İdarədə 3 milyon manatadək yeyinti aşkarlanıb
Korrupsionerlər antikorrupsionerlərə sifariş göndərib
Bakı Şəhəri üzrə Təhsil Idarəsindəki (BŞTI) mənbəmizin məlumatına görə, bu qurumda, sözün əsl mənasında, şok yaşanmaqdadır. Buna səbəb uzun müddətdir ki, BŞTI-nin divarları arasında dolaşan bəzi ilginc söhbətlərin yuxarı instansiyalara çatmasıdır.
Mənbənin dediyinə görə, 2007-ci ildən bəri qurumda müxtəlif istiqamətlərdə dəhşətli yeyintilər baş verib. Belə ki, yalnız Nəsimi rayon məktəbləri üçün ayrılan dövlət vəsaitindən 3 milyon manatadək pul ayrı-ayrı adamların adına yazılaraq mənimsənilib. O da bəlli olub ki, bu adda adamlar yoxdur və onlara aid şəxsiyyət vəsiqələrinin nömrələri yalançıdır. Iddia edildiyinə görə, bu talançılıqların başında BŞTI-nin müdir müavini Müslüm Qəzənfərov dayanır. Xatırladırıq ki, Hesablama Palatasının sədri Heydər Əsədovun yaxın qohumu olan Qəzənfərov uzun müddət Nəsimi rayonunda təhsil şöbə müdiri işləyib. Yəqin ki, ona görə də o, əksər əməliyyatları “doğma” məktəblərinin – Nəsimi məktəblərinin adı ilə edib. Bu maxinasiyaların bilavasitə icraçısı isə Qəzənfərovun əmisi qızı, BŞTI-nin iqtisadiyyat şöbəsinin aparıcı işçisi Amalya adlı bir xanım olduğu söylənilir.
Mənbə daha sonra deyir: “Hazırda məsələ o dərəcədə şişib ki, onu gizlətmək mümkün deyil. BŞTI-nin bəzi ”başbilənləri” əvvəlcə düşündülər ki, mənimsənilən pullar sakitcə kassaya qaytarılsın və bununla da iş bitsin. Amma onlar “qaytarma” əməliyyatının nə adla həyata keçiriləcəyinə motiv tapa bilmədilər. Vəziyyəti belə görən BŞTI müdiri Nailə Rzaquliyeva daha ayıq tərpəndi. Bir neçə gün öncə o, məcbur olub bütün məlumatları Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə ötürdü. Indi BŞTI-də hamı oturub “səbirsizliklə” Nailə xanımın qonaqlarının gəlişini gözləyir”.