Ağdaşda uşaq bağçasının həyətindən tapılan qızılların taleyi qaranlıqdır
Ağdaş rayonu 1 saylı Uşaq bağçasının yenidən təmir olunması mümkün sayılmadığından, binanı sökərək yerində müasir standartlara uyğun təzəsini tikmək qərara alınıb. Buna görə də 10 gün əvvəl bina yerlə-yeksan olunub, yeni bina üçün fundament qazılıb.
Bir anın içində varlanan sürücülər polisin hədəfində
2 metr dərinlikdəki qazıntıdan sonra buldozerin çömçəsi boranı rəngli küpə toxunur. Sürücü küpü buldozerin çömçəsiylə yuxarı qaldırıb “Kamaz” markalı yük maşınının içinə atmaq istəyir. Buldozerin nəhəng dişlərinin ağırlığına tap gətirə bilməyən küp göydə sınır, qızıllar yerə səpələnir. Özünü “Kamaz”dan bayıra atan sürücü digər iki yoldaşıyla birgə qızılları küplə birgə götürüb aradan çıxır.
Yerə səpələnən qızıllardan tikintidə işləyən iki fəhlə və yaxınlıqda yaşayan Mayis adlı qonşu da yığa bilir. Az keçmir ki, digər qonşu gəlib deyir tapılan qızıldan ona verməsələr, hamını satacaq. Fəhlələr isə baş verənləri inkar edib deyirlər ki, tapdıqları xəzinə deyil. Üç sürücünün, iki fəhlənin və Mayisin sevinci bir gündən artıq sürmür. Hadisənin səsi rayon Icra Hakimiyyətinə və Polis şöbəsinə kimi çatır. Səhəri gün işləməyə gələn sürücü və fəhlələri bağçanın həyətində polislər qarşılayırlar. Sorğu-sual üçün hamı Polis şöbəsinə aparılır. Burada da heç kim gördüyünü, etdiyini, götürdüyünü boynuna almır. Sonradan fəhlələr etiraf etsə də, sürücülər yenə də inkar edir. Nəhayət, 2 gün içində hər üç sürücü baş verənləri və etdiklərini boyunlarına almalı olurlar. Sürücülər polis nəzarəti altında gündüzlər iş başında, axşamlar idarədə gecələməli olurlar. 2 gün sonra sürücülər polislə birgə uşaq baxçasının həyətinin bir küncündə basdırdıqları qızılları onlara təhvil verməli olurlar. Əlavə edirlər ki, ara sakitləşdikdən sonra qızılları evlərinə aparacaqlarmış. Hətta aralarında qızıldan rayon sakinlərindən birinə satdıqları da məlum olur. Qızıl alan o sakin də polis idarəsində sorğu-suala çəkilməli olur.
Qızılı tapanlara hədə-qorxu gəliblər
Hamı tapılan qızılı, götürdüyünü polisə təhvil versə də, dəli Mayis daş atıb başını tutur ki, onda qızıl yoxdur. Əlini qarnına vuraraq, ətrafdakılara göstərir ki, qızıl buradadır. Əlqərəz, Mayisin boynuna heç nə qoya bilməyən polislər onu Bakıya, Ruhi Əsəb Xəstəlikləri Dispanserlərindən birinə yollayırlar. Onun bu günə kimi evə buraxılmadığını deyirlər.
Tapılan qızıllardan sürücü və fəhlələrə bir dənə də pay düşməyib. Onlara deyiblər ki, dövlətin (?) malını tapıb oğurladıqları üçün cinayət etmisiniz, buna görə də sizə heç bir pay verilməyəcək.
Qızılları görənlər deyir ki, onlar XIX əsrə aid sikkələriymiş. Yəni, çar II Nikolayın əksi olan 1899-cu ilin 5-lik sikkələri və digər başqa tarixə məxsus qızıllar olub. Bəzi şəxslər 5-lik sikkələrlə yanaşı, küpdən külçə qızılların da çıxdığını iddia edir. Küpdəki sikkələrin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirirlər. Kimi 300, kimi 600, kimi də 800 ədəd olduğunu deyir. Dəqiq sayını isə bilən yoxdur. Qızılların tapılmasından 10 günə yaxın vaxt keçir. Bu günə kimi qızılların dövlətə təhvil verilib-verilmədiyi barədə hər hansı məlumat yoxdur. Hətta bu barədə rəsmi məlumat da açıqlanmayıb. Vəzifədən uzaqlaşdırılıb həbs olunan dövlət məmurlarının evlərinə keçirilən baxış zamanı tapılan qızıl-zinət əşyalarının, pulların foto və video görüntüləri yerli elektron və yazılı KIV-də yayımlandığı halda, 10 gün bundan əvvəl tapılan qızılların taleyi barədə məlumat verilmir.
Indi uşaq bağçasının qonşuluğunda yaşayanlar qızıllara sahib çıxmaq istəyir. Polis şöbəsinə gedib həmin ərazinin ulu babalarının, xəzinənin də elə ulu babalarından qaldığını iddia edirlər. Iki gün əvvəl xəbər yayıldı ki, guya, xəzinə sahibinin əsl varisi tapılıb, varisliyini sübut etməyə çalışır…
Uşaq bağçası kimin mülkü olub?
…Indi keçək o uşaq bağçasının binasının, yəni mülkün kimə məxsus olmasına. Bina zəngin bəylərdən birinə məxsus olub. Bəy mülkünü tərk edib getdikdən bu yana üçüncü dəfədir ki onun mülkündən qızıl tapılır. Atam deyərdi ki, uşaq vaxtı həmin bəyin evinin yanından keçən su arxının kənarında oynayardılar. Bir gün əllərindəki dəmir parçasıyla torpağı qazanda sarı rəngli pullar tapırlar. Bunu görən bəy gəlib onu uşaqların əllərindən alıb özlərini də oradan qovur…
Aradan az keçmir, bəy mülkü tərk edir və onu heç kim görmür. Illər sonra yaşlı insanlardan eşitmişdim ki, Fransada oxuyan bəyin oğlu hər gəlişində evlərinə müxtəlif formada oyuncaq qatar və relslərini gətirərdi. Ara-sıra qonşu uşaqlarını başına toplayıb o relsli qatarı işə salar, uşaqları əyləndirərdi… Bəy oranı tərk etdikdən sonra ərazi dövlətin mülkiyyətinə keçir və uşaq bağçası kimi fəaliyyət göstərir.
Bu, rayonda fəaliyyət göstərən ilk uşaq bağçası olur. Böyük Vətən Müharibəsinə bir neçə il və ya ay qalırmış. Sonra müharibə başlayır, uşaq bağçası o dövrdə hərbi hospitala çevrilir. Müharibə başa çatdıqdan sonra uşaq baxçası yenidən fəaliyyət göstərməyə başlayır.
50-ci illərdə binanı yenidən təmir etməli olurlar. Bağçanın bir addımlığında yaşayan qonşu deyir ki, bina təmir olunanda kiçik yaşlarındaymış və qardaşlarıyla birgə orada işləyən ustaları seyr edirmiş. Ustalar binanın divarından ÿuzunluğu 30 sm olan dəmir qutu tapırlar. Ustalar qutunun içindən sarı rəngli qızılları çaxaranda uşaqlar “ana, ana buradan qızıl tapıldı” deyib evə qaçıblar. (Modern.az).