Keçmiş iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin səhhətində ciddi problemlər yaranıb. Bu barədə F.Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, sabiq millət vəkili Cəmil Həsənli məlumat verib.
C.Həsənli modern.az-a bildirib ki, son günlər sabiq nazir ürək çatışmazlığından əziyyət çəkir: “Fərhad Əliyevin səhhətində ciddi problemlər var. Artıq uzun müddətdir məhbus həyatı yaşayır. Baxmayaraq ki, Avropa Məhkəməsi onun qanunsuz həbs edilməsi haqda qətnamə qəbul etdi. Bu baxımdan Fərhad Əliyev həbsdən dərhal buraxılmalı olsa da hələ həbsxana şəraitində yaşayır. Fərhad Əliyev qan təzyiqi və ürək çatışmazlığından əziyyət çəkir”.
F.Əliyevin əfv olunması üçün prezidentə müraciət etməsi ilə bağlı suala cavabında C.Həsənli məsələ ilə bağlı məlumatsız olduğunu deyib: “Çoxdandır Fərhad Əliyevlə görüşmürəm, amma vəkilləri zaman-zaman onunla görüşür. Mən də vəkillərlə əlaqə saxlayıb məlumat alıram. Lakin Fərhad Əliyevin əfv olunması üçün prezidentə müraciət etməsi birbaşa onun özünün səlahiyyətində olan məsələdir. Deyə bilmərəm ki, o, belə addım atacaq, yoxsa yox”.
Bu arada məlum olub ki, hökumət F.Əliyevin qardaşı, “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevə 32 min avro təzminat ödəməli olsa da bunu etmir.
Bu xəbəri modern.az-a R.Əliyevin vəkili Muxtar Mustafayev verib. O deyib ki, Avropa Məhkəməsinin bununla bağlı qərarı martda qüvvəyə minib və təzminatın ödənilməsinə 3 ay vaxt verilib: “Lakin hələ də bizdə təzminatın ödənməsi barədə məlumat yoxdur. Rafiq Əliyevin qardaşı ilə əlaqə saxladım. O da bu haqda yeniliyin olmadığını dedi”.
Fərhad Əliyev 2005-ci il, oktyabrın 19-da parlament seçkiləri ərəfəsində siyasi hakimiyyəti devirməyə cəhddə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 2005-ci ilin oktyabrında saxlanılan Rafiq Əliyev isə vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.


