“Təxribatlar davam edərsə, adekvat cavab veriləcək”
Türkmənistan Xarici Işlər Nazirliyi bu ölkənin səfiri Komekovun Azərbaycan XIN-ə çağırılması və xarici işlər nazirinin müavini Xələf Xələfovla söhbət etməsi ilə bağlı məlumat yayıb.
“Türkmənistan XIN bildirir ki, 2012-ci il iyunun 16-da Xəzərin Azərbaycana aid olmayan sektorunda elmi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti tərəfindən qanunazidd hərəkətlərin həyata keçirilməsinə cəhdlə bağlı Azərbaycan XIN-ə diplomatik nota göndərilməsi də daxil olmaqla, Azərbaycan tərəfinə rəsmi qaydada qəti etiraz bildirilib”,- məlumatda deyilir.
“Qeyd olunub ki, bu cür təxribatlar davam edərsə, adekvat cavab veriləcək”,- Türkmənistan XIN bildirib.
Xatırladaq ki, söhbət Azərbaycan və Türkmənistan sektorlarının qovuşuğunda yerləşən “Kəpəz” yatağından (Türkmənistanın versiyasına görə “Sərdar”) gedir. Türkmənistanın məlumatından belə çıxır ki, Azərbaycan sərhəd gəmisi Türkmənistan gəmisini həmin yerdən qovub. Bütün bunlar iki ölkə arasında onsuz da yaxşı olmayan münasibətləri gərginləşdirə, dənizin dibi ilə Türkmənistandan Azərbaycana Transxəzər qaz kəmərinin inşası ideyasına xələl gətirə bilər.