Fuad Ağayev: “Son dəyişikliklərlə korrupsiyaya şərait yaradırlar”
Son günlərin ən aktual mövzularından biri “Informasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişikliklərdir. Vətəndaş cəmiyyətinin ayrı-ayrı üzvləri bu dəyişikliklərin ölkədə qeyri-şəffaflığın, korrupsiyanın və mütəşəkkil cinayətkarlağın inkişafına necə xidmət göstərdiyinə dair ictimai müzakirələr keçirirlər. Bu müzakirələrdə əsas vurğu ondan ibarət olur ki, məlum qanunlara edilən dəyişikliklər Azərbaycanı ofşor zonaya çevirəcək. Üstəlik, son dəyişikliyə əsasən hüquqi şəxslərin təsisçilərinin gizli saxlanılması informasiyalara əlçatanlığın qarşısını almaqla yanaşı, korrupsiya və cinayət əməllərinin gizlədilməsinə xidmət edəcək.
Hüquqşünas Fuad Ağayev hesab edir ki, parlament adıçəkilən qanunlara məlum dəyişiklikləri qəbul etməklə korrupsiyaya şərait yaratmış olub: “Azərbaycan korrupsiya ilə mübarizə ilə bağlı bir sıra beynəlxalq sənədlərin, müqavilələrin və konvensiyaların iştirakçısıdır. Ölkənin üzərinə götürdüyü öhdəliklər sırasında həm də korrupsiyanın qarşısının alınmasına yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi də var. Amma Milli Məclisin ”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara dəyişiklik etməsi onu göstərir ki, Azərbaycan həmin öhdəliyi nəinki həyata keçirmir, əksinə korrupsiyaya şərait yaradılmasına kömək edəcək addımlar atır”.
F.Ağayevin sözlərinə görə, demokratiya baxımından inkişafı şübhə doğuran ölkələrdə belə, bu cür hallara çox nadir hallarda rast gəlmək olar: “Azərbaycanın tətbiq etdiyi bu qadağa onu faktiki olaraq bir çox ofşor zonalara yaxınlaşdırır. Halbuki hətta ofşor zonalar qarşısında da tələblər qoyulur ki, hansısa şirkətlərin təsisçiləri, payları haqqında məlumatlar açıq olmalıdır. Ən azı, ona görə ki, həmin şirkətlərlə əlaqə saxlayan şəxslər onların arxasında hansı əmlakın, hansı səhmlərin olduğunu bilsinlər. Bu, həmin şəxslərlə əlaqə qurmağın nə dərəcədə etibarlı olduğunu müəyyən etmək üçündür. Amma Azərbaycanda növbəti dəfə analoqu olmayan mənzərə ilə rastlaşmışıq”.
Gültəkin