Rəqsanə kirayə borcuna görə məhkəməyə verildi

Müğənni Rəqsanənin başı yenə dərddədir. O, məhkəməyə verilib. Ayda 1500 ABŞ dollarına kirayədə qaldığı evin pulunu uzun müddət ödəmədiyinə görə. Ev sahibi Rəfiqə İsgəndərova Nərimanov rayonu İ.Dadaşov küçəsi, ev 50-də altı ilə yaxın kirayə yaşayan Rəqsanənin artıq bir neçə müddətdir ki, kirayə haqqını ödəmədiyindən şikayətçidir. 

Şikayətçinin vəkili Samir Həsənov “modern.az”a bildirib ki, Rəqsanənin evdə qalmaq üçün bağladığı kirayə müqaviləsinin müddəti ötən ilin 31 dekabrında bitib.
“Müqavilənin vaxtının bitməsinə baxmayaraq, o, evdən çıxmır, orada yaşayır və kirayə haqqını da ödəmir. Ondan əvvəlki dönəmlərdə də 5200 manata yaxın kirayə haqqı yığılıb. Onlar öz ərizələrində də bunu təsdiqləyiblər. 31 dekabrda biz onlara borcu ödəmələri və evdən çıxmaları barədə xəbərdarlıq göndərdik. Dəfələrlə müraciət etsək də, bunun heç bir təsiri olmadı. Yanvar, fevral, mart ayllarını da gözlədik, nəticə olmadıqda məhkəməyə müraciət etdik. Məhkəmə 5200 manat, eyni zamanda yanvar, fevral, mart aylarına qədərki dövrlərin kirayə haqlarının verilməsi iddiasını təmin etdi, bu hardasa 8-9 minə yaxın pul edir. Apellyasiya müddəti qoyuldu ki, qərar çıxandan bir ay müddətində şikayət olunsun”, – deyə vəkil bildirib.
S.Həsənovun sözlərinə görə, qarşı tərəf dəfələrlə qeyd ediblər ki, çıxmaq istəyirlər, sadəcə, yaşamağa yerləri yoxdur. Üstəlik, əşyalarını da yığmağa əlavə yerləri yoxdur. “Bir sözlə, vaxt istəyirlər. Biz də bildiririk ki, iki ay əvvəlcədən xəbərdarlıq etmişik. 6-7 aydır ki, evdən çıxmırlar, demək heç çıxmaq fikirləri də yoxdur. Yalandan televizorda belə evim, bağım-bostanım deyir, amma kirayə haqqını gəlib ödəmir. Evin yiyəsi ailəsi ilə birgə Türkiyəyə gedib, orada yoldaşı vəfat edib, indi isə evinə qayıdır, amma müğənninin ucbatından evinə yerləşə bilmir və özü kirayələrdə qalıb”, – deyə vəkil vurğulayıb.

Müğənni Rəqsanə 9 mərtəbəli binanın 9-cu mərtəbəsi ilə mansard hissəsində qalır. İki mərtəbli mənzilin içərisindən yuxarı mərtəbəyə pilləkən var.