“Biz inanırıq ki, XXI əsrdə çiçəklənən ölkələr universal hüquqlara riayət edən ölkələr olacaq”
“Amerikanın səsi” (Voice of America) radiosunun internet səhifəsində ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə yayımlanıb. Məqalədə qeyd olunur ki, ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana ilk səfəri zamanı iki ölkə arasındakı 20 illik münasibətlərin hökumətlər, biznes strukturları və xalqlar arasında möhkəm əlaqələr yaratdığını bildirib. Baş məqalədə deyilir ki, Klinton İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı təhlükəsizlik, energetika və demokratik islahatlar müzakirə olunub.
Dövlət katibi Azərbaycan rəhbərliyinə Əfqanıstan, İraq, Kosovo münaqişələrində, xüsisilə də Əfqanıstana təchizat daşınmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Klinton son zamanlar Azərbaycan-Ermənistan sərhəd zonalarında baş verən ölüm hallarına görə təəssüfünü də dilə gətirib. ABŞ dövlət katibi tərəfləri sülhün bərqərar edilməsi istiqamətində irəliləməyə çağırıb.
Hillari Klinton deyib ki, ABŞ və Azərbaycan enerji təhlükəsizliyi sahəsində sıx əməkdalıq edir. Dövlət katibi Azərbaycanın neft və qaz təminatı sahəsindəki aparıcı rolunu yüksək qiymətləndirərək, Avropanın neftlə təmin edilməsində cənub marşrutunun yaradılması səylərini alqışlayıb.
Xanım Klinton vətəndaş cəmiyyətinin gücləndirilməsi və demokratik islahatların vacibliyini də vurğulayıb. O, səfəri zamanı yenicə həbsdən azad edilən Bəxtiyar Hacıyevin və vətəndaş cəmiyyətinin digər üzvlərinin işlərini davam etdirəcəyindən əmin olduğunu deyib:“Biz inanırıq ki, 21-ci əsrdə çiçəklənən ölkələr qanunun aliliyi, mətbuat azadlığı, ifadə azadlığı və digər universal hüquqlara riayət edən ölkələr olacaq. Mən Azərbaycanın iqtisadi tərəqqi və siyasi islahatlar yolunda irəliləyəcindən əminəm”.