Müzakirələrin əsas mövzusu Suriyadakı hadisələr olub
Meksikada keçirilən “Böyük İyirmilik” (G-20) sammitinə qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb. Bir saata yaxın davam edən görüşdə əsas müzakirə mövsuzu Suriyadakı hadisələr olub. Liderlər bu ölkədə vəziyyətin hər ötən gün daha da pisləşməsindən narahat olduqlarını dilə gətiriblər. Onlar Suriyanın böhrandan çıxması üçün beynəlxalq birliyin vəzifələri ətrafında fikir mübadiləsi aparılıb. Ağ Evdən yayılan açıqlamada deyilir ki, Suriyada zorakılığın dayandırılaraq xalqın istədiyi bir hökumətin formalaşdırılmasını təmin edəcək siyasi dəyişikliyə doğru addımların atılmasına tixunan liderlər İraq məsələsini də müzakirə ediblər. Obama və Ərdoğan terrorla mübarizədə də daha sıx əməkdaşlıq edilməsi barədə razılıq əldə ediblər.
Əlavə edək ki, Türkiyənin baş naziri Almaniya kansleri Angela Merkellə də görüşüb. Mətbuata qapalı keçirilən görüş 20 dəqiqə davam edib. Görüşdən sonra açıqlama verilməyib. İddialara görə, liderlərin görüşü zamanı ikitərəfli münasibətlərlə yanaşı Suriya məsələsi də müzakirə olunub.
azadliq.info


