosesi işləri daha da dolaşdırdı. Ona görə də bu cür, kim nə istəyir danışır, obyektivlik meyarı itib. Danışarkən mütləq və mütləq o zamankı daxili və beynəlxalq şərtləri göz önünə almalıyıq”.

Elçibəyin məzara apardığı sirlər

“20 il ötəndən sonra milli hakimiyyətin dvrilməsinin səbəbi olan hansısa yeni sirlər açılıbmı, xüsusi bir aydınlaşma olubmu?” sualına cavab olaraq Ibrahimli deyir ki, heç bir xüsusi sirr açılmayıb. Sadəcə, AXC-nin o zaman qiyama verdiyi siyasi qiyməti illər də sübuta yetirib və isbatlanıb ki, baş verən hadisə dövlətə qarşı qəsd olub: “Hesab edirəm ki, o hadisələrlə bağlı yenidən hüquqi qiymətləndirmə aparılmalıdır. Bu işi hazırda Türkiyə edir, orada 30-35 il əvvəl baş verən dövlət çevrilişləri təhlil edilir, insanlar məsuliyyətə cəlb olunur. Burada məqsəd ondan ibarətdir ki, biz normal dövlət qura bilək. Daha, kimsə qalxıb yenidən dövləti sarsıtmağa cəhd etməsin”.
Ibrahim Ibrahimli ilə söhbətimizdə Əbülfəz Elçibəyin iyun qiyamıyla bağlı bir açıqlamasını yada saldıq. Elçibəy deyirdi ki, iyun qiyamı ilə bağlı bəzi məsələləri danışmaq zamanı çatmayıb. Sonradan Elçibəy dünyasını dəyişdi və beləliklə, həmin zaman gəlmədi… Görəsən, hansı sirli, gizli məqamlar ola bilərdi?
Bu sualdan sonra Ibrahim bəy dərin köks ötürür: “Hə, bəzi sirləri Əbülfəz bəy özü dediyi kimi, qəbir evinə apardı. Məsələn, elə fevralda onun Heydər Əliyevlə 8 saatlıq görüşündə baş verənləri… Düşünürəm ki, o görüşdə Əbülfəz bəy vətənin, xalqın taleyi ilə bağlı Heydər Əliyevlə müəyyən söhbətlər aparıb, razılaşma əldə edib. Amma Heydər Əliyev KQB məktəbinə sadiq qalaraq, o razılaşmaların heç birinə sonradan əməl etmədi”.

Qiyamdan əvvəl Əliyev İranda danışıqlar aparmışdı

Bəzi əqidədaşlarından fərqli olaraq, Ibrahim Ibrahimli Elçibəy hakimiyyətinin süqutunu labüd sayır. O, bu fikrini daha çox xarici faktorla əlaqələndirir və o zaman Rusiyanın Bakıdakı səfiri olmuş Volter Şoniyadan sitat gətirir: “Şoniya mənim də iştirakçısı olduğum məclislərdən birində demişdi ki, Kəlbəcərin işğalından qurtula bilən hakimiyyət baxıb görərik ki, Surətdən necə qurtula biləcək? Bu, açıq təhdid idi. Özü də fərdin yox, Rusiya dövlətinin təhdidi. Rusiya Azərbaycanın müstəqilliyini, burada milli hakimiyyətin varlığını həzm etmirdi. Rusiya ilə Iran demokratiyanın və Qərbin regiona daxil olmasını istəmirdi. Buna görə də ən müxtəlif yollarla milli hakimiyyəti zəiflətməyə çalışırdılar. Rusiyanın rolu bu işdə daha böyük idi. Onların planı Ayaz Mütəllibovu prezident, Surəti isə baş nazir etmək idi. Iran daha çox Heydər Əliyevi birinci görmək istəyirdi. Bəlkə də çoxları bu kilid məsələdən xəbərdar deyil ki, qiyamdan əvvəl Heydər Əliyev Iran prezidenti Rəfsəncaninin təyyarəsilə ora getmiş və orada dini və siyasi liderlə görüb danışıq aparmışdı. Milli hakimiyyətin isə planı beləydi: Elçibəy prezident qalır, Heydər Əliyev isə spiker. Bu, məcburi bir seçim idi. Necə deyərlər, iki pis variantdan daha az pisi seçmək. Heydər Əliyev isə öz variantını reallaşdıra bildi, özünü ikinci görmək istəmədi. Onun bu variantını reallaşdırmağa geniş ”KQB” resursu, o zamankı müxalifətin milli dövlətə qarşı qərəzli düşmən münasibəti, tamahkarlıq kömək etdi. Təsadüfi deyil ki, o zaman Heydər Əliyev öz tərəfdarlarına demişdi: “Kim nə istəyirsə, ona o vədi verin”. Hakimiyyət dəyişikliyində neft korporasiyalarının, eləcə də Süleyman Dəmirəlin də əvəzsiz rolu var. Bu gün bəziləri deyir ki, gərək Elçibəy qalıb müqavimət göstərəydi. O adamlardan soruşuram ki, Gürcüstanda Qamsaxurdiya qaldı da, müqavimət də göstərdi. Bəs sonra nə oldu?”

