Abunə kampaniyasına reaksiya necədir?

Ölkənin aparıcı qəzetləri olan “Yeni Müsavat” və “Azadlıq” bir neçə gündür abunə kampaniyasına start verib. Hər iki qəzetin bununla bağlı oxuculara müraciətində bildirilir ki, son aylarda ölkədə qəzet satışı müxtəlif yollarla əngəllənir, paytaxtın mərkəzində, qəzet alıcılarının ən çox olduğu yerlərdə xeyli sayda qəzet köşkü götürülüb, eyni zamanda səyyar qəzet satışı məhdudlaşdırılıb. Bu səbəbdən “Yeni Müsavat” və “Azadlıq” çıxış yolunu oxucuların qəzetlərə abunə yazılmasında gördüyünü diqqətə çatdırıb.

Abunə elanlarında qeyd olunur ki, redaksiyaların oxucuların fədakarlığına və sədaqətinə ehtiyacı var: “Yaradıcı kollektivləri bu vəziyyətdən yalnız qəzetə abunə yazılmaq kampaniyasının başladılıb genişləndirilməsi çıxara bilər. Əks təqdirdə ölkədəki və dünyadakı gerçəklikləri yazan qəzetlərin fəaliyyətinin dayanması təhlükəsi ciddidir”.

İyunun 20-də “Media forum” saytına açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı bildirib ki, abunə çağırışına reaksiya verən çox azdır: “Gedişat qənaətbəxş deyil. Ona görə də abunə kampaniyasının daha geniş təbliği üçün müxtəlif üsullara əl atırıq. Yeri gəlmişkən qeyd edim ki, abunə qiymətləri satış qiymətlərindən daha münasibdir”.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə deyib ki, vəziyyət o qədər də pis deyil: “Konkret rəqəm deyə bilmərəm, amma kifayət qədər fəallıq var. Kampaniya davam etməkdədir, güman edirəm ki, daha da yaxşı olacaq. Abunəçilərimizn sayı ən azı min nəfər olsa, bu, qəzetimizin maddi vəziyyətinə xeyli təsir edəcək”.