ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı yeni təkliflər…
Dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Parisdə bir araya gəliblər. Yerli media onların görüşəcəyi xəbərini bir neçə gün öncə regionda səfərdə olmuş ABŞ-ın dövlət katibi Hillari Klintondan almışdı. Hillari Klinton demişdi ki, Paris görüşündə tərəflərə münaqişənin həllinə dair yeni yanaşma təklif olunacaq.
Görüşdən dərhal sonra ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıblar. Bəyanatda bildirilir ki, görüş zamanı həmsədrlər son vaxtlar cəbhə xəttində baş verən insidentlərdən dərin narahatlıq bildiriblər, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə hörmət etməyin vacibliyini vurğulayıblar. Öz növbəsində xarici işlər nazirləri də münaqişənin dinc yolla həllinə nail olmaq istiqamətində həmsədrlərlə işləmək əzmində olduqlarını, danışıqlar mühitini yaxşılaşdırmaq üçün inam yaratmaq tədbirləri həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Bəyanatda o da bildirilir ki, görüş pozitiv, konstruktiv şəraitdə keçib. Növbəti addım kimi, Minsk Qrupu həmsədrləri gələn həftələrdə regiona səfər edəcəklərini bildiriblər.
Nazirlərlə görüşdə Minsk Qrupunun həmsədrlərilə yanaşı, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasperşik də iştirak edib. Bu arada, ABŞ-ın Ermənistandakı səfiri Cohn Heffern “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Paris görüşündə tərəflərə mövqeləri yaxınlaşdırmaq üçün bəzi yeni ideyalar verilib: “Biz Qarabağ problemi ətrafında danışıqların davam etməsini istəyirik. Şadam kim xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşürlər. Onların müzakirələri davam etdirmələri çox vacibdir. Biz bütün tərəfləri danışıqlar masası arxasında saxlamaq istəyirik, bu son dərəcə vacibdir. Danışıqların davam etməsinin məqsədi də Qarabağ probleminin həllinə bir çarə tapmaqdır”.
Amma səfir ölkəsinin yeni ideyaları haqqında məlumat verməyib. Bildirib ki, bu sualı Minsk Qrupunun həmsədrləri cavablandıra bilərlər.