“Turqut Özal ”Glikonorinaid” adlı dərmanla öldürülüb, qatili də Azərbaycanda Həsən adlı şəxsdir”
Türkiyə Dövlət Nəzarət Komissiyasının ötən həftə sabiq prezident Turqut Özalın ölümü ilə bağlı təqdim etdiyi hesabat onun ölümü ilə bağlı şübhələri artırıb. Yerli mətbuatın yazdığına görə, iki il ərzində aparılan araşdırmalar nəticəsində hazırlanan hesabatda T.Özalın həşərat dərmanı ilə zəhərlənmiş ola biləcəyi də qeyd edilib(Lent.az).
Dövlət Nəzarət Komissiyası 1998-ci ildə Turqut Özalın həyat yoldaşı Səmra Özalı ziyarət etməyə gələn müammalı azərbaycanlı ilə bağlı da araşdırma aparıb. Hesabatda qeyd olunub ki, həmin azərbaycanlı Səmra Özalın Istanbulun Sarıyer məhəlləsindəki evinə “34 TC 245″ dövlət nömrə nişanlı avtomobillə gəlib. O, özünü mühafizəçilərə Şəhriyar Purnovruz kimi təqdim edib və Səmra Özalla görüşmək istədiyini bildirib. Lakin həmin vaxt Səmra Özal evdə olmayıb. Şəhriyar Purnovruz mühafizəçilərə bir məktub verib və Səmra Özala çatdırılmasını istəyib.
Həmin məktubda yazılıb ki, Turqut Özal “Glikonorinaid” adlı dərmanla öldürülüb, qatili də Azərbaycanda Həsən Əlioğlu adlı şəxsdir. Şəhriyar Purnovruz məktubunda adını və Istanbulda qaldığın otelin adını da yazıb. Səmra Özal evə gəlib məktubu oxuduqdan sonra mühafizəçisi onun məktubda yazdığı “Erciyes Otel”-ə göndərib. Ancaq oteldə heç kim olmayıb. Araşdırma zamanı Şəhriyar Purnovruzun Türkiyəyə rəsmi yolla gəlmədiyi üzə çıxıb. 34 TC 245 dövlət nömrə nişanlı avtomobili və sürücünü də tapmaq mümkün olmayıb. Bu məktub Turqut Özalın ölümü ilə bağlı şübhələri daha da artırıb. Türkiyə Dövlət Nəzarət Komissiyası məsələni araşdırarkən diqqət çəkən faktlar üzə çıxarıb. Məsələn, Səmra Özalın mühafizəçisi Asım Enşenolda Şəhriyar Purnovruzun pasportunun fotosurəti olub və o, həmin fotosurəti Istanbul Polis Idarəsinin Kəşfiyyat şöbəsinə təqdim edib. Ancaq Asım Enşenol sənədi Istanbul Polis Idarəsində kimə verdiyini xatırlaya bilməyib.
Qeyd edək ki, bu günlərdə Turqut Özalın həyat yoldaşı və oğlu Əhməd Özal sabiq prezidentin ölümünün araşdırılması ilə bağlı prezident Abdulla Güllə bir araya gələcəklər.