Oleq Bloxin hakimləri ittiham etdi

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin Avropa çempionatında İngiltərə ilə oyun zamanı komandasının təmiz qolunun sayılmamasına qəzəblənib. Lent.az-ın məlumatına görə, Bloxin “gazeta.ru”ya açıqlamasında macarıstanlı referi Viktor Kaşşainin başçılıq etdiyi hakimlər briqadasını ittiham edib.

O deyib: “Bu nə hakimlikdir? Top yarım metr qapı xəttini keçir, hakim susur. Ümumiyyətlə, 5-ci hakim nəyə görə lazımdır?”

Bloxini narazı salan daha bir məqam isə İngiltərə yığmasının müdafiəçisi Con Terrinin özlərinə aid cərimə meydançasında əllə oynadığı halda, penaltinin təyin edilməməsi olub. Endi Kerrollun dirsək zərbəsinə və ingiltərəli futbolçunun arxadan sürüşmə fəndinə hakimin susması da baş məşqçinin narazılığına səbəb olub. Lakin o, məğlubiyyətdə günahı hakimlərin üstünə atmaqdan imtina edib: “Uduzmuşuqsa, buna görə hakimliyi günahlandırmayacağam. Siz özünüz hər şeyi gördünüz. İngiltərə yığması ilk yarıda heç nə göstərmədi, bəs biz neçə dəfə qapıya zərbə endirdik? Top qapıya girmirsə, deməli, bizim günümüz deyil, bəxtimiz gətirmir”.

60 yaşlı mütəxəssis komandasının oyunundan razılıq ifadə edib və məğlubiyyətə layiq olmadığını əlavə edib.

Qeyd edək ki, 62-ci dəqiqədə macarıstanlı baş hakim Viktor Kaşşai ukraynalı Marko Deviçin vurduğu təmiz qolu hesaba almayıb. Con Terri topu qapı xəttindən tam içəridən çölə çıxarsa da, qapı arxasındakı hakim bunu görməyib. Bütün oyun ərzində hücum futbolu sərgiləməsinə baxmayaraq, Ukrayna nəinki qələbəyə, hətta heç-heçəyə də nail ola bilməyib. Əvəzində İngiltərə 1:0 hesabı ilə qalib gələrək, qrup lideri kimi ¼ finala yüksəlib.