“The Telegraph” Britaniya parlamentinin keçmiş üzvünün Azərbaycanda baş verənlərə göz yummasının səbəbini “tapdı”
Ingiltərədə yayımlanan “The Telegraph” qəzetində Leyboristlər partiyasının tanınmış simalarından biri, Britaniya Parlmentinin keçmiş üzvü Fiona Marqarita Maktaqard Azərbaycan hakimiyyətiylə yaxınlığına görə tənqid olunub. Qəzetin yazdığına görə, Maktaqard insan haqlarının kobudcasına pozulduğu Azərbaycanda baş verənlərə göz yumur:
“Leyborist siyasətçi Avropa Azərbaycanlıları Cəmiyyətinin ”qonaqpərvərliyi” qarşısında susmağa üstünlük verir. Cəmiyətin 1000 funt-sterlinq xərclədiyi qonaqlıq Maktaqardı susmağa məcbur edib”.
Xatırladaq ki, Azərbaycan hakimiyyətiylə sıx əməkdaşlıq etmələri üzündən bir çox avropalı siyasilər son günlər Qərb mediasının hədəfinə çevrilib. Həmin məqalələrdə Azərbaycan hakimiyyətinin Avropa ölkələrinin və AŞ PA kimi beynəlxalq qurumların rəsmilərini bahalı hədiyyələrlə ələ alması faktları aşkarlanıb. Bunlarla yanaşı Azərbaycan hakimiyyətinin insan haqlarının pozulması hallarına göz yummaları müqabilində bəzi avropalı siyasilərə külli miqdarda rüşvət verdiyi də üzə çıxıb. Əliyev iqtidarının Avropadakı lobbiçiliyini əsasən mərkəzi qərargahı Londonda yerləşən Avropa Azəbaycanlıları Cəmiyyəti həyata keçirir. Əlavə edək ki, bu qurumun rəhbəri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.


