“Mən bir neçə dəfə istintaqa çağırılsam da, Əbülfəz bəyin əleyhin ifadə vermədim”
“Pənah bəy düz deyir, Əbülfəz Elçibəy tələbərinə bildirmişdi ki, əgər incidilsəniz əleyhimə ifadə verə bilərsiniz. Mən bu söhbətin şəxsən şahidlərindən biriyəm”. Bu sözləri “Azadlıq”a deputat Fəzail Ağamalı Pənah Hüseynin fikirlərinə münasibət bildirərkən deyib. Fəzail Ağamalı əlavə edib ki, lakin Əbülfəz Elçibəyin tələbəri arasında bir neçə nəfər onun bu tövsiyyəsinə əməl etməyib: “Həmin tələbələrdən biri də mənəm. Mən bir neçə dəfə istintaqa çağırılsam da, Əbülfəz bəyin əleyhin ifadə vermədim”.
Xatırladaq ki, Fəzail Ağamalı “Pat.az” saytına açıqlamasında bildirmişdi ki, 1970-ci illərdə Azərbaycanda Əbülfəz Elçibəy başda olmaqla, bir neçə nəfər həbs olunub. Həbs zamanı iki dəfə dindirilənlərdən biri də Fəzail Ağamalı olub. Dindirilməsilə bağlı açıqlama verən Ağamalı bildirib ki, ondan Elçibəyin həbs olunması üçün ifadə almaq istəyib. Lakin o, müəlliminin əleyhinə ifadə verməyib.
Bir müddət əvvəl isə mətbuatda Fəzail Ağamalının bu açıqlamasına zidd olan başqa bir ifadəsinin yer aldığı sənəd dərc edilmişdi. Həmin sənəddə yazılanların bir hissəsi “Azadlıq”ın ötən sayında dərc edilib. Oradan açıq-aydın görünür ki, Fəzail Ağamalı Elçibəyin əleyhinə ifadə verib.
Bu məsələyə münasibət bildirən Pənah Hüseyn isə “Əbülfəz Elçibəy bildirmişdi ki, Fəzail Ağamalıya belə ifadə verməyi o özü tapşırıb” deyə vurğulamışdı.