Obama-Putin, Ərdoğan-Putin görüşündə bu ölkədə baş verənlər və zorakılığın dayandırılması yolları axtarılıb
Meksikada keçirilən “Böyük İyirmilik” (G-20) sammiti ərəfəsində dünya liderləri arasında təkbətək görüşlər baş tutub. ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu Suriyadakı hadisələr olub. Bu ölkədəki zorakılığın dərhal dayandırılmasına çağırış edən hər iki lider Suriyada vətəndaş müharibəsinin qarşısının alınması üçün siyasi prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Rusiya və ABŞ münasibətlərinin gərgin olduğu dövrə təasadüf edən görüşdə Putin Suriya məsələsi ətrafında müzakirələrin davam edəcəyini bildirib. Rusiya prezidenti Suriyadakı böhranın aradan qaldırılması istiqamətində amerikalı həmkarıyla uzlaşdıqlarını söyləyib. İranın beynəlxalq öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayan liderlər NATO-nun Avropada yerləşdirmək istədiyi Raket Əleyhinə Müdafiə sistemləriylə bağlı müzakirələrin davam etdirilməsi haqda da razılıq əldə ediblər.
Putin Obamadan əlavə G-20 zirvəsinə yollanan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla da görüşüb. Ərdoğan-Putin görüşünün də əsas müzakirə mövzusu Suriya olub. Görüş Putinin yenidən Rusiya prezidenti seçilməsindən sonra Ərdoğanla reallaşdırdığı ilk görüş olması baxımından da əhəmiyyət daşıyırdı. Müzakirələr zamanı Suriyada zorakılığın dayandırılması,
Bəşər Əsəd rejiminin və müxalifətin razılıq əldə etməsi məsələləriylə yanaşı Rusiya-Türkiyə əlaqələri də müzakirə olunub.
azadliq.info