TQDK-nın son testi, qalır Misirə yeni səfir təyinatı!

Bu test TQDK-dan “şübhələnməyə” əsas verir…
TQDK son on beş ilin ən ədalətli (!) test imtahanını keçirdi. Imtahanın keçirilməsinə ehtiyac belə yox idi, orta təhsilin bərbad gündə olması gün kimi aydın idi. Bu, birbaşa təhsil naziri Misir Mərdanova yönəlsə də, alınan dəhşətli sonuclara Ilham Əliyev hakimiyyətinin təhsilə olan münasibəti kimi baxmaq lazımdır. Və burada Misir Mərdanovun gücünü də etiraf etmək gərəkdir, onu vəzifəsindən kənarlaşdırmaq üçün iqtidar hətta özünü ifşa etməkdən belə çəkinmədi…
Beləliklə, 1969-80-ci illərin sonunda rüşvətə bulaşmış təhsilin son on beş ildə fəsadlarını yaxın 50 ilə də aradan qaldırmayacağımız şəkildə eybəcərləşdirildiyi məlum oldu. Bu, milli faciədir, siyasi sistemin xalqımıza vurduğu ən ağır zərbədir.
Yuxarı sinif şagirdlərinin 82 faizi (?) “2″ və ”3″ qiymətlər aldı. Bu haqda yəqin ki, “başbilənlər” susacaqlar. Təhsildəki, ümummilli inkişaf haqda sayıqlamalar yəqin ki, bir az ara verəcək. Hazırda elə bir iqtidar rəsmisi yoxdur ki, özünün və yaxud ailə üzvlərinindən birinin təhsillə əlaqəsi olmasın…  
…Mən Dubay filialı (!) açmaq qədər cürətə sahib, hazırda bağlanmış ABU-nun koridorlarını xatırlayıram, başdan-başa burada dərs deyən iqtidar rəsmilərinin portretləri ilə bəzədilmişdi, sanki muzeyi xatırladırdı. ABU bağlandı və bu ali məktəbi ilk olaraq, oradan “dolya” (maaş şəklində – Ə.X.) alan məqam sahibləri topa tutdular. Çünki artıq onların şəkilləri koridorlardan çoxdan yığışdırılmışdı.
Alınlarına direktor yazılanlar      
Misir müəllimin direktorlarının əksəriyyəti iqtidar rəsmilərinin qohum-əqrabalarıdır. Onların adlarını sadalasam, gərək başqa heç nə yazmayam. YAP rəsmisinin qoca qardaşı, nazirin bacısı qızı, deputatın bacısı qızı, komitə sədrinin qızı, icra başçılarının xanımları, generalın qardaşı qızı, hörmətli ahıllarımızın əski katibələri(!) və s.
Rayon təhsil şöbə sədrləri arasında isə, “kənar” şəxsləri barmaqla saymaq olar. Hərəsi bir məmurun ya qardaşıdır, ya bacısı, ya da əmioğlusu və qudası….
Bu insanların hər biri başçılıq etdiyi sahəyə şəxsi obyektləri kimi baxırlar. Faktiki olaraq Misir Mərdanova tabe deyillər. Onların hamısının təhsil haqqında yalnız bir təsəvvürü var – “necə edim ki, daha çox pul qazanım”. Bunun üçün nələr fikirləşmirlər – fond pulu, süpürgə pulu, təbaşir pulu, təmizlik(?) pulu, dünya uşaqlarına yardım pulu, qayıb pulu, jurnal pulu, kanalizasiya pulu, asılqan pulu… saymaqla bitməz…
Təxminən 20 ilə yaxındır ki, valideynlər ibtidai sinif müəllimlərinə eyni xahişi edirlər – “Müəllimə, sən allah, pul və hədiyyə barədə körpə uşaqlara heç nə deməyin, nə lazımdır bizə deyin”.
Zavallı valideynlər, bununla sanki, uşaqlarını qorumaq istəyirlər ki, cəmiyyətdəki eybəcərliklərdən mümkün qədər gec xəbər tutsunlar, razılaşın ki, faciədir, deyilmi?
Məleykə Abbaszadə üçün bizim “test”
Hazırda iqtidar TQDK sədri Məleykə Abbaszadənin “əli ilə” bizə bunu sırımağa çalışır ki, məhz Misir Mərdanov təhsilimizi bu günə salıb, o getsə, hər şey düzələcək. Əqraba direktorlar isə, dönüb mələyə çevriləcəklər.
Məleykə xanımın nəzərinə bir şeyi çatdırmağı özümə borc bilirəm. Hazırda ölkənin ən bərkgedən ali məktəblərinin önündə dayanan tələbələrə məxsus qiyməti yüz min dollarla ölçülən maşınlar zibil(!) kimidir. Əgər TQDK qəbulu ədalətlə aparırsa, bunu nə ilə izah etmək olar? Mən hətta asan olsun deyə, bu sualı test halına salıb Məleykə xanıma ünvanlayıram:
a) Bütün məmur balaları vunderkinddir;
b) 1969-80-ci illərdəki “uğurlu” təhsilimizin davamıdır;
c) TQDK həmin tələbələrə bahalı maşın hədiyyə edir;
d) TQDK-da işləyənlərin də balası var;
e) Günah təhsil naziri Misir Mərdanovdadır.
Axırınıcı variantı qəbul etmək, razılaşın ki, Krılovun canavarını təmizə çıxarmaqdı. Onsuz da həqiqət hamıya aydındır. Nə bizi, nə özünüzü aldadın, “işiniz”də olun…
Çox güman ki, nazir vəzifəsindən uzaqlaşdırılacaq və ehtimal edilir ki, səfir göndəriləcək. Icra başçılarını təyin edən şöbənin müdiri Nağdəliyev olan ölkədə Misir adlı səfir olacaqsa, onun Misirə göndərilməsi, razılaşın ki, simvolik olardı…