Hərbi prokuror hərbi hissələrdə cinayətlərin baş verdiyini etiraf etdi
“Hərbi birləşmələrdə də cinayət hadisələri, hətta qəsdən adamöldürmə halları da baş verir. Ancaq xoşagələn hal odur ki, bu hadisələrin tempi inkişaf etmir, əksinə geriləməyə doğru gedir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev deyib. Xanlar Vəliyev bildirib ki, bu cür ağır hadisələr istər Müdafiə Nazirliyi, istər Dövlət Sərhəd Xidməti, istər Daxili Qoşunlar, istərsə də başqa strukturların tərkibindəki silahlı birləşmələrdə ildən-ilə azalır.
Silahlı qüvvələrdə ağır cinayətlərin baş verməsinin səbəbləri barədə danışan Xanlar Vəliyev deyib ki, orduda xidmət edənlərin böyük əksəriyyətinin gənclər olduğu nəzərə alınmalıdır: “Bu hərbi hissələrin böyük əksəriyyəti düşmənlə üz-üzə mövqedə yerləşir. Yəni bütövlükdə xidmət şəraiti ağırdır. Bununla bağlı təbii ki, müəyyən psixoloji gərginliklər olur. Bu səbəbdən də müəyyən cinayət hadisələri törədilir. Gənc adamlardır, bəzən onların bu və ya digər şıltaqlıqları, səhvləri səbəbindən də hadisələr törənir. Digər tərəfdən isə hərbi hissələrdə komandirlərin müəyyən qanunsuzluqları cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır”.
Xanlar Vəliyev hərbi hissələrdə cinayətlərin azaldığını desə də, baş verdiyini də danmayıb. Hərbi prokuror bununla əslində Səfər Əbiyevi pis vəziyyətə qoyub. Müdafiə Nazirliyi hərbi hissələrdə hər hansı cinayət xarakterli hadisənin baş verdiyini birmənalı inkar etdiyi halda, Xanlar Vəliyev bunun əksini deyir. Bu halda hərbi prokurorun “amma bu hadisələrin tempi getdikcə azalır” sığortası da çox sönük görünür.