Kələkiyə hamılıqla gedilməliydi!

Ibrahim bəy hesab edir ki, Elçibəyin Kələkiyə getməsindən çox, onunla birgə ora getməyən hakimiyyət nümayəndələri qınanmalıdır: “Əbülfəz bəy Kələkidə faktiki tək qaldı. Onun yanında bir Əli Kərimli (dövlət katibi) idi, bir də Arif Əliyev (prezidentin mətbuat xidmətinin rəhbəri). Amma lazım idi ki, dövlət məmurları mühacir hökumət kimi, orada olaydılar. Belə olsaydı, biz müstəqilliyimizin daha az itki ilə qorunmasını şərtləndirə bilərdik”.
Ibrahim Ibrahimli ad çəkməkdən imtina etsə də, o zaman “həyati təhlükəni” əsas gətirib ölkəni tərk edən, gizlənən silahdaşlarına qarşı qəzəblidir: “Təhlükə var idi, amma mən o vaxt da, indi də bunu meydandan çəkilmək üçün əsas saymamışam. Biz parlamentdə 250-yə yaxın deputatın arasında 5-6 nəfər qalmışdıq. Isa Qəmbər, Ixtiyar Şirinov, Sülhəddin Əkbər həbs olunmuşdu. Tofiq Qasımov, Mirmahmud Fəttayev, Nurəddin Əhədov, Hicran Kərimli və mən… Bu qədər az adam qiyamçılarla üz-üzə idik. Parlament kürsüsündən Surətə xitabən ”qiyamçı polkovnik” deyirdik. Sizcə, bu təhlükə deyildi?”

Qiyamçılarla bir məclisdə

Ibrahim Ibrahimli bizim xahişimizlə Surət Hüseynovun iştirak etdiyi parlament iclaslarını da yada saldı: “Çox çətin günlər idi. Bugünkü təzyiqlər o zamankıların yanında toya getməli idi. Düşünün ki, biz 4-5 adam… Surət öz qiyamçı dəstəsi ilə parlamentə gəlir və elə qiyamçı statusu ilə də bir dəstə adam girib iclas zalında oturur. Parlamentin tam bir cərgəsində qiyamçılar oturmuşdu. Gərgin bir atmosfer… Hər yandan atmacalar, söyüşlər, təhqirlər… Parlamentin girişində dəfələrlə bizi polis saxlayır, aşağılamaq istəyirlər. Təxribatçıları ora yığıb bizə hücum çəkdirirlər, hətta üstümüzə tüpürtdürməyə də adam yığırlar. Bizi ayaqda saxlayan, sınmağa qoymayan Tofiq Qasımov kimi avanqardın olması idi. Bizim orada apardığımız mübarizə səmərəsiz qalmadı. Milli demokratik hakimiyyətə yönələn ittihamları cavablandırmaqla biz elektoratımızın ayaqda qalması üçün misilsiz xidmət göstərdik. Biz tam olsaydıq, Heydər Əliyevin repressiya maşınının gücü azalacaqdı. Bildiyiniz kimi, Heydər Əliyevin sayəsində qiyamdan sonra AXC-nin 33 hərbi batalyonu buraxıldı, o döyüşçülərin bir xeyli hissəsi həbsxanaya salındı, ölkədən qaçmağa məcbur edildi və bütün bu səbəblərdən bir-birinin ardınca rayonları itirdik”.

