Rusiya Qəbələ RLS-dən çıxmağa başlayır

Oradakı rusiyalı zabitlərdən ailələrini iyulun 1-dən köçürmək istənilib

Qəbələ RLS-in fəaliyyətini təmin edən Rusiya hərbi hissəsi iyulun 1-dən məhdud rejimə keçirilir. Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Rusiyanın Müdafiə Nazirliyindəki mənbə bildirib ki, Qəbələdə xidmət edən zabitlərdən xahiş olunub ki, ailə uzvlərini, valideynlərini və digər qohumlarını iyulun 1-dək Azərbaycandan çıxarsınlar.
Hərbi şəhərcikdə hospital bağlanıb, məktəb və uşaq bağçasının bağlanmasına hazırlıq gedir. Lakin hərbçilər getməyə yerlərinin olmamasından şikayətlənirlər. Belə ki, çoxlarının Rusiyada mənzili yoxdur. Eyni zamanda hissə komandanlığı bildirir ki, hərbi hissənin buraxılması zamanı zabitlər və onların ailə üzvləri mənzillə təmin olunacaq.
Qəbələ RLS Azərbaycanın mülkiyyətidir. Onun icarə müddəti 2012-ci ilin dekabrında bitir. İcarə müddətini uzatmaq üçün tərəflər bu müddət başa çatmazdan yarım il əvvəl icarə haqqı barədə razılığa gəlməlidir.
Bu stansiyanın köməyi ilə Rusiya Orta Asiya, Hindistan üzərində məkanı “görür”. İcarə müddəti uzadılmasa, stansiyaya xidmət göstərən hərbi hissə ya buraxılacaq ya da başqa yerə köçürüləcək.
Qeyri-müəyyənliyə səbəb icarə haqqı ilə bağlı ziddiyyətlərin olmasıdır. Rusiya Azərbaycanın istədiyi 300 mln. dolları ödəməkdən imtina edir və qiyməti əvvəlki səviyyədə – ildə 7 mln. dollar həcmində saxlamaq istəyir.
Moskva bildirir ki, 300 mln. dollara “Voronej” tipli iki yeni stansiya tikmək olar, nəinki Qəbələyə görə icarə haqı ödəmək.
Ötən həftə Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi general-mayor İqor Protopopov Qəbələyə gəlib. O, hərbi hissədəki vəziyyətlə tanış olacaq və komandanlığın fikrini öyrənəcək. Bundan əlavə, iyunun sonunadək RF hökuməti səviyyəsində müşavirə olmalıdır. Müşavirədə stansiyanın taleyi ilə bağlı qərar qəbul ediləcək.
Bu gün Bakı və Moskva başa düşür ki, məsələ yalnız birinci şəxslərin səviyyəsində həll oluna bilər. Rusiya 300 mln. manat ödəməyəcək, lakin stansiyanı saxlamaq üçün Bakıya elə təklif vermək lazımdr ki, bundan imtina etməsin. Üstəlik, təklif kifayət qədər cəlbedici olmalıdır, RLS-in Ermənistana köçürülməsi ilə bağlı hədələr səviyyəsində yox. (Turan)