İlham Əmiraslanovla bağlı Işgəncələr Əleyhinə Beynəlxalq Komitəyə müraciət olunacaq
DIN hüquq müdafiəçisinin işgəncə iddialarını şantaj və böhtan adlandırdı
Iyunun 8-də Sabirabadda həbs edilən və hazırda Bakı Istintaq Təcridxanasında saxlanılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, hüquq müdafiəçisi Ilham Əmiraslanovun məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluq və DIN-ə müraciəti haqqında ötən sayımızda məlumat vermişdik. Müraciətində tükürpədici işgəncələrdən söz açan I.Əmiraslanov yazıb ki, Əsgərbəyli kəndi yaxınlığında saxlandıqdan sonra Sabirabad Olimpiya Idman Kompleksinə aparılıb. Orada Daxili Işlər Nazirliyi (DIN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməliyyatçıları tərəfindən işgəncələrə məruz qalıb. O, işgəncələrin rayon polis idarəsində davam etdirildiyini bildirib və qeyd edib ki, videokamera qarşısında onun belindən çıxardıqları tapançanın da zorla ona məxsus olmasına imza atdırıblar.
Daha sonra onu evlərinin zirzəmisinə salıb sellofanda 5 tapança patronu da veriblər. Həmin patronların ona məxsus olması ilə bağlı sənədə imza atdırıblar.
İcra başçısı xəbərsiz olduğunu deyir
Sabirabad rayon Icra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov “Azadlıq” radiosuna açıqlamasında rayon Olimpiya Kompleksində kiməsə işgəncə verilməsi barədə məlumatlardan xəbərsiz olduğunu deyib: “Mən bu barədə heç bir şey bilmirəm, nə də eşitməmişəm. Birinci dəfədir sizdən eşidirəm. Siz hüquq-mühafizə orqanlarına müraciət edin”.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə Ilham Əmiraslanovun yazdıqlarına inanmadığını deyir. Hesab edir ki, o, bununla özünü günahsız göstərmək istəyir: “Bu, ictimai diqqəti özünə cəlb etmək üçün kimlərsə tərəfindən məqsədyönlü şəkildə dövriyyəyə buraxılmış bir məsələdir. Daxili işlər orqanlarının cəmiyyətdəki yüksək nüfuzuna və imicinə kölgə salmaqdan başqa bir şey deyil. Bu kimi məlumatların hamısı böhtan və şantaj xarakterli məlumatlardır”.
“Burada heç kim işgəncəyə məruz qalmayıb”
O.Mansurzadə Ilham Əmiraslanovun Sabirabad polisində saxlanması və ona işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib edir: “Burada heç kim işgəncəyə məruz qalmayıb. Nə də Ilham Əmiraslanov bizdə şöbədə saxlanılmayıb”.
Xəlil Əmiraslanov isə deyir ki, qardaşı əliqandallı, qaramaskalı, əliavtomatlı bir neçə nəfərin müşayiəti ilə evə gətiriləndə, az qala onu tanımayıblar: “Doğrusu, biz dedik ki, yəqin ona iynə vurublar ki, belə hala düşüb. Bizi yaxına buraxmırdılar, onu kənardan görürdük. Hesab etdik ki, ona iynə vurub keyidiblər. Sakit, əzgin halda durmuşdu”.
I.Əmiraslanovla iyunun 16-da görüşdüyünü deyən vəkil Samir Isayev isə bildirir ki, müdafiə etdiyi şəxsin üz və bədənində xəsarət izləri görməyib. Amma o, bədənindəki ağrılardan şikayətlənib, ona edilən işgəncələrlə bağlı ekspertizanın təyin olunmasını istəyib: “Mənə danışdı ki, ”gördüm, hədələr real hədələrdir, dediklərini edəcəklər, düşündüm ki, bundansa ölüm yaxşıdır. Razılaşdım, hər şeyə qol çəkdim”. Psixoloji vəziyyətindən hiss olunur ki, dedikləri düzdür”.
Ombudsman söz verib
I.Əmiraslanovun yazdıqlarından Ombudsman Aparatı da məlumatlıdır. Qurumun hüquq şöbəsinin əməkdaşı Adil Eyvazovun “Azadlıq” radiosuna dediyinə görə, müraciət artıq icraata götürülüb: “Həmin şəxsin müraciəti Ombudsman Aparatına daxil olub və icraata götürülüb. Eyni zamanda ”qaynar xətt”ə də müraciət olunub. Məsələnin yerində araşdırılması üçün həmin şəxslə görüş olacaq”.
I.Əmiraslanovun qardaşı deyir ki, ailə üzvlərinin və Əsgərbəyli kənd sakinlərinin prezidentə və baş prokurora etdiyi müraciətə hələ cavab verilməyib. O, qardaşının günahsız olduğunu və daşqından zərərçəkənlərin işi ilə bağlı fəallıq göstərdiyi üçün şərlənərək tutulduğunu bildirir.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov I.Əmiraslanovun yaxınlarının mətbuat vasitəsilə də olsa, ona müraciət etməsini istəyir: “Ailəsindən xahiş edirəm, müraciət etsinlər ki, mənim də əlimdə araşdırma aparmaq üçün əsas olsun. Müraciət olunsa, gedib araşdırma apararam, özü ilə də görüşərəm”.
Hüquq müdafiəçisi Leyla Yunus isə hesab edir ki, lazımi reaksiya olmayınca bu cür işgəncə halları artmaqda davam edəcək: “Hüquq-mühafizə orqanları tərəfindən lazımi reaksiya yoxdur. Beynəlxalq qurumlara gəlincə, AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı ilkin hesabatında hansı biabırçılıqların yer aldığı barədə artıq danışmışam. Hesabatın işgəncələr hissəsində bir dənə də işgəncə faktı yer almayıb. Orada nə Turac Zeynalov, nə Zeynal Bağırzadə ilə bağlı işgəncələrdən söz açılır. Əminəm ki, Ilham Əmiraslanovla bağlı məlumatlar göndərilsəydi, bu məsələyə də toxunmayacaqdılar”.
“Mətbuat işgəncə verənlərin adlarını ictimailəşdirməlidir”
L.Yunusun fikrincə, son işgəncə faktları toplanaraq Işgəncələr Əleyhinə Beynəlxalq Komitəyə göndərilməlidir: “Bununla yanaşı, mətbuat Ilham Əmiraslanova işgəncə verən şəxslərin adlarını ictimailəşdirməlidir. Bu adları çap etsinlər və hər yerə yaysınlar. Qoy, onları hamı – bütün dünya tanısın”.
I.Əmiraslanov Cinayət Məcəlləsinin 228.1. (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. Ittiham təsdiqlənərsə, o, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
I.Əmiraslanov həbs edilməzdən əvvəl Kür daşqınlarından zərərçəkənlərin Bakıya yürüş edəcəyi barədə məlumat yaymışdı.