Etibar Məmmədovu unutmamalı…

“Hərbi qiyamın siyasiləşməsində Etibar Məmmədovun və AMIP-in rolunu inkar etmək, unutmaq olmaz” – bunu da Ibrahim bəy Etibar Məmmədov barədə sualımıza cavabında deyir. Onun sözlərinə görə, iyun qiyamına görə Etibar Məmmədov siyasi və mənəvi məsuliyyət daşıyır: “Etibar Məmmədovun yaxın silahdaşı Şadman Hüseynov Gəncədə qiyamı körükləyənlərdən idi. Onlar regionlar faktorunu da milli hakimiyyətin əleyhinə işlədirdilər. Çoxları unudub bəlkə, Əbülfəz bəyin prezident kimi səlahiyyətlərinin əlindən alınması barədə qanun layihəsini Etibar bəyin yaxın adamı olan hüquqşünas Fuad Əliyev hazırlamışdı, Şadman Hüseynov da onu parlamentdə səsləndirmişdi. Etibar Məmmədovun hərəkətləri cılız firqə maraqları idi. O, milli maraqları ayaqlar altına atdı. Onun vəzifə təmənnası var idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. O, Etibar Məmmədovdan bizim əleyhimizə istifadə etdi, iş vəzifəyə gələndə isə dedi ki, ”Etibar Məmmədov, sən bu bacarıqla uşaq bağçası idarə edə bilərsən, çox yüksək yerlərdə gözün olmasın”.

…və unudulan Tamerlan Qarayev

Azərbaycanın siyasi arenasında müəmmalı isimlərdən sayılan Tamerlan Qarayev barədə də Ibrahim Ibrahimlidən soruşduq. Axı bu gün AzTV-nin ictimaiyyətə təqdim etdiyi kadrlarda Tamerlan Qarayev Heydər Əliyevin spiker olmasına müqavimət göstərən şəxs kimi təqdim olunub. Ibrahim Ibrahimli isə onun hərəkətlərinin səmimiyyətinə şübhə edir: “Bəli, ilk anlarda onun müqaviməti oldu. O, Heydər Əliyevin spikerliyinə qarşı sərt oldu. Amma sonradan onlar razılaşdılar və Tamerlan Qarayev səfir getdi. Mənə görə, bu sərtlik sonrakı bazarlıq üçün düşünülmüş addım idi”.

El üçün ağlayan…

Söhbətimizin sonunda Ibrahim bəy eynəyini çıxarır: “Görürsünüz? Son vaxtlar mən ümumiyyətlə, eynəyi atmaq istəyirəm, gözlərim güclənib. Bunu ona görə deyirəm ki, ”el üçün ağlayanın gözləri kor olar” söhbəti əsassızdır. Illər keçir hər gün daha çox insan mənə yaxınlaşıb deyir ki, “siz (”siz” deyəndə təkcə məni nəzərdə tutmurlar) kişi adamsınız, o zaman haqlı olmusunuz, indi də haqlısınız”. Mən əminəm ki, bizim nəsil gənclərin üzərində heydərizm kimi ağır yükü qoyub getməyəcək, tezliklə Azərbaycanı azadlığa, rifaha qovuşduracağıq”.

Natiq Güləhmədoğlu