Fransa ¼-ə məğlubiyyətlə adladı
İyunun 19-da futbol üzrə Avropa Çempionatının qrup mərhələsində III turun son oyunları keçirilib. D qrupunda Fransa İsveçlə, İngiltərə isə “ev sahibi” Ukrayna ilə qarşılaşıb.
Komandalardan İsveç millisi hətta qalib gələcəyi halda belə qrupdan çıxmaq şansında olmayıb. Bununla belə İsveç oyunçuları rəqib qapısından 2 cavabsız top keçiriblər. 54-cü dəqiqədə İbrahimoviç, oyuna əlavə olunmuş dəqiqələrdə (90+1) isə Larson fərqlənib. Lakin Fransanın məğlub olması onun növbəti mərhələyə adlamasına mane olmayıb. Fransızların yolunu, belə demək olarsa, İngiltərə yığması açıb.
İngilislər Ukrayna millisinə növbəti mərhələyə adlamaq üçün vacib olan qələbə şansını tanımayıblar. Qarşılaşma əsasən Ukraynanın üstünlüyü şəraitində və aramsız hücumları ilə keçsə də, ingilislər müdafiədə dəqiq oynayıblar. Bir neçə əlverişli vəziyyətdə isə ukraynalı futbolçular imkandan yararlana bilməyiblər. Əvəzində İngiltərə yığması 48-ci dəqiqədə onların qapısına yol tapıb – Runi rəqib müdafiəçilərin və qapıçı Pyatovun buraxdığı səhvi qolla tamamlayıb. Qarşılaşma bu hesabla da başa çatıb. Ukrayna yığması məğlub olsa da, əzmkar oyun nümayiş etdirib.
Beləliklə, İngiltərə 7 xalla qrup brincisi, Fransa isə 4 xalla ikinci yeri tutmaqla ¼ finala vəsiqə qazanıblar.