Yasaqlarla yasasızlaşan Ilham Əliyev

Olduqca ilginc bir proses baş verməkdədir: demokratik dünya Ilham Əliyevi sıxdıqca o da demokratik jurnalistika başda olmaqla Azərbaycan demokratiyasını sıxışdırır. Onun “Informasiya əldə etmək haqqında” yeni qanunu demokratiya üzərinə yeni hücumu deməkdir. Sözsüz, böyük işlər üçün doğulmamış I.Əliyev bu qanunu özünün son illərdəki böyük uğurlarından saya bilər. Ancaq bizlər – demokratik jurnalistika yolçuları – bu qanunu I.Əliyevin böyük uğursuzluğunun başlanğıc qanunlarından sayırıq.
SSRI kimi yarımdünya, doğal resurslarla dopdolu bir ölkə yalanlarla, özü də çox güclü, çağına görə ən üstün ideologiya ilə yaraqlanmış bir ölkə vur-tut 70 il yaşaya bildi. Gerçək bir ideoloji qaynağı olmayan Heydər Əliyev yalanları ilə uzaqbaşı Ilham Əliyevədək gəlib çıxmaq olardı. Məmməd Əmin ideyaları iyrənc kampaniya gücünə arxa plana keçirilsə də, 28 May Respublika günündə belə, televiziya ekranlarına Heydər Əliyev yamağı vurulsa da! Məmməd Əmin demək çağ dışında bir fenomen deməkdir. Heydər Əliyev demək Ilham Əliyevsiz yoxluq deməkdir. Ilham Əliyev qanunları deməksə yoxluq qanunları deməkdir. Bu qanunlar da Heydər Əliyev qanunları kimi xalqa, xalqın yaşamına bağlı olmadığından ölü doğulmuş qanunlardır. Işləməyiblər, işləməyəcəklər.  
Yumurta boyda qiymət oyunu oynayan bir prezident FIL qanunlar çıxara bilər, ancaq onları gerçəkləşdirə bilməz. Demokratik dünyaya qarşı FIL qanunu çıxaran prezidentin özündə FIL gücü, FIL dözümü, FIL istənci (istənc – iradə) olmalıdır. Bunların biri də Ilham Əliyevdə yoxdur. Onun ölkədəki bütün televizyalara yiyələnmək gücü var, yiyələndiyi bütün televiziyaları onun yalana bürümək gücü var, di gəl, Əliyevlər ailəsinin çoxsaylı oğurluqlarını hamıdan gizlətməyə yetəcək gücü yoxdur. Onun Türkiyədə hansısa Ağbaş, Qarabaş, Alabaş televiziyasını böyük pullarla satın alıb qapatmaq gücü ola bilər, onun bir neçə Azərbaycan saatını susdurmaq-öldürmək gücü də ola bilər, ancaq o bilməlidir: ortada Ölməz-Yenilməz bir Azərbaycan var – ayrı-ayrı kimsələrə gücü çatsa da, Azərbaycana gücü çatmayacaq! Bilsin, bəlli bilsin!!   
Böyük Məmməd Əmin 23 aylıq bir ağalıq qurdu – Demokratik Ağalıq. O, Ağalıq qurdu, ancaq ağa olmadı. Heydər Əliyevin dönüklük, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq üzərində qurulmuş 45 illik hakimiyyəti ? ağalığı o 23 illik qızıl külçəsinin yanında saman çöpü yerindədir. O 23 aylıq dönəmdə yalnız bir xalqın – Azərbaycan xalqının deyil, bütün dünya demokratiyasının Özgürlük idealı var. Məmməd Əmin 23 aylıq bir hökumətlə Azərbaycanı sonsuz işıqlığa bürüdü. H.Əliyevin 45 illik hakimiyyəti Azərbaycanı 45 illik qaranlığa qatdı. I.Əliyevin yeni Qaranlıq Informasiya qanunu yalnız atadanqalma qaranlığa legitimlik-yaşarılıq qazandırmaq üçündür. Qazandıracaqmı? 21-ci yüzil, faktlardan göründüyü kimi, diktaturaların devrilmə yüzilliyidir, belə bir dönəmdə diktatura istəyində bulunan bir “gənc lider”dən nə etdiyini, niyə etdiyini soruşmazlar. Burada soruşulası nəsə yoxdur. Ən azı Səddamdan, Bin Əlidən, Qəzzafidən Mübarəkdən sonra…
Indi sırada AntiBəşərdir. Göründüyü kimi, proses çox ağır gedir. Sıra hələ Azərbaycana gəlib çatmayıb. Ancaq çatacaq, özü də tezliklə. Son iki ildə “gözü çıxan qardaşdan” dərs almaqla ölkədə gerçək demokratik reformalar aparmaq, Xalqla birgə böyük uğurlar qazanmaq olardı. Ancaq Xalqla birgə olmağın bir başlıca başlanğıcı var: Xalqdan olmalısan, Xalqın yanında olmalısan. Xalqdan olmayanda, Xalqın yanında olmayanda ortaya indiki sayaq QAÇQIN-KÖÇGÜN-DIDƏRGIN prezident faktı çıxır: bir gün Rusiyanın, bir gün Türkiyənin, bir gün Iranın, bir gün Israilin yanında…